AZ

Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır -ŞƏRH

Həm Azərbaycan xalqına, həm də bu bölgəyə maraq göstərənlərə bir daha demək istəyirəm ki, bizimlə hesablaşmadan burada bir addım da atılmamalıdır bundan sonra

Xəbər verildiyi kimi, Prezident  İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. Bu görüş çərçivəsində dövlətimizin başçısı  Şuşaya ilk köç edən ailələrə, daha doğrusu, 32 il yurd-yuvalarından perik düşmüş sakinlərə mənzillərinin açarlarını da təqdim edib. Sakinlər Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya minnətdarlıq ediblər. 
Bu möhtəşəm tarixi qayıdış münasibətilə sakinləri təbrik edən, onların yurd-yuvalarına qovuşmaları istiqamətində əlindən gələni əsirgəmədiyini vurğulayan dövlətimizin başçısı bildirib ki, bu məqsədə çatmaq naminə uzun, həm də çətin yol qət olunub. “Ancaq biz əmin idik, bilirdik ki, gün gələcək və biz öz doğma torpaqlarımıza qayıdacağıq” deyən Prezident İlham Əliyev bu prosesdə bir sıra amillərin mühüm rol oynadığını diqqətə çatdırıb: “Biz hazırlaşırdıq, ölkəmizi gücləndirirdik, iqtisadiyyatımızı gücləndirirdik, güclü ordu potensialı yaradırdıq. Ən önəmlisi gənc nəsli, - bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən, - yetişdirirdik və yetişdirdik. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar mənim əmrimlə 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər. Bugünkü günə görə biz onlara borcluyuq, şanlı Ordumuza borcluyuq, Silahlı Qüvvələrimizə borcluyuq, şəhidlərimizə, qazilərimizə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin”. Bununla da dövlətimizin başçısı haqq-ədalətin danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, yumruq kimi birləşərək döyüş meydanında bərpa etdiyimizi, eyni zamanda yüzlərlə görüşün keçirilməsinə baxmayaraq təzavüzkar ölkənin və onun havadarlarının ucbatında məsələnin dinc formada həllini tapmamasını bir daha diqqətə çatdırıb. 

Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki...

Prezident, həmçinin bildirib ki, ordumuz 2020-ci il noyabrın 8-də Şuşanı azad etməklə Ermənistanın belini qırıb: “Düşmən artıq anlamışdır ki, daha müqavimət göstərmək iqtidarında deyil və ondan sonra kapitulyasiya aktına imza atmışdır, faktiki olaraq təslim olmuşdur”. Qeyd edək ki, İkinci Qarabağ müharibəsinin gedişatı zamanı Prezident İlham Əliyev bir çox xarici media nümayəndələrinə müsahibələr verirdi. O, Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində müxbirin Şuşa ilə bağlı sualına cavabında bildirmişdi ki, mənim mövqeyim hər zaman belə olub ki, Şuşasız bizim işimiz yarımçıq olar. Bununla da dolayısı ilə Şuşanın işğaldan azad edilməsinin qarşıda duran hədəflər arasında xüsusi yer tutduğunu bildirmişdi.
Sözügedən görüşdə bu məsələdən söz açan dövlətimizin başçısı  vurğulayıb ki, ancaq müharibədəki planlarımızla bağlı mən təbii ki, heç bir şey deyə bilməzdim: “Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi”. “Antiterror əməliyyatı nəticəsində biz tarixi, əzəli torpaqlarımızı işğalçılardan azad etdik, bir daha dövlətimizin gücünü göstərdik, güclü siyasi iradəsini göstərdik” deyən dövlətimizin başçısı bununla da ata vəsiyyətini yerinə yetirdiyini və  Azərbaycanın öz dövlət suverenliyini tam bərpa etdiyini vurğulayıb.

Ermənilərlə əlbir olub bizim Zəfərimizi aşağılamaq, ona kölgə salmağa çalışırlar

Prezident çıxışında bir məqama da toxunub. O qeyd edib ki, Şuşa kimi şəhərin, digər şəhər və kəndlərimizin işğal altına düşməsinin səbəbi AXC-Müsavat cütlüyü olub. Onlar bu gün də öz əməllərindən çəkinmirlər: “Bizim Qələbəmizə bu günə qədər kölgə salmağa çalışırlar, ermənilərlə əlbir olub bizim Zəfərimizi aşağılamaq, ona kölgə salmağa çalışırlar. Məhz onların hakimiyyətə can atmaları dövründə və ovaxtkı hakimiyyətin satqın, qorxaq olması səbəbindən Şuşa işğal altına düşdü”. Amma 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdan Ulu Öndər işğal olunmuş ərazilərimizin azad edilməsi istiqamətdə əməli işlər görüb: “O vaxt - 1994-cü ildə əldə edilmiş atəşkəs məcburi bir addım idi və biz heç vaxt o atəşkəslə barışa bilməzdik, nə mənim atam, nə də mən. Onun ömrü bu günü görməyə çatmadı”.

Şuşa dirçəlir

2020-ci il noyabrın 8-də xalqa müraciətində dövlətimizin başçısı bildirmişdi ki,  biz Şuşanı dirçəldəcəyik. Bəli, artıq 4 ildir ki, bu şəhərdə abadlıq-quruculuq  geniş vüsət alıb. Özü də burada hər şey çox müfəssəl və dəqiq, ən müasir şəhərsalma qaydalarına uyğun planlar əsasında qurulur. Belə ki,  Füzuli şəhərindən Şuşaya qısa müddət ərzində Zəfər yolu çəkilib.Vaqifin məqbərəsi yenidən qurulub, Yuxarı Gövhər Ağa,  Saatlı, Mehmandarov məscidiləri, həmçinin Mehmandarovun evi bərpa edilib. Üzeyir Hacıbəylinin vəhşi düşmən tərəfindən dağıdılmış abidəsi, Vaqifin büstü yenidən öz yerinə qoyulub. Artıq burada dörd mehmanxana fəaliyyət göstərir. Onların içində ən böyük beşulduzlu Şuşa mehmanxanası bu gün Şuşanın müasir görkəmini əks etdirir. Bu il mayın 10-da Ulu Öndərin doğum günündə Prezident və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə bu şəhərdə inşa edilmiş birinci yaşayış kompleksinin,  Mamayı məscidinin və “Şirin su” hamamının bərpadan sonra açılışları keçirilib,  Şuşada üçüncü yaşayış kompleksinin, Turşsu qəsəbəsinin təməlləri qoyulub. Eyni zamanda Prezident Xankəndi-Şuşa-Laçın avtomobil yolunda, Aşağı Gövhər Ağa məscidində,  Üzeyir Hacıbəylinin ev-muzeyində,  Çöl Qala məscidində aparılan bərpa, həmçinin Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda aparılan işləri ilə tanış olub.  Şübhəsiz, bütün bunlar uzun illər ərzində ağır şəraitdə - çadırlarda, yataqxanalarda, uşaq bağçalarında, yararsız binalarda yaşamış insanlar üçündür:”Bir daha demək istəyirəm, biz azad edilmiş bütün torpaqlarda genişmiqyaslı proqramları icra edirik. Bu gün artıq Şuşa altıncı yaşayış yeridir ki, keçmiş köçkünlər buraya qayıdır. Bu gün, eyni zamanda, Laçının Sus kəndinə də keçmiş köçkünlərin qayıdışı nəzərdə tutulur və ilin sonuna qədər ən azı 20 yaşayış məntəqəsində artıq həyat bərpa ediləcək.

Delimitasiya, demarkasiya bizim şərtlərimiz əsasında həyata keçirilir

Bu gün Qazaxın 1990-cı və 1992-ci illərdə işğal edilmiş torpaqları bir güllə atılmadan ölkəmizə qaytarılmasını xüsusi vurğulayan Prezident deyib: “Delimitasiya, demarkasiya bizim şərtlərimiz əsasında həyata keçirilir və bu, bizim növbəti zəfərimizdir. Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik. Bizə müharibə lazım deyil, bizə torpaqlarımız lazım idi. Minsk qrupunun 28 ildəki fəaliyyəti Azərbaycan xalqına qarşı yönəldilmişdir. Onların yalançı vədləri və fəaliyyətsizliyi təsadüfi deyildi. Onlar məsələni həll etmək istəmirdilər. Onlar bu torpaqları ermənilərə vəd vermişdilər. Necə ki, sovet dövründə ermənipərəst Qorbaçov və ondan sonra Yeltsin bu torpaqları ermənilərə vəd vermişdilər və Fransa da., Amerika da, həmçinin. Bu gün də baxın bizə qarşı, kimlər, necə deyərlər əsas rol oynayırlar - Fransa və Amerika. Bunu açıq demək lazımdır, daha çox Fransa. Onlar da bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil”. 

Kimə zəng edəcək, lap 100 dəfə zəng etsin, nəticəsi nə olacaq?

Prezident revanş xəyalları ilə yaşayanlara mesaj da göndərib: “Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Hər halda hər kəs bilir ki, biz nəyə qadirik, Ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik. İkinci Qarabağ müharibəsindən sonra biz Ermənistana demişik ki, gəlin, sərhədi ədalətli müəyyən eləyək. Yox, istəmirsinizsə, onda biz deyəcəyik, harada istəyirik orada da sərhəd olacaq. Neyləyəcək, kimə zəng edəcək, lap 100 dəfə zəng etsin, nəticəsi nə olacaq? Həm Azərbaycan xalqına, həm də bu bölgəyə maraq göstərənlərə bir daha demək istəyirəm ki, bizimlə hesablaşmadan burada bir addım da atılmamalıdır bundan sonra. Əminəm ki, mənim sözümü eşidirlər, bilirlər mən nəyi deyirəmsə, onu da edirəm”.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
329
37
ikisahil.az

10Mənbələr