AZ

"Neftçi"nin məşqçisi: "Burada qalsaq, bacaracağıq"

"Oyunu iki hissəyə bölmək olar. Birinci yarı bizim üçün yaxşı alındı, ikincisi ondan da yaxşı. Futbolçularımız xarakter göstərə bildilər. Birinci qoldan sonra “Neftçi”yə layiq tərzdə oynamağa başladıq".

Sportnet.az xəbər verir ki, bu sözləri "Neftçi"nin köməkçi məşqçisi Saşa Petroviç Premyer Liqanın XXXIV turunun "Kəpəz"lə görüşündən (5:1) sonra keçirilmiş mətbuat konfansında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb.

- Qeyd etdiniz ki, “Neftçi” futbolçuları bu gün xarakter göstərdilər. Bəs, komanda ötən turda uduzduğu görüşdə niyə həmin xarakteri göstərə bilmədi?

- Çətin sualdır. “Qarabağ”la oyun haqda onu deyə bilərəm ki, onlar yəqin, hazırda bizdən daha yaxşı komandadır. Dörd aydır burada çalışırıq. Yaınız bu mərhələdə müəyyən diaqnozları qoya bildik. İndi isə irəliyə baxa bilərik. Hansı istiqamətdə işləmək lazım olduğunu da anlayırıq. Yaxşı haldır ki, Ağadadaş Salyanski və Brayan Moreno qollarını vurdular. Bu da “Neftçi”nin gələcəyi üçün faydalıdır. “Qarabağ”la oyunu unutmalı, gələcəyə baxmalıyıq.

- Miodraq Bojoviçin yeri nə dərəcədə görünürdü? Sizə hansı təlimatlar verirdi?

- Bojoviçlə uzun müddətdir ki, birlikdə çalışırıq. Hər şey qaydasında idi. Nəticə də bunu əyani olaraq göstərir.

- Emin Mahmudov dörd oyundur zədə səbəbindən oynamır. Qarşıdakı iki həlledici görüşdə oynaya biləcək?

- Mahmudovun meydanda olmaması bizim üçün çətinlik yaradır, bu, əsl çatışmazlıqdır. Amma bu, daha çox baş məşqçiyə ünvanlanacaq sualdır. Komanda bu gün çox istəkli idi. Bizi qarşıda iki final gözləyir.

- İndiki “Neftçi”nin neçə faiz futbolçusunu dəyişmək lazımdır ki, “Qarabağ”a qarşı daha yaxşı oynayasınız?

- Çətin sualdır. Biz bu mərhələdə diaqnozu müəyyən edə bildik. İnanırıq ki, qalsaq, güclənmə prosesi davam edəcək. Qış “transfer pəncərəsi”ndə yaxşı oyunçuları buraxan komanda yoxdur. İnanırıq ki, növbəti mövsüm üçün komandaya daha da güclü oyunçular cəlb etmək imkanımız olacaq. Yens Anderson bu istiqamətdə işlərə başlayıb. Məsələyə nikbin baxıram.

- Lukas Melano haqda hansı fikirdəsiniz?

- Meydanda qısa müddət oldu. Ona görə də çox danışmaq çətindir. Amma Lukas yaxşı futbolçudur. Məşqlərdə ciddidir. Odur ki, Lukası da meydana buraxıb, şans vermək lazım idi.

- "Neftçi" azarkeşləri sosial şəbəkələrdə yazır ki, hazırkı komanda avrokuboklara getməsə, yaxşıdır. Siz necə düşünürsünüz, avrokuboklara vəsiqə qazansanız, normal komanda formalaşdırmaq üçün zamanınız olacaq?

- Məncə, bacaracağıq. Avrokuboklarda iştirak hər zaman təcrübə deməkdir.

- Avrokuboklara vəsiqə uğrunda əsas rəqibləriniz “Zirə", “Sabah” və “Sumqayıt”dır. Şansları necə dəyərləndirirsiniz?

- Mən ancaq öz komandam haqqında düşünürəm. Avrokuboklara vəsiqə qazanmaq üçün növbəti iki oyunda qələbə qazanmağı fikirləşirik. Digər rəqiblər barədə nəsə düşünmürəm.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
5
sportnet.az

9Mənbələr