AZ

Latviyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə dəyirmi masa keçirilib

Bakı, 10 may, AZƏRTAC

Azərbaycanın Latviyadakı səfirliyinin təşkilatçılığı ilə Avropanın ən qədim kitabxanalarından hesab olunan Latviya Universitetinin Akademik Kitabxanasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş “Azərbaycan-Latviya münasibətlərinin qurulmasında və inkişafında Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki dəyirmi masanı giriş nitqi ilə Akademik Kitabxananın direktoru Venta Kotsere açaraq, tədbir iştirakçılarını salamlayıb. O, dünya şöhrətli dövlət xadimi və tarixi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünün məhz rəhbərlik etdiyi kitabxanada qeyd olunmasını yüksək qiymətləndirdiyini qeyd edib, Ulu Öndər Heydər Əliyevin Azərbaycan-Latviya əlaqələrinin qurulmasında tarixi rolunu vurğulayıb.

Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov çıxışında müasir müstəqil Azərbaycanın qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin əziz xatirəsinin dərin ehtiramla yad edildiyini bildirib. Diplomat Ulu Öndərin Azərbaycanın bütün sahələrdə tərəqqiyə nail olması, Azərbaycan dövlətçiliyinin qurulması və möhkəmlənməsi, milli kimliyin qorunub saxlanmasında tarixi xidmətlərindən bəhs edib. O, Ümummilli Liderin qətiyyətli mübarizəsi sayəsində Azərbaycan xalqının mürəkkəb tarixi və siyasi sınaqlardan uğurla çıxdığını vurğulayıb. Diplomat Ulu Öndərin misilsiz xidmətlərinin Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını bildirib.

Səfir 2024-cü ildə Azərbaycan və Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğunu bildirərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan-Latviya münasibətlərinin banisi olduğunu və ikitərəfli əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini deyib.

Sonra tədbirdə Latviya Seyminin Azərbaycan Parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun sədri Oleqs Burovs çıxış edərək, Heydər Əliyevin bütün həyatını Azərbaycan xalqına və dövlətçiliyin möhkəmlənməsinə həsr etdiyini bildirib. Deputat müasir və müstəqil Azərbaycanın Heydər Əliyevin yorulmaz fəaliyyətinin təntənəsi olduğunu və Azərbaycana səfər edərkən onun nailiyyətlərinin mirasını hər yerdə gördüyünü vurğulayıb. O.Burovs Ulu Öndərin əsasını qoyduğu milli inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində Azərbaycanın güclü dövlətə çevrildiyini və öz ərazi bütövlüyünü bərpa etdiyini bildirib. O, hazırda yüksək səviyyədə olan Azərbaycan-Latviya münasibətlərinin bünövrəsini vaxtilə Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb.

Daha sonra 2015-2019-ci illərdə Latviyanın Azərbaycandakı səfiri olmuş Yuris Maklakovs çıxış edib. O, ölkəmizdə çalışarkən güclü strateji baxışa malik olan dövlət lideri Heydər Əliyevin siyasi məharətlə Azərbaycanın tərəqqisi üçün gördüyü işlərin nəticələrini və xalqın öz Ümummilli Liderinə göstərdiyi dərin ehtiramın şahidi olduğunu vurğulayıb.

Tədbirin davamı olaraq Riqa şəhər Şurasının üzvü və Ulu Öndər Heydər Əliyevi şəxsən tanıyan Dainis Turlais çıxış edib. O, Heydər Əliyevin müstəsna qabiliyyətə malik böyük siyasi xadim olduğunu söyləyib və Azərbaycanın çətin vaxtında xalqın tələbi ilə ölkənin rəhbərliyinə gələn nadir liderlərdən olduğunu vurğulayıb. D.Turlais Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin güclü lider olduğunu diqqətə çatdırıb.

Tədbir zamanı Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinə həsr olunmuş sənədli videoçarx təqdim olunub. Daha sonra Azərbaycan və Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə tərtib olunmuş, ali və yüksək səviyyədə keçirilmiş səfərlər, görüşlər və imzalanmış ikitərəfli sənədləri əks etdirən fotoşəkillər nümayiş olunub.

Tədbirdə Latviya Parlamentinin üzvləri, diplomatik missiyaların rəhbərləri, akademik və ictimai dairələrin nümayəndələri, Latviyada yaşayan Azərbaycan icmasının üzvləri, eləcə də Latviyada təhsil alan tələbələr iştirak ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
408
50

1Mənbələr

Şərh ()
Bağla