Bakı, 3 may, AZƏRTAC
Paris Olimpiadası ərəfəsində 11 ölkədən 36 idmançı qaçqınların Olimpiya komandasının üzvü seçilib. Bu barədə AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir.
Qaçqınlardan ibarət komanda builki Paris Olimpiya Oyunlarında 12 idman növündə mübarizə aparacaqlar. Bu barədə Beynəlxalq Olimpiya Komitəsinə (BOK) istinadən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) məlumat yayıb.
Dünya üzrə milyonlarla köçkünü təmsil edən qaçqınlar komandası üçüncü dəfə Olimpiya Oyunlarında iştirak edəcək. BMT-nin 2023-cü ilin sentyabr ayına olan məlumatına görə, dünyada təxminən 114 milyon insan evlərini tərk etməyə məcbur olub. Qaçqınlar komandası ilk dəfə öz loqosu altında yarışacaq.
Komandanın tərkibi BOK-un İcraiyyə Komitəsi tərəfindən bir sıra meyarlar, o cümlədən hər bir idmançının çıxışı və UNHCR tərəfindən təsdiq edilmiş qaçqın statusu əsasında tərtib olunub.
BOK-un prezidenti Tomas Bax komanda üzvlərinə müraciətlə deyib: “Hamınızı qucaq açıb salamlayırıq. Siz bizim Olimpiya ictimaiyyətimizi və cəmiyyətlərimizi zənginləşdirirsiniz”.
BMT-nin Qaçqınlar üzrə Ali komissarı Filippo Qrandi isə bildirib: “İdman qaçqınlara möhlət, gündəlik qayğılardan qaçmaq, təhlükəsizlik hissi, həzz anı təklif edə bilər. Bu, insanlara fiziki və psixoloji cəhətdən sağalmaq və yenidən cəmiyyətin bir hissəsi olmaq şansı deməkdir”.