AZ

NAYORA Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

Bakı, 10 may, AZƏRTAC

Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə bir sıra tədbirlər keçirilib.

NAYORA və Böyük Qayıdış Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Milli Məclisinin deputatı Məzahir Əfəndiyev və tərəfdaş olan gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin iştirakı etdiyi “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda görüş təşkil edilib. Görüşün əsas məqsədi Ulu Öndər Heydər Əliyevin ölkə gənclər siyasətinin əsasının qoyulmasında rolu, gənclərin milli ruhda yetişdirilmələri üçün atdığı addımlar, bunları nəzərə alaraq Azərbaycan gəncləri qarşısında duran mühüm vəzifələrlə bağlı gənclər təşkilatlarının nümayəndələri arasında məlumatlılığın artırılmasına yönəlib.

Bu barədə AZƏRTAC-a NAYORA-dan məlumat verilib.

Bildirilib ki, silsilə tədbirlər çərçivəsində mayın 9-da NAYORA və “Xəzər İntellektual Gənclər Klubu”nun birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə “Gənclər təşkilatlarının həmrəylik kuboku” intellektual oyunu keçirilib. Ümumilikdə 8 gənclər təşkilatından nümayəndələrin iştirak etdiyi intellektual yarışda komandalar Heydər Əliyev irsi, Azərbaycan tarixi, Vətən müharibəsi və ümumi dünyagörüşü ilə bağlı sualları cavablandırıblar.

NAYORA-ya üzv və tərəfdaş olan gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin iştirakı ilə “Azərbaycan Gəncliyi Ulu Öndər Heydər Əliyevin İZİ ilə” konfransı təşkil olunub. Konfransda çıxış edən gənclər təşkilatlarının nümayəndələri ölkəmizin müstəqil, hərtərəfli, dinamik inkişafında Ulu Öndər Heydər Əliyevin çoxşaxəli və misilsiz xidmətlərini vurğulayıblar. Onlar Ulu Öndərin layiqli siyasi davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətlə inkişaf etdiyini, dünyanın siyasi xəritəsində mövqeyinin daha da gücləndiyini və tariximizin qalibiyyətlərlə dolu şanlı səhifələrinin yazıldığını qeyd ediblər.

Ümummilli Liderin doğum gününə həsr olunmuş fəaliyyətlər sırasında “Heydər Əliyevin irsi və tövsiyələri” mövzusunda ideyatonun keçirilməsi də öz əksini tapıb. Gənclər təşkilatları əvvəlcə Ulu Öndərin müdrik siyasəti ilə bağlı seminarlarda iştirak edib, sonra komandalar formalaşdıraraq həmin irsin, təcrübənin ötürülməsini hədəfləyən müxtəlif layihələr üzərində müzakirələr nəticəsində müvafiq təkliflər hazırlayıblar. Tədbirin sonunda layihələr münsiflər tərəfindən qiymətləndirilib və layihəsi ən yüksək qiymətləndirilən komanda mükafatlandırılıblar.

Həmçinin yüzlərlə gəncin iştirakı ilə Fəxri xiyabana ziyarət təşkil olunub, Ulu Öndərin məzarı önünə gül dəstələri qoyulub, xatirəsi dərin ehtiramla anılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
205
4
azertag.az

5Mənbələr