AZ

Telefonda atası ilə danışmağa qorxan qız, təhsili əlindən alınan övlad... -Uşaq sığınacağından REPORTAJ

 Uşaqlar bizim gələcəyimizdir. Hər doğulan körpə yeni həyat, gələcəyə yeni ümid deməkdir. Bu körpələrin həsrətində olan cütlüklər qədər, onların dəyərini bilməyənlər də var.

Zorakılığa məruz qalan, zorla evləndirilən, cinsi istismar olunan, diləndirilən... - həyatda valideyn sarıdan bəxti gətirməyən belə uşaqların sayı-hesabı yoxdur. O uşaqların bir qismi Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində yaşayır. Elə Bakıvaxtı.az olaraq həmin uşaqların taleyi ilə maraqlanmaq məqsədilə adıçəkilən mərkəzə yollandıq.

... Hər dəfə bu binanın qarşısından keçəndə ordakı uşaqlarla tanış olmaq, dərd-sərləriylə maraqlanmaq keçib könlümdən. Qismət bu günəymiş...

Sığınacaqda bizi qarşılayan xanımlar uşaqların olduğu otağa aparır. Və qarşımızda o məsum körpələr… Bu sığınacağa sığınan günahsız uşaqlar…

Mən onlar seyr edirəm, onlar da məni. Gözlərindəki üzüntünü görməmək üçün kor olmaq lazımdır.

Elə bu dəm 5-6 yaşlı bir qız qaçaraq gəlib məni qucaqladı. Bərk-bərk qucaqladı... İçimdə üzüntü, sarsıntı, gücsüzlük hiss etdim, amma üzünə gülüb, başını sığalladım bu həyata ümidlə gülümsəyən qızın.

Mən ona nəsə deməyə cəsarət etmədim, amma o gözlərindəki işıqla gülümsəyib mənimlə danışmağa başladı:

- Sən nə qəşəngsən…

- Sən məndən də qəşəngsən…

Səsindəki məsumluq, içdənlik, paklıq indiyə qədər deyilən bütün xoş sözlərə bədəl idi.

Müəlliminin onu çağırması söhbətimizi yarımçıq qoydu. Balacaqla sağollaşıb sığınacağın rəhbəri Kəmalə Ağazadənin yanına gedirik. Bizim otağa girməyimizlə qapının döyülməyi bir olur. İşçilərdən biri içəri girir:

- Atası danışmaq istəyir.

- Danışdırın atası ilə.

Söhbətin səbəbkarı otağa çağırılır.

-Atan zəng edir, səninlə danışmaq istəyir. Qorxma. Heç nə edə bilməz. Nəsə olsa, “otboy” ver.

… Qızın gözlərində qorxu, toxunsan sanki saatlarla ağlayacaq vəziyyətdə olması mənə dərindən təsir etdi. Axı, qızlar atalarını arxalarındakı dağ kimi görürlər. Amma o qız qorxurdu. Bəli, atasının zəngindən belə qorxurdu…

Onlar gedəndən sonra Kəmalə xanıma söhbətlərinə şahidlik etdiyimi və qızın taleyini öyrənmək istədiyimi söylədim:

-Bu qızı zorla evləndirmək istəyiblər. Biz onunla, valideynləri ilə iş apardıqdan sonra göndərdik evlərinə. Amma bir müddət sonra yenidən qayıtdı.

Kəmalə xanım danışdıqca özümü o qızcığazın yerinə qoyurdum. Onun keçirdiyi hissləri əminəm ki, yaşamırdım, amma yaşamağa çalışırdım. O, izah etdikcə özünün də necə pis olduğunu, içinin əsəblə dolub-daşdığını anlaya bilirdim. Bəli… Bəlkə işi bu uşaqlardır.. Bəlkə illərdir belə talelər ilə işləyir… Amma heç vaxt buna öyrəşə bilməzdi.. Bir uşağın məhv olmuş həyatını sakit anlada bilməzdi.. Çünki o sığınacağa gələn hər bir uşaq həyatı əlindən alınmış, atılmış, həyatın sərt üzünə məruz qalmış günahsızlardır.

Söhbət əsnasında öyrəndik ki, bu sığınacağa 35 uşaq sığınıb. Hansı ki, onlardan çoxunu qızlar təşkil edir.

Kəmalə Ağazadə bu sığınacağın evlərində əzilən, zorakılığa məruz qalan, zorla evləndirilməyə çalışılan, təhsili əlindən alınan uşaqlar üçün bir şans, ümid yeri olduğunu deyərək, burda onların hər birinin içlərində gizli qalmış istedadlarını üzə çıxardıqlarını söyləyir.

Daha sonra mənə uşaqların əl işlərini göstərir. Hər biri o qədər gözəl, o qədər yaradıcı işlər idi ki… Öyrənirəm ki, bu işlər bir layihədir. Layihənin adı isə “İkinci nəfəs”dir. Bəli. Bu atılmış uşaqlar küçələrə atılan əşyalara “ikinci nəfəs” verir. Eyni bu sığınacağın onlara verdiyi yeni nəfəs, yeni ümid, yeni həyat kimi…

Yenidən uşaqların yanına qayıdırıq. Başları qarşıqdır. Bir-biri ilə oynayan kim, atılmış əşyalara yeni can verən kim..

Açığı, onlarla söhbət etmək istəsəm də edə bilmədim. Sanki verəcəyim hər bir sual onlara yaşadıqlarını xatırlatmaq, yaralarına duz basmaq olacaqdı. Sadəcə durdum baxdım. Həyatı sorğuladım.

Valideyn adına layiq olan ailələrin yanında çiçək açacaq bu uşaqların, öz valideynləri yanında susuz qalaraq solmağa məhkum edilməsi məni dərindən sarsıtdı.

Amma hər biri həyata o qədər bərk tutunublar ki, mən əminəm onlar da çiçək açacaq. Ən ətirli, ən gözəl çiçək həm də…

Həyatın acımasızlığını görən bu uşaqlar öz övladlarına çox gözəl ana, çox gözəl ata olacaqlar…

Onlarla sağollaşıb sığınacaqdan ayrıldım. Amma uzun müddət heç birinin simasının, baxışlarının yaddaşımdan çıxmayacağını bilirəm…

Mina Mikayılova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
190
3
bakivaxti.az

5Mənbələr