AZ

Xalqımız Ulu Öndər Heydər Əliyevi qəlbində əbədi yaşadır

Xalqımız

Bakı, 11 may, AZƏRTAC

Çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində Ümummilli Lider Heydər Əliyevin şəxsiyyəti, onun siyasi və idarəçilik fəaliyyəti müstəsna yer tutur. Xalqımız tarix boyu arzuladığı milli dövlətçilik amallarını məhz Heydər Əliyevin dövründə gerçəkləşdirərək dayanıqlı müstəqil Azərbaycan dövlətini qura bilib.

Bu fikirləri AZƏRTAC-açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Müasir Azərbaycan tarixinin mühüm bir hissəsinin Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirən deputat vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev dövlətçilik salnaməsində zəngin bir irs qoyub və həmin irsin öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaq. Heydər Əliyev irsinin heç zaman tükənməyəcəyini qeyd edən F.Yıldırım Heydər Əliyevin hər zaman azərbaycanlı olması ilə fəxr etdiyini, xalqın mənafeyini düşündüyünü deyib: “Dahi rəhbərin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" müdrik kəlamı dillər əzbəri olmuş, hər bir azərbaycanlının iftixarla səsləndirdiyi şüara çevrilib. Ümummilli Liderin 1969-1982-ci illərdəki əvəzsiz xidmətlərinə nəzər salanda bir daha aydın olur ki, Heydər Əliyev hələ o dövrdə respublikaya rəhbərlik etdiyi vaxtlarda ölkəmizdə qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsinə, strateji əhəmiyyətli sənaye və istehsal müəssisələrinin inşasına nail olmaqla Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə görə keçmiş İttifaq miqyasında ilk yerlərdən birini tutmasını təmin etmiş, müstəqilliyimizə zəmin yaradan uzaqgörən və müdrik addımlar atıb”.

Bütün dünyada nüfuzlu siyasi xadim kimi tanınan Heydər Əliyev Sovet İttifaqının rəhbərliyində təmsil olunmaqla öz fitri istedadı və şəxsi nüfuzu ilə orada da kəskin fərqlənmişdi. Heydər Əliyev görkəmli dövlət xadimi və müdrik siyasətçi kimi ən yüksək vəzifəyə çəkilməyə layiq bilinirdi. O, ilk azərbaycanlı idi ki, belə zirvəyə gəlib çıxaraq, xalqına möhtəşəm xidmətləri ilə Azərbaycanın güvənc yerinə və bütün Türk dünyasının fəxrinə çevrilib. Heydər Əliyev SSRİ rəhbərliyində olarkən Azərbaycan əleyhinə çirkin niyyətlərin həyata keçirilməsinin qeyri-mümkün olduğunu başa düşən məkrli qüvvələr onu vəzifədən uzaqlaşdırmağa çalışıblar. Ulu Öndər heç nəyə baxmayaraq, həmişə xalqının yanında olub və bununla fəxr edib.

“Azərbaycan xalqının çətin günlərində həmişə onun yanında olan Heydər Əliyev 1993-cü ilin yayında xalqın çağırışı ilə respublikaya rəhbərliyə qayıtdı. Xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etmək, müstəqil Azərbaycan dövlətini qurmaq missiyasına "ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" söyləməklə başlayan Heydər Əliyev nadir və iti dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə Azərbaycanda keçmiş sovetlər birliyindən miras qalmış rejim əvəzinə demokratik hüquqi dövlət yaratmağa müvəffəq oldu. Atəşkəsə nail olan dahi şəxsiyyət ölkənin iqtisadiyyatını dirçəltdi, Azərbaycanı tənəzzül etmiş dövlətdən inkişaf edən ölkəyə çevirdi. Respublikamızın beynəlxalq əlaqələrini möhkəmləndirərək gələcək inkişafa hesablanmış neçə-neçə layihələrin, xüsusilə uğurlu neft strategiyasının təməlini qoydu. Düşünülmüş xarici siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratdı. Azərbaycanın günbəgün beynəlxalq nüfuzu artmağa, iqtisadiyyatımızın müxtəlif sahələrinə külli miqdarda xarici sərmayələr yatırılmağa başlanıldı. Demokratik hüquqi dövlət quruculuğu prosesi də tam ictimai-siyasi sabitlik bərqərar olduqdan sonra həyata keçirildi. Ölkədə hüquqi dövləti qurmaq üçün, ilk növbədə, konstitusion rejim, mükəmməl hüquq sistemi, effektiv məhkəmə hakimiyyəti, hakimiyyətlər bölgüsü kimi prinsiplər yaradılmalı idi. Zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev isə hüquqi dövlətin Azərbaycan modelini ilk milli konstitusiyanı yaratmaqla gerçəkləşdirdi”, - deyə F.Yıldırım qeyd edib.

“Bu gün müstəqil Azərbaycan Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla, yeni zəfərlərlə addımlayır. Bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Xalqımız bu əsərin müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcək. Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da xalqımız öz tarixinin şanlı səhifələrini yazacaq, yeni-yeni zəfərlər qazanacaq”, - deyə deputat vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
164
5
azertag.az

6Mənbələr