AZ

Qərb Gürcüstanı tam itirə bilər- daxili işlərə müdaxilə artır...

Image

Qonşu Gürcüstan parlamenti tərəfindən “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin ikinci oxunuşda qəbul edilməsi fonunda ölkədaxili ziddiyyətlər kəskinləşməkdə, Tiflisin Qərblə münasibətlərində yeni gərginlik müşahidə olunmaqdadır. İndi bu qanuna görə Qərbdən Gürcüstana daha çox hədələr gəlir. 

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller qeyd edir ki, bu qanun və Gürcüstanın antirqərb ritorikası ölkənin Avropa İttifaqına və NATO-ya üzvlük perspektivlərini təhlükəyə atır: “Gürcüstan hökumətinin bəyanatları və hərəkətləri Aİ və NATO-ya üzvlük üçün tələb olunan demokratik dəyərlərə uyğun gəlmir və ölkənin Avro-Atlantik inteqrasiya yolunu təhlükə altına qoyur”. 

Miller qeyd edib ki, ABŞ 32 ildir Gürcüstan iqtisadiyyatına yardım edir, lakin Tiflis bu dəstəyi yanlış şərh edib və bu onun effektivliyini zəiflədir. O, ABŞ-ın Gürcüstanda nümayişçilərə qarşı güc tətbiqini pislədiyini vurğulayıb. Miller hesab edir ki, Tiflisdə müzakirələrə səbəb olan qanun layihəsi Moskvadan ilhamlanıb. Belə bir vaxtda Gürcüstan hakimiyyəti ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib. ABŞ-ın Gürcüstandakı səfiri Robin Dunniqan məsələ ilə bağlı bildirib: "Bu yaxınlarda Gürcüstan hökumətinin yüksək rütbəli nümayəndələrini ABŞ rəsmiləri ilə strateji tərəfdaşlıq və ABŞ-ın yardımı ilə bağlı istənilən məsələləri müzakirə etməyə dəvət etdik. Təəssüf ki, gürcü tərəfi bu dəvətdən imtina etdi". O, Gürcüstan hökumətinin son həftələrdə qəbul etdiyi qərarların ölkəni Avro-Atlantik gələcəkdən uzaqlaşdırdığından narahatlığını ifadə edib. O da bəlli olub ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən imtina edib. Buna səbəb məhz rəsmi Vaşinqtonun gürcü parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə baxılmasını dayandırmağı tələb etməsidir. Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında bu xüsusda deyilir: “Gürcüstanın baş naziri ABŞ-a səfərə bir şərtlə dəvət olunub ki, səfərdən əvvəl Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında”  qanun layihəsinə baxılmasını müvəqqəti dayandırsın. Şərti səfərin həyata keçirilməsi qarşılıqlı hörmət və etimada əsaslanmalı olan tərəfdaşlıq ruhuna uyğun gəlmir, bu barədə ABŞ səfirinə ətraflı izahat verilib”. Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen də qanunla bağlı durumdan narazılıq ifadə edir: “Gürcüstandakı vəziyyəti böyük narahatlıqla izləyirəm və Tiflisdə küçələrdə baş verən zorakılığı pisləyirəm, gürcü xalqı Avropa kursu ilə getməlidir”.

Amma Gürcüstan hakimiyyəti Qərbin onun daxili işlərinə qarışmasını yolverilməz hesab edir. Gürcü politoloq Badri Naçkebiya bunu belə şərh edir: “Gürcüstanın qəbul etmək istədiyi qanun bir sıra ölkələrdə, eləcə də ABŞ-da var. Bu qanunların adları müxtəlif olsa da məğzi eynidir. Lakin təəssüflər olsun ki, həmin dövlətlər özlərində də olan qanun layihəsini Gürcüstanın qəbul etməsindən narazıdırlar. Onlar bu düşüncə ilə yaşayırlar ki, bizə verilən icazə başqalarına olmamalıdır. Burada məntiq haradadır?! Niyə onlar bizə diktə etməlidilər, biz də susub onların dediyini etməliyik?! Olmaz bu cür. Bu heç doğru addım deyil. Qərb, o cümlədən ABŞ bunu düşünməlidir”. Politoloq vurğulayıb ki, Gürcüstan dövləti nə etdiyini, hansı addımı atdığını bilir: “Biz öz maraqlarımızı qoruyuruq. Avropa bizi yalnız vizasız gediş-gəliş və Aİ üzvlüyünə namizədliklə saxlaya bilir. Gürcüstanın da bundan ehtiyat etdiyini bilən Qərb, ABŞ yaranan vəziyyətdən maksimum istifadə edir. Amma düşünürəm ki, ortaq yol tapılmalıdır. Bu cür sərt çıxışlarla ortaq yol tapıla bilməz, yalnız əlaqələr korlanar”. Digər politoloq Levan Mamaladze da məsələyə eyni prizmadan yanaşır: “Gürcüstan üçün çətin zamandır. Çünki Qərb və ABŞ güclü Gürcüstanı görmək istəmir”. Onun sözlərinə görə, məlum qanun layihəsinin oxşarı artıq onilliklərdir ki, ABŞ-da var: “Eləcə də Avropada, Macarıstan, Slovakiya, Polşa, İsrail, Rusiya və sair kimi ölkələrdə müvafiq qanun mövcuddur. Fransa da bu qanunu qəbul edəcək. Yəni həmin ölkələr xaricdən maliyyələşən QHT və media qurumlarının fəaliyyətini məhdudlaşdırırlar. Ancaq söhbət Gürcüstana gələndə heç kim buna icazə vermək istəmir. Biz də öz hüququmuzu qoruyacayıq. Buna isə heç bir arqument gətirmədən Qərb və ABŞ icazə vermək istəmir”. “Xarici təsirin şəffaflığı haqqında”  qanun layihəsi yalnız şəffaflığın təmin edilməsi üçündür deyən Mamaladze bildirib ki, dövlət bilməlidir kim haradan və nə üçün maliyyələşir: “Bildirilib ki, parlamentdə üçüncü oxunuşdan sonra bu qanun layihəsi qəbul ediləcək. İndi isə Qərb başlayıb deməyə ki, Gürcüstan Avropadan uzaqlaşmaq istəyir. Hətta ABŞ və Avropa ölkələrinin rəsmiləri Gürcüstanı hədələyirlər. Ona görə də Gürcüstan üçün çətin zamandır. Media qurumları hökumətin Avropa İttifaqından uzaqlaşdığı barədə təbliğat aparır. Gənclər də heç bir dərin biliyə sahib olmadıqları üçün etiraz aksiyalarında iştirak edirlər. Hətta dinc aksiya artıq vandalizmlə əvəzlənir, daşlar atılır, zorakılıq halları olur”. Onun sözlərinə görə, Gürcüstan 1991- 2023-cü illərdə iki dəfə dövlət çevrilişi yaşayıb. Hətta bu cür çevrilişə 2021-2022-ci illərdə də cəhd göstərilib: “Ona görə də bu dəfə biz xalqımızın taleyi ilə oynamağa icazə verməyəcəyik. Hökumətin qətiyyəti və mövqeyi çox sərtdir. Bu məsələdə sona qədər gedəcəklərini deyirlər. Biz bilirik ki, Şərqlə Qərbi birləşdirən ölkəyik. Ona görə də böyük dövlətlərin burada öz maraqları var. Amma maraqlı məqam da ondan ibarətdir ki, bölgədə Rusiya faktoru da mövcuddur. Rusiya Qərbin Gürcüstanda çevriliş səhnəsini görsə onları heç kim və heç nə saxlaya bilməz. Onlar tanklarını birbaşa Tiflisə sürəcəklər. Yəni burada Gürcüstanın müstəqillik məsələsi var. Ona görə də hökumət xalqın taleyini risqə ata bilməz”. Politoloq bildirib ki, hazırda baş tutan mitinqlərin heç bir sonu yoxdur: “Qərb, Aİ və ABŞ çox gözəl başa düşür ki, hansısa bir səhv addımlarında Gürcüstanın müstəqilliyinə son qoya bilərlər. Bunu hökumət də çox gözəl başa düşür. Ona görə düşünürəm ki, geri addım atılmayacaq”. Bunlar fonunda Kremlin siyasi strateqi Aleksandr Dugin Gürcüstanda sözügedən qanuna qarşı minlərlə insanın etirazını rüsvayçı görünüş adlandırıb: “Gürcüstan. Xarici agentlər suverenlik güclərini itirməklə bağlı təhlükə ilə üzləşdikdə necə təpik atırlar. Tamamilə utancverici görünür. Gürcülər qürurlu və inanclı xalqdır. Müqəddəs həftədə parlament daxilində tüğyan edən xarici agentlərin davranışı gürcülərə xas davranış deyil”.

Nahid SALAYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
169
48
baki-xeber.com

10Mənbələr