AZ

“RUSİYANIN NÜVƏ TƏHDİDİ YALNIZ HƏDƏ- QORXUDUR...” - Məşhur amerikalı general haqlıdırmı?

Ukraynada müharibə başlayan gündən bəri Qərb işğala məruz qalmış bu ölkəyə birmənalı və hərtərəfli dəstək göstərməkdə tərəddüd etməsini Rusiyanın nüvə silahına əl ata biləcəyi ilə əsaslandırmağa çalışır. Lakin zaman keçdikcə, Kremlin nüvə təhdidləri döyüş meydanındakı vəziyyətə uyğun olaraq öz intensivliyini dəyişir.

Belə ki, cəbhədə ciddi uğursuzluğa düçar olan kimi, yaxud Qərbdən Ukraynaya daha önəmli dəstək mesajları və bunu müşayiət edən yeni silah növləri gəldikdə nüvə təhdidləri də artır. Cəbhədə vəziyyət stabil olduqda, yaxud Rusiyanın xeyrinə cərəyan etdikdə isə belə təhdidlərə daha az-az rast gəlinir.

Xatırladaq ki, son dəfə Vladimir Putin fevral ayında Qərbi nüvə silahı ilə təhdid edib. O, Qərbin Ukraynaya qoşun göndərəcəyi təqdirdə bunun bəşəriyyətin məhvinə gətirib çıxaracaq “real təhlükə” yaradacağından danışıb. Prezident Volodimir Zalenski isə deyib ki, cəsur insanlar bəşəriyyəti nüvə silahı ilə təhdid etməzlər...

“AzPolitika” xəbər verir ki, NATO-nun Avropadakı qoşunlarının keçmiş komandanı, tanınmış amerikalı general Ben Hoces Ukrayna mətbuatına müsahibəsində bu mövzuya toxunub. 

Təcrübəli general hesab edir ki, Rusiyanın nüvə hədələri çox olsa da, Kremlin bu silahdan istifadə qətiyyəti yüksək deyil: "Düşünürəm ki, getdikcə daha çox insan anlayır ki, Rusiyanın nüvə silahından istifadə ilə bağlı təhdidləri yalnız hədə-qorxudur. Mən demək istəmirəm ki, bunun istifadəsi şansı sıfırdır. Çünki Rusiyanın minlərlə nüvə silahı başlığı var və onları nə qədər insanın, hətta öz insanlarının ölməsi qəti narahat etmir. Amma nüvə silahından istifadə etməkdə onlar üçün heç bir üstünlük görmürəm. Xüsusən də Rusiyanın özü NATO tərəfindən birbaşa hücuma məruz qalmadığı halda”.

Generalın fikrincə, ruslar anlayırlar ki, nüvə silahından istifadə etməkdənsə, onunla hədə-qorxu gəlmək daha effeklidir. Hoces qeyd edir ki, məhz bu strategiya ABŞ, Almaniya və digər ölkələrdə Ukraynaya birbaşa müdaxilə və dəstəklə bağlı tərəddüdlərə gətirib çıxarır: "Biz bu eskalasiyadan narahat olduğumuz üçün özümüzü saxlayırıq. Ancaq deyəsən, nəhayət, bu mərhələni keçməyə başlayırıq. Həlledici məqam o olacaq ki, ABŞ və Almaniya nəhayət birgə deyəcəklər ki, biz Ukraynanın qalib gəlməsini istəyirik və bizim marağımızdadır ki, Ukrayna Rusiyaya qalib gəlsin. O zaman ki, siz dəqiq müəyyən edilmiş strateji hədəfə maliksiz, daha yaxşı, daha effektiv siyasi həll qərarları da ala bilərsiniz”.

Xatırladaq ki, Ukraynaya 61 milyard dollarlıq hərbi yardım paketi ayıran ABŞ Konqresi də Co Baydenin qarşısında Ukraynadakı müharibənin son hədəfinin və konkret strategiyasının müəyyən edilərək hazırlanması ilə bağlı vəzifə qoyub. Bunun üçün Baydenin bir aydan bir qədər artıq vaxtı var. General Hoces də təxminən eyni mövqedən çıxış edir və Qərbdən tələb edir ki, qarşıya Rusiyanın məğlub edilməsilə bağlı konkret məqəsəd qoyulsun və bəyan edilsin. 

Doğrudan da “eskalasiyanın artması və nüvə silahının tətbiqi təhlükəsi” adı altında Ukraynaya həlledici və qəti dəstəyin göstərilməməsi yalnız müharibənin uzanması, hər iki tərəfin tükənməsi və ən əsası isə Ukraynanın kapitulyasiyaya sürüklənməsinə aparan yoldur. Ona görə də qarşıya konkret məqsəd və hədəf qoyularaq, elan edilməyincə müharibə uzanacaq və bundan ən böyük ziyanı da iqtisadiyyatı, genefondu, dövlətçiliyi darmadağın olmaq üzrə olan Ukaryna görəcək.

Cəlal Məmmədov

“AzPolitika.info” 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
50
azpolitika.info

10Mənbələr