AZ

Azərbaycan birinciliyinin mükafatçıları müəyyənləşib - FOTOLAR

Yeniyetmə və gənc stolüstü tennisçilər arasında Azərbaycan birinciliyinin mükafatçıları müəyyənləşib. Federasiyadan SİA-ya verilən məlumata görə, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkil etdiyi yarışın son günündə şəxsi, qoşa və qarışıq-qoşa növlərində qalib və mükafatçıların adlarına aydınlıq gəlib.

2005-2008-ci il təvəllüdlü idmançıların şəxsi yarışından Aylin Əsgərova ilə Adil Əhmədzadə qalib ayrılıblar. 2009-cu il və daha kiçik yaşlı stolüstü tennisçilər arasında isə Yağmur Məmmədli və Onur Quluzadə ölkə çempionu olublar.

2005-2008-ci il təvəllüdlülərin qoşa yarışında Aysu Ağayeva – Aylin Əsgərova və Adil Əhmədzadə - Rüstəm Hacılı tandemləri qələbə qazanıb. 2009-cu il və daha kiçik idmançılar arasında isə Şəbnəm Mansurova – Aynur Ağayeva və Onur Quluzadə - Ömər Aslanlı cütlükləri bütün rəqiblərinə qalib gəliblər.

Qarışıq-qoşa yarışda 2005-2008-ci il təvəllüdlülərdən Tahir Qubadovla Mərziyyə Nurmətova, 2009-cu il və daha kiçik yaş qrupunda isə Onur Quluzadə ilə Yağmur Məmmədli çempion olublar.

Xatırladaq ki, mayın 1-də startı verilən ölkə birinciliyinin ilk günündə iştirakçılar komanda yarışlarında bacarıqlarını göstərmişdilər. Nəticələrə əsasən, 2005-2008-ci il təvəllüdlü qızlar arasında Sumqayıt, oğlanlar arasında Bakı-1 kollektivi birinci yeri tutmuşdu. 2009-cu il və daha kiçik təvəllüdlü qızların mubarizəsindən Bakı-1, oglanların yarışından isə Şabran komandası qalib ayrılmışdı.

Fəxri kürsüyə qalxan idmançılara Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Elmar İslam, baş katibi Könül Mikayılova və Gənclər və İdman Nazirliyinin idman səfiri, tanınmış taekvondoçu Fəridə Əzizova tərəfindən nazirliyin diplom və medalları, həmçinin federasiyanın mükafatları təqdim olunub.

Seçilən
87
7
sia.az

8Mənbələr