AZ

Bakıda taksilər niyə yoxa çıxır? – Şikayətçi sürücülər

Son günlər paytaxt Bakıda taksi tapmaq demək olar ki, qeyri-mümkündür. Sanki şəhərdə taksilər yoxa çıxıb. Halbuki ölkədə taksi fəaliyyəti ilə məşğul olan çox sayda şirkət var. Lent.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə də şikayətlər artmağa başlayıb. Qeyd olunub ki, bəzən sifariş edilən taksiləri yarım saatdan çox gözləməli olursan. Ucuz qiymətə xidmət göstərən taksiləri isə tapmaq mümkün olmur. Ünvana çatmaqda çətinlik çəkən vətəndaşlar bu durumdan çaş-baş qalıblar.

Maraqlıdır, taksilər hara yoxa çıxıb?

Ekspertlərin fikrincə isə, taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi qərarlar qəbul olunub və “Avtomobil nəqliyyatı haqqında” Qanuna edilən dəyişikliklərdən sonra bütün bu baş verənlər gözlənilən idi.

Bəs, Nazirlər Kabinetinin yeni qərarında nə var?

1. Buraxılış ili 15-i keçən avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcək.

2. Avtomobilin istehsal tarixi 8 ildən az olmalıdır ki, sahibi taksi fəaliyyətinə icazə ala bilsin.   Çünki qanunvericiliyə görə, taksilər üçün buraxılış kartı 7 il müddətinə verilir.

3. Taksilər üçün yalnız iki rəng - qırmızı və ağ rənglər tətbiq olunacaq. Ancaq bu, yeni avtomobillərə aiddir, hazırkı taksi avtomobilləri olduğu kimi qala bilər.

4. Taksilərin salonunda videokameralar olmalıdır.

5. Taksilərdə nağdsız ödəniş üçün POS-terminal, taksometr və ya dijital ödəniş vasitəsi - mobil telefon proqramı olmalıdır.

6. Taksi sürücüləri buraxılış vəsiqəsi, buraxılış kartı və şəhadətnamə almalıdır.

Daha ucuz qiymətə xidmət göstərən taksiləri günün pik saatlarında tapmaq qeyri-mümkündür. Rəqib şirkətin taksilərində isə sürücü olsa da, qiymət cibə uyğun deyil. Sürücülərə isə ən yüksək qiymət təklif edən şirkətlə çalışmaq sərf edir.

Məsələ ilə bağlı nəqliyyat üzrə eksperti bildirib ki, taksilərin sayının azalması tələb və təklif qarşısında müəyyən say etibarının da azalmasına gətirib çıxardır. Onun sözlərinə görə, nəqliyyat vasitələri bundan sonra xüsusi qaydaların tətbiqi çərçivəsində fəaliyyət göstərəcəklər:

“Müvafiq qaydalara uyğun olaraq, nəqliyyat vasitələrinin istehsal ilinə diqqət yetirilməsi və daha rentabelli olması əsas şərtlərdən biridir”.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov isə bildirir ki, taksilərin sayının azalması şəhərdə mühitinin sağlamlaşması baxımından vacib olsa da, bu islahatları həyata keçirərkən bütün ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsi vacibdir. O qeyd edir ki, hazırda ölkəmizdə fəaliyyət göstərən taksilər 2 qrupa bölünür:

“Söhbət yalnız Bakıdan yox, Azərbaycandan gedir. Biri ənənəvi taksilərdir, digəri isə taksi sifarişi operatorları üzərindən fəaliyyət göstərənlərdir. Ənənəvi taksilərdə illər öncə olduğu kimi, qiymətlərin dəyişməsi ilə bağlı məlumat yoxdur. Amma taksi sifarişi operatorlarında qiymətlərin artması ilə bağlı məlumatlar olsa da, bunlar rəsmi deyil”.

Qiymətlərin bahalaşması da bir neçə səbəblə əsaslandırılır. Taksi xidməti göstərən avtomobillərin sayının kəskin azalması, Nazirlər Kabinetinin iyunun 1-ə verdiyi qərar və daha nələr-nələr...

Elə taksi fəaliyyətinə qadağa qoyulması ilə əlaqədar bir çox sahibkar köhnə avtomobillərini kütləvi şəkildə satışa çıxarıb. Digər bir səbəb isə odur ki, taksi operatorları 2007-ci və ondan aşağı ildə istehsal olunan avtomobilləri artıq reklamlı avtomobillər kimi qəbul etmir. Belə olan halda isə sahibkarlar həmin avtomobilləri satışa qoyur.

Bütün bu amillər öz növbəsində paytaxtda taksilərin sayının azalmasına səbəb olur.

Bəs, sürücülər bu barədə nə düşünür?

Paytaxtda taksi xidməti sahəsində fəaliyyət göstərən sürücülər arasında sorğu keçirmişik.

Sürücü Teymur Dadaşov bundan sonra taksi xidməti sahəsində fəaliyyət göstərə bilməyəcəyini bildirib:

“Yeni qərara uyğun olaraq demək olar ki, sürücülərin yarısı işdən çıxıb. Ona görə də taksi tapılmır”.

Sürücü Elsevər Mustafayev isə bu məsələni taksi şirkətləri ilə əlaqələndirir:

“Taksi şirkətlərinin əksəriyyəti maaşı vaxtında vermir. Bəziləri üçün də belə işləmək sərf etmir”.

Sürücü Orxan Əliyevin sözlərinə görə, gediş haqqı ucuz olduğunu görə, bəzən gələn sifarişdən imtina edilir:

“Buna görə də taksi sifariş verdikdə vətəndaşlar bir xeyli gözləməli olur”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
244
6
avtosfer.az

10Mənbələr