AZ

Azərbaycan-Bolqarıstan əməkdaşlığı şaxələndirilir - ŞƏRH

Bolqarıstan və Azərbaycan 2015-ci ildən bəri əməkdaşlıq əlaqələrini strateji tərəfdaş ölkələr olaraq inkişaf etdirirlər. Əlbəttə ki, bu əlqələrin ən yüksək səviyyədə formalaşmasına zəmin yaradan önəmli amillərdən biri iki ölkənin dövlət başçılarının müntəzəm etdikləri qarşılıqlı səfərlərdir. O cümlədən may ayının 8-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanmış mühüm sənədlər və ilk növbədə, “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə” qarşılıqlı münasibətlərin bundan sonra daha da dərinləşməsini təmin edəcək. Cənab Prezident İlham Əliyev Bolqarıstan Prezidentinin ölkəmizə səfəri ilə bağlı mətbuata verdiyi bəyanatda da qeyd etdi ki, ölkələrimiz arasında səmərəli siyasi dialoq mövcuddur. Əlbəttə ki, əməkdaşlığın əsas məqsədi daha yaxşı nəticələri əldə etməkdir və bu, özünü həm ticarət dövriyyəsinin artımında, həm də energetika sahəsindəki əməkdaşlıqda aydın şəkildə göstərir. Bu gün Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyi məsələsində oynadığı rolun önəmini artıran əsas amil təbii qaz təchizatı ilə bağlıdır. Bu baxımdan Azərbaycan qazının Bolqarıstana ixracının ildən-ilə artması da mühüm göstəricidir. İkinci bir tərəfdən də bu gün Azərbaycan qazını öz ərazisindən digər Avropa ölkələrinə nəql edən Bolqarıstan artıq bu istiqamətdə önəmli tranzit ölkəyə çevrilmişdir.

Bu gün Bolqarıstan ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin çox hissəsi enerji sektorunun payına düşür və bu, anlaşılandır. Çünki hazırda məhz enerji təhlükəsizliyi məsələsi Avropa ölkələrinin gündəliyində duran prioritet istiqamətlərdən biridir. Lakin bu vəziyyət həm də iki ölkə arasında ticarət, nəqliyyat, xüsusilə yükdaşımaları, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığı inkişaf etdirmək üçün geniş perspektivlər yaradır. Ölkələrimiz arasında yeni imzalanmış “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və “Bulgaria Air” Səhmdar Cəmiyyəti arasında kodpaylaşma Sazişi”, eləcə də “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Bolqarıstan Respublikasının İnnovasiya və İnkişaf Nazirliyi arasında texnoloji innovasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” belə deməyə əsas verir ki, həm Azərbaycan, həm də Bolqarıstan yaranmış imkanları maksimum dəyərləndirmək də tam qərarlıdırlar. Cənab Prezident İlham Əliyevin dediyi kimi, ölkələrimiz arasında strateji tərəfdaşlığın gücləndirilmiş versiyası rəsmən qəbul edilib və təsdiqlənib. Hazırda qarşıya qoyulmuş əsas məqsəd ikitərəfli əməkdaşlığı dərinləşdirmək, yeni məzmunla zənginləşdirmək və strateji tərəfdaş ölkələr kimi birgə səyləri artırmaqdan ibarətdir.

Gülər Sultanzadə

YAP Yasamal rayon təşkilatının üzvü

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
204
2
sesqazeti.az

3Mənbələr