AZ

O, bitib-tükənməyən böhtan makinasıdır

Əli Kərimlinin xaraktersizliyi onun siyasətçi kimi formalaşmasına ən böyük maneədir

AXCP sədri Əli Kərimlinin avantürası və qərəzi bitib- tükənmək bilmir. Bu adam sanki bir yalan makinasıdır, istehsal etdiyi məhsul isə saxta informasiya və qərəzli münasibətdir. O, sosial şəbəkədə paylaşdığı statusunda yazır ki, ölkədə gerçək parlament olsaydı, Tərtər cinayəti kimi əsrin cinayəti törədilə, törədilsəydi də, cinayətkarlar məsuliyyətdən yayındırıla bilməzdi. Məlumdur ki, onun bu iddaları yalandır  və aşığın sözü qurtaranda «neylim-neylim » dediyi kimi,  bu Əli Kərimli də  böhtan atmağa mövzu tapmayanda «Tərtər hadisələri»ni çeynənmiş saqqız kimi ağzında iyləndirir. O, çox yaxşı  bilir ki, bu hadisələrdə günahı olanlarla bağlı məhkəmə prosesləri davam edir. Hətta bəzilərinə layiq olduqları cəzalar da verilib. Günahı sübuta yetirilməyən və zərər çəkən hərbçilər isə məhkəmə qərarları ilə bəraət almaqla onlara maddi və mənəvi təzminat da ödənilir.

Bundan başqa o, statuslarında mütəmadi olaraq qazilərimizin hüquqlarının pozulması ilə bağlı saxta və qərəzli informasiylar yaıyr. Məsələn Ə. Kərimli deyir ki,  guya Azərbaycan hakimiyyəti qaziləri saymır, onların problem və qayğılarına diqqətsiz yanaşır: «Nəyə görə fədakar Qarabağ qazilərilə bu qədər acımasız rəftar edirlər? Bəs qazilərimizə qarşı bu biganə, saymazyana, nankor münasibəti nə ilə izah edəcəklər?»  Və yaxud yazır: «Bəs Qarabağ qazilərinin kütləvi intiharı hakimiyyəti nəyə görə narahat etmir? Axı, 10-12 min nəfər Qarabağ qazisinin sosial problemlərini həll etmək bu qədər zəngin ölkə üçün qətiyyən çətin deyil.» 

Təbii ki, onun qalib Azərbaycan Ordusu haqqında sərsəmləmələri son 3 ildəki tarixi zəfərlərimizə qısqanclığından qaynaqlanır. Necə ola bilir ki, 44 günlük müharibədə hərbi uğurumuz, xüsusilə də çətin və mürəkkəb dağ relyevinə malik olan Şuşa şəhərini işğaldan azad edən Silahlı Qüvvələrimiz haqqında dünyanın ən tanınmış hərbi ekspertləri heyranlıqla danışırlar, ancaq bu Kərimli isə hələ də könül bulandırmaqla məşğuldur. Bundan başqa, MDB məkanında qazilərə və şəhid ailələrinə dövlət dəstəyi və yardımı üzrə statsistik göstəricilərə görə, Azərbaycan ilk üçlükdədir. Bütün bunları görməzlikdən gəlmək əsl xaraktersizlikdir ki, bu, Kərimlidə kifayət qədər zəngindir. 

Ən nəhayət, Əli Kərimli anlamalıdır ki,  o, nə qədər ki, içindəki çirkabı axıtmaq üçün güclü Azərbaycan dövlətini və onun qalib ordusunu hədəf alır, bir o qədər də cılızlaşacaq. Bəli, məhz böyümək üçün həqiqətlərin gözünə dik baxmaq lazımdır. Lakin görünən odur ki, Kərimlidə cəsarət və xarizma sıfır həddindədir. Çünki xaraktersizliyi onun siyasətçi kimi formalaşmasına ən böyük maneədir.

Bu bir reallıqdır ki, ölkəmizin Cənubi Qafqazdakı indiki mövqe üstünlüyü və Ermənistanın davamlı geosiyasi məğlubiyyəti  anti-Azərbaycan qüvvələri həm xaricdə, həm də daxildə ciddi şəkildə əndişələndirir. Xüsusilə AXCP sədri Əli Kərimli ənənəsinə sadiq qalaraq Azərbaycan dövləti əleyhinə  sosial şəbəkələrdə «tezislər»  tirajlayır. Hətta özünün antimilli çıxışları ilə kifayətlənməyib inhisarına aldığı dağıdıcı düşərgəni də böhtan kampaniyasına sövq  edir. Məsələn, o,  «cəbhəçi»lərə təlimat verib ki, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi məsələsində rəsmi Bakıya qarşı açıq ittihamlar səsləndirsinlər.

Eyni zamanda, Əli Kərimli tamamilə xarici anti-Azərbaycan qüvvələrin təsiri altındadır. Xüsusilə son zamanlar Qərb ölkələri , xüsusilə də Fransa ölkəmiz əleyhinə təzyiq vasitələrini genişlgndirərkən radikal müxalifətdən maksimum dərəcədə yararlanmağa çalışır. Radikallar «qrant» adı ilə çoxsaylı «donor» institutlarından və «yardım» fondlarından maliyyələşirlər. Məsələn, bu gün  USAID, NED, Marşall Fondu, IREX və digər onlarla beynəlxalq institutlar məhz bu cür proqramların icraçıları hesab olunurlar ki, bizim dağıdıcı müxalifət də onların ən yaxın «tərəfdaşlarıdır»lar. Yəni, onlar anti-Azərbaycan fəaliyyətlərində  AXCP və onun ətrafındakı KİV-lərdən səmərəli yararlanırlar. Fəaliyyətlərini isə «demokratik inkişafa dəstək vermək» kimi  hallandırırlar. Ancaq əsl həqiqət isə odur ki,  yerli icmaları maddi vəsaitlə şirinikləşdirərək, legitim hakimiyyətlərə qarşı ictimai etimadsızlığa məcbur edirlər.

AXCP sədrinin daha bir statusu isə tamamilə cəfəngiyyat doludur. O, yazır ki, bu ölkədə azad, ədalətli seçki olsaydı, xalqımız Vətənində söz sahibi olardı. Siyasi hakimiyyət də xalqa təbəə, istehlakçı kimi yox, hakimiyyətin mənbəyi kimi baxardı. O, hətta daha dərinə gedərək boyundan böyük iddialar və şərtlər irəli sürür: « Azad seçki tələb edirik! Azad seçkilərə yol açacaq, xalq iradəsini ifadə edəcək mitinq meydanı tələb edirik!»

Diqqət edin, görün nə qədər saxta və avantürist fikirlərdir. Haqlı sual yaranır: Əgər azad seçki istəyirdinizsə, nə üçün 2024-cü ilin fevralın 7 də növbədənkənar prezident seçkilərində iştirak etmədiniz? Əksinə  sizlər siyasi mübarizənin ən mükəmməl variantı olan seçkiləri daim boykot etməklə cəmiyyətdəki düşük nüfuzunuzu pərdələməklə məşğul oldunuz. Təbii ki, siyasi ekspertlərin də söylədiyi kimi, dağıdıcı müxalifət düşərgəsinin boykot qərarı öz güclərinə inamsızlıqdan, sosial bazalarının yoxluğundan qaynaqlanırdı.

Əli Kərimli statuslarında sərbəst tolaşmaq azadlığından və onun məhdudlaşdırılmasından danışırsa ona ötən illərdə təşkil etdikləri mitinqlərə heç 200-250 nəfər adam gəlmədiyini də xatırlatmağı özümüzə lazım bilirik. Hələ də anlamaq istəmirlər ki, insanlar onlara güvənmirlər. Çünki xalqın gözü tərəzidir. Xalq görür ki, ölkəmizin müasir tarixi son bir neçə ildə möhtəşəm zəfərlərlə, ərazi bütövlüyümüzün təmin edilməsi və məcburi köçkünlərin doğma yurdlarına Böyük Qayıdışının başlaması kimi tarixi hadisələrlə zəngindir. Belə ölkənin vətəndaşları təbii ki,  boşboğazlara və avantüristlərə deyil, real gücə, gerçək dövlət quruculuğuna səs verəcəklər.

Elçin Zaman, «İki sahil»

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
ikisahil.az

1Mənbələr