AZ

Səlahiyyətli nümayəndə Naxçıvanda voleybol idman sahəsi üzrə görülmüş işlərlə maraqlanıb

Naxçıvan, 1 may, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli aprelin 30-da Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində Voleybol Federasiyası tərəfindən təşkil olunan məşqləri izləyib, yeni dönəmdə bu idman növünün inkişafı istiqamətində görülən işlərlə maraqlanıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Voleybol Federasiyasının prezidenti Vüqar Əliyev ötən ilin sentyabr ayında yenidən təşkil olunan federasiya tərəfindən Naxçıvan və Şərur şəhərlərində peşəkar voleybol məşqləri təşkil olunduğunu bildirib. Qeyd edib ki, Naxçıvan şəhərində 45 oğlan, 65 qız, Şərurda isə 29 oğlan, 51 qız olmaqla, ümumilikdə 200-ə yaxın yeniyetmə voleybolun sirlərini öyrənir. Məşqlərə əsasən 2009-2014-cü il təvəllüdlü, boy, çəki və digər kriteriyaları voleybol idman növü ilə peşəkar şəkildə məşğul olmağa imkan verən uşaq və yeniyetmələr cəlb olunub. Federasiya tərəfindən 5 məşqçi-müəllim işlə təmin edilib. İdmançılarımızın vahid elektron bazası formalaşdırılıb. Eyni zamanda şəhər və rayonların Uşaq-Gənclər İdman məktəblərində yüzlərlə uşaq və yeniyetmələrə voleybol məşqləri keçirilir. Naxçıvan Voleybol Federasiyası Uşaq-Gənclər İdman məktəblərində voleybol məşqlərinin keçirilməsinə və zəruri idman ləvazimatları ilə təminat baxımından dəstək göstərir. Məşqlərin vahid proqram əsasında təşkili, məşqçi-müəllimlərin bilik və bacarıqlarının artırılması istiqamətində tədbirlər görülür.

Voleybol Federasiyasının prezidenti kişilərdən ibarət “Naxçıvan” və qadınlardan ibarət “Möminə xatun” voleybol idman klublarının yaradılması və fəaliyyəti istiqamətində işlərin görüldüyünü vurğulayaraq qeyd edib ki, Naxçıvanın kişilərdən ibarət komandasının yeni mövsümdə yüksək liqa Azərbaycan çempionatında iştirakı nəzərdə tutulur. Mayın 6-dan 10-dək isə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş yeniyetmə qızlar arasında “Heydər Əliyev kuboku” uğrunda voleybol üzrə muxtar respublika birinciliyi keçiriləcək.

Səlahiyyətli nümayəndə Fuad Nəcəfli məşqçi-müəllimlər və idmançılarla görüşüb, öz tövsiyələrini verib.

Vurğulanıb ki, dövlətimiz tərəfindən Naxçıvanda voleybol idman növünün inkişafı və potensialın üzə çıxarılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
3
azertag.az

4Mənbələr