AZ

Şuşaya viza yoxdur - Sosial şəbəkədə yazılanlar

İlkin Rüstəmzadə, "Nida" hərəkatının üzvü:

- Dünən Şuşadaydıq. Təbii, şəkil də paylaşdıq.

Altında 1-2 nəfər dostlardan başladı ki, viza elə gəldi, rasxod belə getdi. Baxıram, status yazanlar da var.

Mən yenə yaxşıyam, Kəramətə yazmışdılar ki, Ədalətin avtobusuynan getmisiz.

Əzizlərim, sizi aldadıblar. Şuşaya viza-zad yoxdur. Dostumuz Tural girib "Yolumuz Qarabağa" saytından sadəcə şəxsiyyət vəsiqəsi və avtomobilinin nömrəsilə vaxt bron elədi. Vəssəlam. Bizə də yazdı ki vəsiqələrinizi atın. Bu qədər bəsit. Artıq 1 ildir ki, belədi. İstəyən hər kəs gedə bilir.

Dünəndən azı 10 nəfərə kömək eləmişəm. "Asan Login"lə girirsiz, getmək istədiyiniz vaxtı seçirsiz, gedirsiz.

Ay viza, sənəd-sünəd, yoxdu vallah belə şey. Sizi aldadıblar. Məzələniblər.

Hə, məsələn, Xankəndiyə buraxmadılar bizi, dedilər mina təmizləmə işləri gedir, ancaq orada iş görənlər gedə bilər, ya da xüsusi icazə. Amma Şuşada, Ağdamda, Laçında yoxdur elə şey. Girin sayta, vaxt seçin, şəxsi maşınınızla gedin.

Yox, Allahın saytına girib vaxt bron eləyəcək qədər bacarığınız yoxdursa, gəlib şər atmayın.

 

Asif Nərimanlı, jurnalist:

- Nikol Paşinyan Ermənistanın İctimai televiziyasına müsahibəsində Qazaxın 4 kəndini niyə qaytardıqlarını erməni ictimai rəyinə izah etməyə çalışıb. Bu, həm də Ermənistanın sərhədlə bağlı planını anlamağa imkan verir.

Nikolun dedikləri Ermənistanın 4 kəndi iki məqsəd üçün qaytardığını ortaya çıxarır:

Birincisi, bu kəndləri qaytarmaqla Azərbaycanın Alma-Ata bəyannaməsindən yayınmasının qarşısını alırlar;

İkincisi, sərhədin delimitasiya-demarkasiya prosesinin Alma-Ata bəyannaməsinə uyğun aparılmasını praktiki müstəviyə keçirirlər;

Erməni Baş nazir "Azərbaycanın sərhədin digər hissələri ilə bağlı yeni tələblər irəli sürmək ehtimalı nə qədərdir" sualına cavabında deyib ki, "mövqelərimizin legitimliyi Azərbaycana bu imkanı verməyəcək". Paşinyan "mövqelərinin legitimliyini" həm 2022-ci ildə Praqa görüşü və sonrasında Bakı və İrəvan arasında Alma-Ata bəyannaməsinə istinad edilməsi, həm 19 aprel razılaşması, həm də ABŞ başda olmaqla dünya ölkələrinin sərhədin bu bəyannamə əsasında demarkasiyasını alqışlaması ilə əsaslandırır.

Daha öncə də bu haqda yazmışdıq: Ermənistan 4 kəndi qaytarmaqla Alma-Ata bəyannaməsini praktiki müstəviyə keçidini təmin etmək və sərhədin bu prinsiplə müəyyənləşməsini legitimləşdirmək gedişi edir. Və bununla sərhədi SSRİ dağılanda mövcud olan xətlərə uyğun yenidən çəkməyi, Azərbaycan Ordusunu şərti sərhəddə dayandığı mövqelərdən SSRİ dağılanda mövcud olan xətlərə qaytarmağı, ümumilikdə Ermənistanın hazırkı ərazisini saxlamağı hədəfləyir. Çünki anlayır ki, sərhədin şərti olması Azərbaycanın sovetlər dövründə ermənilərə verilən ərazilərinə doğru irəliləməsi üçün "qapının daim açıq qalması" deməkdir.

Alma-Ata bəyannaməsində isə sərhədlə bağlı yalnız bir qeyd var: "Bir-birinin ərazi bütövlüyünü və mövcud sərhədlərin toxunulmazlığını tanımaq və hörmət etmək". Bu sənəd 1991-ci ildə imzalanandan sonra Ermənistan onu pozaraq, Azərbaycan torpaqlarının işğalına davam edib. Lakin İrəvanda hesab edirlər ki, Qarabağı Azərbaycan ərazisi kimi tanıyıblar, buna görə rəsmi Bakı da eyni prinsiplə Ermənistanın ərzisini tanımalı, 1991-ci il sərhədlərini qəbul etməlidir. Yəni rəsmi İrəvan 30 il ərzində baş verənləri - işğalı, vurduqları ziyanı, torpaqların müharibə yolu ilə azad edilməsini, dəstəklədikləri separatizmin güc yolu ilə ləğvini bir kənara qoyub, Ermənistanın mövcud ərazisini qorumaq istəyir. Və bu mövqelərini legitimləşdirmək üçün 2022-ci ilin Praqa görüşündən tutmuş 19 aprel razılaşmasına qədər olanları arqument kimi irəli sürürlər.

Sual yaranır: Azərbaycanın sərhədin müəyyənləşməsində Alma-Ata bəyannaməsini əsas götürmək öhdəliyi varmı?

Birincisi, Praqa görüşündə Alma-Ata bəyannaməsinə istinad edilməsi, daha sonra digər görüşlərdə bu məqamın vurğulanması əsasən şifahi şəkildə baş verib: bunun qəbul edilməsi iki il öncəsinin siyasi şərtlərinə uyğun addım idi, çünki Qarabağda erməni separatizmi davam edirdi və Bakı bu gedişlə Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanımasını təmin edərək, Rusiyanı fakt qarşısında qoydu, sülhməramlıların çıxması bunun məntiqi nəticəsidir;

İkincisi, 19 aprel razılaşmasında sərhədin müəyyənləşməsi üçün irəli sürülən əsasnamədə Alma-Ata bəyannaməsi baza prinsipi kimi göstərilsə də, orada "sülh sazişində başqa qərar verilərsə, bu əsasnamədəki prinsip dəyişdirilə bilər" qeydi delimitasiya prosesində yanaşmanın dəyişməsi imkanı verir;

Aydındır ki, Bakı 4 kəndin qaytarılması üçün İrəvanın Alma-Ata bəyannaməsinə istinad edilməsi mövqeyini qəbul edib, amma sülh sazişində prinsipin dəyişdirilməsi imkanını da saxlayır. Və sülh sazişində bu imkandan istifadə edəcəyi gözləniləndir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da "Əl-Cəzirə" telakanalına müsahibəsində bildirib ki, Azərbaycan sülh sazişində Alma-Ata bəyannaməsinə aydın şəkildə istinad edilməsini istəmir. Bakının İrəvana göndərdiyi sülh müqaviləsi ilə bağlı son variantda da bu yanaşma yer alır.

Azərbaycan haqlıdır: Ermənistan 1991-ci il sərhədlərini əldə etmək istəyir, bu sərhədlərə Gədəbəyin Başkəndi də daxildir və bütün bunların qarşılığında heç nəyi güzəştə getmək niyyətində deyil. Bakı üstün tərəf olaraq, niyə İrəvanın istəyini qəbul etməlidir ki?!

 

Səadət Məmmədova, jurnalist:

- Bu günlərdə ATV-də haqqında 3 hissəli sənədli-publisistik film yayımladığımız Ü.Hacıbəyli adına Ağdam orta ixtisas musiqi məktəbinin ("Ağdam və mən" - "MƏBƏD") indiki adı Ağdam Musiqi Kollecidir. Elə sonuncu bölümdə kollecə rəhbərlik edən Fehruz Səxavət də ürək yanğısı ilə dedi ki, bu məktəbin peşəkarlığını, şöhrətini və sanbalını geri qaytarmaq lazımdır və keçmiş tələbə-müəllim heyətinə səsləndi ki, kim istəyir gəlib işləsin! Yaxşı müəllimlərə tələbat var!

Həqiqətən bu məktəbin musiqi kollektivi vaxtilə ölkə səhnələrini fəth edir, başqa respublikalara uğurlu qastrollara gedirdi. Amma Ağdam işğal olunandan sonra bir neçə il Bərdədə yerləşən, kollektivi pərən-pərən düşən məktəb sonradan Quzanlıda tikilən kiçik binaya köçdü. İndi burada əsasən Ağdam, Bərdə və Ağcabədidən tələbələr təhsil alır. Amma musiqi kollektivi demək olar ki, itib-batmış, unudulmuşdu. Ən yaxşı halda onlar Quzanlıdakı yerli tədbirlərdə iştirak edirdi və əyalət ansamblı çərçivəsinə sığışmışdılar.

Fehruz müəllimin direktor kimi ilk işlərindən biri məktəblə yanaşı, bu kollektivi dirçəltməkdir. Bir neçə ayda ikinci dəfədir "Qarabağ" ansamblını və məktəbin şagirdlərini Bakıya gətirir, konsert proqramı təqdim edir. Bu kollektiv və ifaçılar, xüsusilə tələbələr böyük səhnəyə alışmayıblar. Onlar Bakıdakı məkana uyğunlaşmadan, filarmoniya akustikasına səslərini kökləmədən (xüsusi qeyd: Filarmoniyanın səs sistemində onsuz da son vaxtlarda səliqəsizlik var) məkana uyğun heç bir məşq etmədən bu konserti təqdim etdilər. Qüsurlar bağışlanandır, əsas istedad və istəkdir.

İstəyirəm konsertə gəlməyənlər üçün təsvir edim: konsertdə boş yer yox idi. Dəvətnaməsi olan da, feysbukda elan görüb gələn də və s. xeyli adam gəlmişdi. Fehruz Səxavət kollektivi avtubusla Bakıya elə konsert günü gətirmişdi, öz xərci ilə, axşam da konsert idi. Heyət məkanda günlərlə məşq etmədən səhnəyə çıxırdı. Fehruz müəllim ən sonuncu tamaşçı oturanədək ayaqüstə idi, bir dəfəyə 5 adama cavab verirdi. Hələ mən də yaxasından yapışmışdım ki, filankəs ayaqüstə qalıb. Bu gərginliyin ardınca səhnəyə birinci özü çıxdı və "Mahur" muğamı oxudu. Sonra "Qarabağ" ansamblı və tələbə-müəllim heyəti çıxış elədi. Rayon məktəbi olmasına baxmayaraq, musiqinin bütün populyar janrlarında nömrələr təqdim etdilər, hətta piano və qarmonda Mosart əsəri ifa olundu.

Əvvəlki kimi super pedaqoqlar olsa, bu uşaqlar qısa zamanda əla cilalanar, yeni istedadlar üzə çıxar. Bu məktəb 1958-ci ildən 1993-cü ilədək çox möhtəşəm bir ocaq olub və Azərbaycan mədəniyyətinə böyük sənətkarlar bəxş edib. Bu şöhrəti qaytarmaq, məktəbi əvvəlki səviyyəyə qaldırmaq üçün Fehruz müəllim ciddi şəkildə qollarını çirmələyib. Məktəb Ağdam şəhərinə qayıdanadək yaxşı inkişaf etməlidir - deyir bizim filmdə də. Onun bu zəhmətini alqışlayıram və dəstəkləyirəm.

Mən təklif edirəm ki, ansambl hər rübdə Bakıda və Mingəçevirdə bir konsert versin və simvolik qiymətə də olsa bilet satılsın, toplanan vəsat ansablın ehtiyaclarına, yeni kostyumlar tikilməsinə, müasir tərtibata, dizayna sərf edilsin.

Yəqin ki, 1 ilə Ağdamda tikilən Muğam Mərkəzi tam hazır olacaq və sizin orada konsertinizə izləyəcəyik. Sizə uğurlar arzu edirəm.

 

Mir Səməd, bloger:

- O gün uşaqlar banan yeyir, deyirəm onlara, siz bilirsiz ki, mən sizin yaşda olanda banan yemirdim, çünki yox idi?

Təəccüblənirlər, necə yəni yox idi? Marketdən alardınız da...

Sovet dövrünü görməyənlər üçün belə söhbətlər qəribə gəlir.

Amma bu banan, doğrudan da uzun illər sovet adamlarının arzuladığı meyvə olub.

Hətta yadıma gəlir, o vaxtkı qəzetlərdə yazırdılar, guya bananın heç bir xeyri yoxdur, nə şirəsi var, nə vitamini. Pişiyin əli ətə çatmamaq söhbəti.

Deyirlər ki, əslində xarici ölkələrdən ekzotik meyvələr alınırdı, amma həcmi o qədər az olurdu ki, mərkəzi şəhərlərdə satışa çıxarılanda böyük növbələr yaranır, hamıya da çatmırdı. Bakıya da,  bəlkə də az miqdarda gətirirdilər, amma açıq satışda heç olmurdu.

İndi isə əsas pul olsun, nə qədər istəyirsən var. Və çox da tərifləyirlər ki, banan çox faydalı, vitaminlərlə zəngin bir meyvədir.

P.S. Bilirəm ki, bunu oxuyan yaşlı nəslin ürəyindən keçəcək ki, bəli, o vaxt banan olmayıb, amma əvəzində bir çox məhsulların keyfiyyəti indikilərdən qat-qat daha yüksək olub. Onların da sözündə həqiqət var.






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
161
50
525.az

10Mənbələr