AZ

COP29 - Azərbaycan ən yaxşı nəticələrə inanır

Pərvanə SULTANOVA [email protected]


Bu gün iqlim dəyişikliyinin yaratdığı fəsadların aradan qaldırılması qlobal aləm üçün əsas məsələlərdən birinə çevrilib. Bu mövzu beynəlxalq müstəvidə aktiv müzakirə olunur, həll yolları araşdırılır, müxtəlif addımlar atılır. Məlumdur ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) bu məsələdə xüsusi rola malikdir. Qlobal iqlim dəyişikliyi ilə mübarizədə davamlı addımlar atmaq, həll yolları tapmaq üçün hər il bu tədbir müxtəlif ölkələrdə baş tutur. COP dünyada ən mötəbər və ən mühüm tədbirlərdən biri hesab olunur. Bu, vacib problemi əhatə etməklə yanaşı, həm də iştirakçılıq sayına, böyük marağa görə fərqlənir. Belə ki, COP-un işinə 100 minə yaxın insan qatılır.

Bu il isə bu tədbirə Azərbaycan ev sahibliyi edir. Artıq Bakı bu istiqamətdə aktiv işləyir, müxtəlif müzakirələr, təqdimatlar keçirilir, hazırlıq işləri yüksək səviyyədə aparılır. Dünya ölkələrinin liderləri COP29-a dəvət olunurlar.

Azərbaycan Prezidenti İlham Əliyev mayın 2-də BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hartı qəbul zamanı bildirib ki, COP29-a hazırlıq məqsədilə bütün lazımi və zəruri işlər plana uyğun davam etdirilir. Azərbaycan beynəlxalq ictimaiyyətlə və təsisatlarla COP29-un substantiv məsələləri üzrə danışıqlar və məsləhətləşmələr aparır.

Prezident bildirib ki, Azərbaycanın məqsədi dünya ölkələri arasında iqlim dəyişmələri mövzusunda həmrəyliyin və birgə fəaliyyətin gücləndirilməsidir. Bütün dünya ölkələri, o cümlədən, Azərbaycan iqlim dəyişmələrinin mənfi təsirlərinə və fəsadlarına məruz qalıb. Belə ki, artıq son yeddi ildə Azərbaycanda quraqlıq müşahidə olunub, yağıntının miqdarı əhəmiyyətli dərəcədə azalıb. Bu il yağıntının miqdarının artması prosesi baş versə də, bütövlükdə Azərbaycan bundan əziyyət çəkir. Xəzər dənizinin suyunun çəkilməsi prosesi müşahidə olunur və bu da ciddi narahatlıq doğuran məqamdır.

Dövlət başçısının sözlərinə görə, Azərbaycan müsbət nümunəsi və yaşıl gündəliyi ilə iqlim dəyişmələri proseslərinə və iqlim fəaliyyətinə öz töhfəsini verir. Belə ki, neft və qaz ixrac edən Azərbaycan bu sahədə əldə olunmuş gəlirləri ölkənin inkişafına sərf etməklə uğurlu inkişaf modeli nümayiş etdirir. Azərbaycanda yaşıl keçid qarşıya hədəf kimi qoyulub və ölkəmizdə beynəlxalq tərəfdaşların da iştirakı ilə ciddi yaşıl enerji ixrac potensialı yaradılır.

Məlumdur ki, zəngin təbii enerji resurslarına malik olan, Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rol oynayan Azərbaycan həm də iqlim dəyişikliyi ilə mübarizədə önə keçir, bərpaolunan enerji resurslarını inkişaf etdirməklə "yaşıl keçidi" sürətləndirir.

Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələrdəndir. Bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 qiqavat, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən, külək enerjisi üzrə 3000 meqavat, günəş enerjisi üzrə 23000 meqavat, bioenerji potensialı 380 meqavat, dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir.

Ölkəmizdə bərpaolunan enerji potensialından səmərəli istifadə edilməsi məqsədilə atılmış əsas addımlardan biri 2004-cü ildə "Azərbaycan Respublikasında alternativ və bərpaolunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nın qəbul edilməsi olub. Dövlət Proqramının qəbulu bərpaolunan enerji mənbələrinin istifadəsində əsaslı dəyişikliklərin həyata keçirilməsinə və ölkəmizin bu sahədəki potensialının dəyərləndirilməsinə geniş imkanlar yaradıb.

2020-ci ildə Səudiyyə Ərəbistanın "ACWA Power" və BƏƏ-nin "Masdar" şirkətləri ilə 240 meqavat gücündə külək və 230 meqavat gücündə günəş enerjisi üzrə pilot layihələrlə başlayan yaşıl enerji tərəfdaşlığının miqyası qısa müddətdə genişləndi. "Masdar", "ACWA Power", BP, "Fortescue Future Industries", "China Gezhouba Group Overseas Investment", "Total Energies", "Nobel Energy" və "A-Z Czech Engineering" şirkətləri ilə ümumi gücü 28 qiqavatdan çox layihələrə dair əməkdaşlıq sənədləri imzalandı. Bütün bunlar ölkəmizin yaşıl enerjiyə keçidə olan niyyətindən irəli gəlir.

Onu da qeyd edək ki, ötən ilin oktyabr ayında açılışı olan 230 meqavat gücündəki "Qaradağ" GES ölkəmizdə 225 milyon dollar məbləğində xarici investisiya hesabına inşa edilmiş ilk stansiyadır. Bu stansiya sayəsində enerji balansımıza ildə 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Həmçinin "Masdar" ilə 10 qiqavatadək həcmdə müqavilələr bağlanıb. İlkin mərhələdə quruda sənaye miqyaslı 1 qiqavat gücündə günəş və 1 qiqavat gücündə külək enerjisi, həmçinin 2 qiqavat gücündə dənizdə külək və inteqrə olunmuş yaşıl hidrogen istehsalı layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra Müqaviləsi imzalanıb. Bu çərçivədə Neftçalada 390 meqavatlıq günəş, Biləsuvarda 445 meqavat günəş və Qobustanda 200-300 meqavat gücündə külək elektrik stansiyalarının inşası nəzərdə tutulur.

Eyni zamanda, işğaldan azad edilən ərazilərdə də yarımstansiya və su elektrik stansiyaları istismara verilib. Bununla yanaşı, Prezident azad edilmiş əraziləri yaşıl enerji zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur.

Azərbaycanın bərpaolunan enerji istehsalı sahəsindəki fəaliyyəti, yaşıl enerji gündəliyi ölkəmizin bu məsələdə qətiyyətini göstərir.

Dövlət başçısı bununla bağlı deyib ki, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək.

Azərbaycan COP29-a təkcə ev sahibliyi etmir, həm də bu tədbirdən ən yaxşı nəticələri əldə etmək üçün çalışır. Prezident İlham Əliyevin dediyi kimi, bizim üçün COP29 çox böyük məsuliyyətdir. Burada söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir. Ölkəmizin beynəlxalq tədbirlərə uğurlu ev sahibliyini, irəli sürdüyü əhəmiyyətli təşəbbüsləri və onların reallaşmasını nəzərə alsaq, COP29 konfransı ilə bağlı da gözləntilərin doğrulacağına şübhə qalmır.

 























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
50
525.az

10Mənbələr