AZ

Ermənistandan İsmayıl Axundova cavab verdilər- 777 itkin erməni hardan çıxdı?..

Image

Akif Nağı: “Birinci Qarabağ müharibəsindən sonra guya 777 erməninin taleyinin məlum olmadığını iddia etməklə yenə də saxtakarlığa yol verirlər”

“Dövlət Komissiyası mətbuata açıqlamalarında dəfələrlə qeyd edib ki, xüsusilə Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslər barədə əsas məlumatlar Ermənistan tərəfindədir. Çünki ərazi Ermənistan ordusu tərəfindən işğal olunub və 30 il onların nəzarəti altında olub”. Bunu aprelin 29-da mətbuata müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupun rəhbəri İsmayıl Axundov deyib.

Müsahibədə İ.Axundov çox ciddi faktlara toxunaraq bildirib ki, həmin dövrdə döyüş zamanı həlak olmuş əsgərlərin, Azərbaycanın yaşayış məntəqələri işğal olunarkən həlak olmuş mülki şəxslərin, eyni zamanda, əsir, girov götürüldükdən sonra beynəlxalq humanitar hüququn norma və prinsiplərinə zidd olaraq işgəncələrlə qətlə yetirilmiş vətəndaşların dəfn yerləri barədə məlumatlar Ermənistan tərəfindədir: “Çünki qeyd etdiyim bu qeyri-insani aktlar Ermənistan hərbçiləri tərəfindən həyata keçirilib. Ermənistanın keçmiş müdafiə nazirinin müavini, hazırkı parlamentin deputatı və hakim partiyanın üzvlərindən biri olan general Qaqik Melkonyan 2021-ci ildə Ermənistan kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə Birinci Qarabağ müharibəsi zamanı həlak olmuş yüzlərlə azərbaycanlının dəfn yeri barədə onda məlumatların olduğunu ifadə etmişdi. Yalnız Qaqik Melkonyanda deyil, onun kimi səhra komandirlərində, həm də həmin dövrdə itkin və əsir-girovların məsələləri ilə məşğul olan rəsmi şəxslərdə bu məlumatlar var. Azərbaycanın yüksək vəzifəli rəsmi şəxsləri, Dövlət Komissiyası və digər aidiyyəti qurumlar dəfələrlə beynəlxalq təşkilatlar vasitəsilə, eyni zamanda, keçirilən beynəlxalq tədbirlərdə və görüşlərdə bu məsələni Ermənistan tərəfinin qarşısında qaldırsa da, təəssüf ki, onlar bugünə qədər bu məlumatları verməkdən imtina edir. Onu da qeyd edim ki, Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş hər iki tərəfə aid şəxslər barəsində əsas məlumatlar məhz Ermənistan tərəfindədir. Ermənistan tərəfi bu gün münaqişə nəticəsində itkin düşmüş ermənilərin də taleyinin müəyyən olunmasında maraqlı olmalıdır.

Dövlət Komissiyası hər iki tərəfə aid itkin düşmüş şəxslərin axtarışlarının təmin edilməsi sahəsində Ermənistan Respublikasının müvafiq strukturları ilə dəqiqlik, şəffaflıq prinsiplərinə riayət edilməklə və qarşılıqlı etimad mühitində əməkdaşlığa hazır olduğunu bir daha bəyan edir. Hesab edirəm ki, əsas məlumatların Ermənistan tərəfində olduğunu nəzərə alsaq, bu əməkdaşlıq hər iki tərəfə aid itkinlərin taleyinin aydınlaşdırılmasına müsbət töhfə verə bilər”.

İsmayıl Axundov qeyd edib ki, Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarını və 2020-ci ilin noyabr ayının 10-da imzalanmış üçtərəfli Bəyanatın müvafiq müddəalarını rəhbər tutaraq, Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin yaxından iştirakı ilə Ermənistan tərəfinə hərbi əməliyyatların aparıldığı ərazilərdə axtarış işlərini həyata keçirmək üçün hərtərəfli şərait yaradıb və nəticədə 44 günlük müharibədən sonra 2043 nəfərin meyiti tapılaraq Ermənistana təhvil verilib: “Onlardan 1713 nəfərin meyiti Vətən müharibəsindən sonra, 157 nəfərin meyiti 12-14 sentyabr 2022-ci ildə Ermənistan-Azərbaycan şərti sərhədində baş vermiş hərbi münaqişədən sonra, 173 nəfərin meyiti isə 19-20 sentyabr 2023-cü ildə həyata keçirilmiş antiterror əməliyyatından sonra təhvil verilib”.

İşçi qrupun rəhbəri vurğulayıb ki, Azərbaycan hər zaman humanizm prinsiplərinə sadiqdir: “Ona görə yox ki, beynəlxalq konvensiyalara qoşulmuşuq. Ona görə ki, humanizm bizim xalqın xarakterinə xas olan xüsusiyyətdir. Üçtərəfli bəyanat imzalanandan bugünə qədər 226 nəfər erməni əsilli şəxs azad edilərək qarşı tərəfə qaytarılıb. Onlardan 172 nəfəri hərbçi, 54 nəfəri mülki şəxs olub. Azərbaycan tərəfi mülki şəxsləri tez bir zamanda azad edərək qarşı tərəfə qaytarıb. Bu hər zaman belə olub. Antiterror əməliyyatı zamanı əsgərlərimizdən kömək istəyən qadınlar elə ərazidə azad edilərək qarşı tərəfə təhvil verilib. 5 qadın Vətən müharibəsindən sonrakı dövrdə, 6 qadın isə antiterror tədbirləri zamanı qarşı tərəfə təhvil verilib”.

İ.Axundovun faktlara və ciddi arqumentlərə əsaslanan müsahibəsi Ermənistan tərəfdə ciddi nararahçılıq yaradıb. Onu da vurğulayaq ki, Azərbaycan rəsmən dəfələrlə bəyan edib ki, Birinci Qarabağ müharibəsində itkin düşən 4 minə yaxın azərbaycanlının  taleyi hələ də məlum deyil və Ermənistan bu fakta aydınlıq gətirməlidir, amma bildiyimiz kimi, Ermənistn bugünə qədər bu bardə heç bir məlumat verməyib, əksinə, özləri ilə bağlı qondarma məlumatlar yayıblar.   

Ermənistanın  Əsir, girov və itkin düşmüş şəxslərin  məsələləri üzrə idarələrarası komissiyanın katibi, işçi qrupun rəhbəri Qayane Qasparyan “Armenpress”ə müsahibəsində əsassız iddialar irəli sürərək iddia edib ki, guya Azərbaycan 1990-cı illərdən indiyədək harada olduğu bilinməyən 777 nəfəri, 2020-ci ildən sonra isə 211 nəfəri, habelə 23 nəfər girov və əsir saxlayıb.

Guya müharibə zamanı erməni hərbçilərinə qarşı Azərbaycan əsgərlərinin “pis rəftar” etməsi, dinc əhalinin “edam edilməsi”, onların “işgəncələr”ə mərzu qalması, meyitlərin “təhqir edilməsi” ilə bağlı azərbaycanlılar tərəfindən internetdə çoxsaylı video və fotoşəkillər yerləşdirilib.

Öz aləmində Azərbaycan tərəfi haqsız göstərməyə çalışan Q. Qasparyan 4 minə yaxın azərbaycanlının taleyi barədə bir kəlmə deməyib, ortaya yalançı rəqəmlər ataraq beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd edib. 

“...Bu ittihamlar əsassızdır” 

Azad Vətən Partiyasının sədri, tarix üzrə fəsləfə doktoru, dosent Akif Nağı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, əsirlər, girovlar məsələsi həmişə gündəmdədir: “Ermənilər bütün məsələlərdə olduğu kimi burda da saxtkarlığa yol verirlər. Müxtəlif saxta rəqəmlər səsləndirirlər, 777 nəfərdən danışırlar, iddia edirlər ki, İkinci Qarabağ müharibəsindən sonra guya 211 nəfərin taleyi nəməlumdur. Azərbaycan bu məsələdə tam olaraq şəffafdır. Biz heç vaxt girov götürməmişik. Azərbaycanda əsir varsa onlar hərbi əsirlərdir, onların da ətrafında manipulyasiya etməyə ehtiyac yoxdur. Onlar Azərbaycana qarşı cinayət törədiblər və əsir düşüblər, bu gün onlarla hüquq-mühafizə orqanları məşğul olur, bəzilərinin istintaq işi yekunlaşıb, bəzilərinin istintaqı gedir. Birinci Qarabağ müharibəsindən sonra guya 777 ermənin taleyinin məlum olmadığını iddia etməklə yenə də saxtakarlığa yol verirlər. 1915-ci illə bağlı necə saxtakarlıq edirlər, digər məsələlərlə bağlı da o cür hərəkət edirlər. Birinci dəfədir ki, Ermənistan tərəfindən 777 rəqəminin səsləndirildiyini  eşidirəm. Onlar indiyə qədər Birinci Qarabağ müharibəsi ilə bağlı  müxtlif rəqəmlər deyirdilər, gah 100, gah 90, gah 200 nəfərdən danışırdılar.   Dediklərinin heç biri bir-birinə uyğun gəlmir. Bunlar havaya, tavana baxıb ağıllarına gələn rəqəmləri deyirlər. Ortaya siyahı qoysunlar, görək itkin düşən o 777 nəfər kimlərdir  ki, indiyə qədər o siyahını Azərbaycana təqdim etməyiblər. Azərbaycanın uyğun komssiyasının rəsmiləri dəfələrlə bəyan ediblər ki, onların bir iddiası varsa o siyahını ortaya qoysunlar, biz də o siyahıya uyğun onlara cavab verək”-deyə A.Nağı bildirdi. 

A.Nağının sözlərinə görə, Birinci Qarabağ müharibəsində kimlərsə əsir düşüblərsə, yaxud hərbi əməliyyatların gedişində kimlərsə kəndi vaxtında tərk edə bilməyib Azərbaycan tərəfin nəzarətində qalıblarsa biz də müəyyən yoxlamalardan sonra onları dərhal geri qaytarmışıq.  A.Nağı qeyd etdi ki, ermənilər onları  “girov” sayırlar, amma biz isə onları girov saymırıq, Azərbaycana qarşı heç bir şəkildə   heç bir şəkildə ittiham səsləndirilə bilməz. “Onlar ortaya saxta rəqəmlər çıxarıblar, bu ittihamlar əsassızdır. Əksinə, Birinci Qarabağ müharibəsində Azərbayanın 4 minə yaxın itkini olub, İkinci Qarbağ müharibəsində isə 7 nəfər itkin düşmüş hesab olunur.  Amma bu faktla bağlı indiyə qədər Ermənistanın heç bir reaksiyası yoxdur. Azərbaycanın rəsmi siyahısında 4 minə yaxın şəxsin hamısı adbaad qeyd olunub. Bu siyahı dəfələrlə Ermənistana təqdim olunub. Onlar bu gün özlərini karlığa və korluğa vurmaq istəyirlər ki, guya heç nədən xəbərləri yoxdur, guya biz onlara məlumat verməmişik. Ermənistanın bütün tezisləri yalan üzərində qurulub”-deyə A.Nağı bildirdi.

A.Nağı qeyd etdi ki, Ermənistan tərəfi Azərbaycanın haqlı iradlarını “əsassız” adlandırır, guya Azərbaycan “populist” hərəkət edir. Azərbaycanın uyğun komissiyasının rəsmilərinin hər zaman ortaya faktlar, tutarlı dəlillər qoyduğunu deyən A.Nağının sözlərinə görə, Ermənistan həmişə faktlardan qaçır. A.Nağı vurğuladı ki, Azərbaycanın 4 minə yaxın vətəndaşının hamısının adları məlumdur, onların yaxınlarının, ailələrinin müraciətləri var, bu işlə sanballı dövlət komisyyası məşğul olur, amma Ermənistanın hər gün açıqladığı rəqəmlər isə əsassızdır.     

A.Nağının sözlərinə görə, illər əvvəl tanınmış pedaqoq Məlahət Mürşüdlü və QAT-ın Ali Məclisinin üzvü Səyyarə İsmayılova bir yerdə çox böyük əraziləri gəzib itkinlərin ailələri ilə görüşüb,  itkin və girov götürülmüş vətəndaşlarımızla  bağlı çox mükəmməl bir kitab çap ediblər. Azərbaycanda bu məsələ ilə bağlı dövlət qurumları ilə yanaşı ictimai tşkilatların da böyük işlər gördüyünü deyən A.Nağı əlavə etdi ki, bizim əlimizdəki siyahı dəqiqdir, Ermənistan tərəfi istəyərsə, Azərbaycan yenidən o siyahını təqdim edə bilər. 

İradə SARIYEVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
4
baki-xeber.com

10Mənbələr