AZ

Aqrar sığorta fəaliyyəti üzrə sertifikat imtahanına qeydiyyat aparılır

Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün Aqrar Sığorta Fondunun keçirdiyi təlimləri müvəffəqiyyətlə başa vurmuş şəxslərin müvafiq müstəqil ekspert sertifikatı növü üzrə test imtahanına qeydiyyatı başlanıb.

Bu barədə "İki sahil"ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, qeydiyyat mayın 14-dən iyunun 8-i saat 10:00-dək davam edəcək. İmtahan iyunun 23-də DİM-in Binəqədi rayonu Süleyman Sani Axundov və Əhməd Rəcəbli küçələrinin kəsişməsində (TÜRKPA-nın yanı) yerləşən elektron imtahanlar korpusunda keçiriləcək.

İmtahan vermək istəyənlər DİM-in internet saytında (http://ekabinet.dim.gov.az) “Şəxsi kabinet” yaratmalı, “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanına onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Aqrar sığorta fəaliyyəti üzrə sertifikat imtahanında iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak üçün tələb olunan 94.40 AZN (ƏDV daxil olmaqla) məbləğində pul vəsaitini əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

İmtahan Aqrar Sığorta Fondu tərəfindən təşkil olunmuş təlim proqramına dair açıq və qapalı tipli test tapşırıqlarını əhatə edir. Toplanılması mümkün olan ümumi (maksimal) bal 60-dır. 36 və daha yüksək bal toplamış namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilirlər və onlara aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatının müvafiq növü verilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
309
6
ikisahil.az

8Mənbələr