AZ

“Azərbaycanın yarısı məni təbrik etdi”

Səhnəmizin gülərüzlərindən, təvazökar sənətkarlarındandır o. Nə vaxt yazsanız, zəng etsəniz, böyük səmimiyyətlə cavab verir. Bəlkə də ona görə onunla bağlı belə ürəkdən cümlələr qurmaq olur. Azərbaycanın həm gözəl, həm özünəməxsus yeri olan aktrisası, Xalq artisti Firəngiz Mütəllimovanın ad günüdür. 

Heç ona bu yaşı vermək olmaz, amma qeyd edək ki, sənətkarın 65 yaşı tamam olur. 

Bu illərin təxminən 30-nu doğma yurd həsrəti ilə keçirdi. Əvvəlki illərdə də gülərüz çöhrəsi var idi. Lakin gözlərindəki nisgil həmişə hiss olunurdu.

Nə təəssüf ki, onun doğum günü olan ayda Şuşası işğal olunmuşdu. Yəqin bu ayın başlanğıcında onu sevinc yox, həsrət əhatə edirdi. Son dörd il isə may onun üçün ikiqat sevinclə gəlir. Birincisi, məhz ayın 1-i ad gününü qeyd edir. İkincisi, mayın 8-i gələndə kədərlənmir, əksinə ürəyi istəyəndə Şuşaya gedə biləcəyini bilir...

Bu şükürlü, Şuşalı günümüzdə sənətkarın ad gününü təbrik etmək üçün onunla əlaqə saxladıq. OLAY-la qısa təəssüratlarını bölüşən Xalq artisti onu təbrik edənlərə təşəkkürünü bildirdi:

“Öz ailəmizlə keçirdik. Evdə ailəmlə birlikdəyəm. Bütün iş yoldaşlarım, tanışlarım çox sağ olsunlar. Demək olar ki, Azərbaycanın yarısı məni təbrik etdi.  Bu qədər sevgiyə, məhəbbətə görə hər birinə təşəkkürümü bildirirəm. Çox sağ olsunlar. “Xəzər” televiziyasında ad günümlə bağlı sujet yayımlandı. Kim məni təbrik edib sağ olsun, var olsun”.

Qeyd edək ki, Firəngiz Mütəllimova 1 may 1959-cu ildə Ağcabədi rayonu, Üzeyirli kəndində anadan olub.

1976-80-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda dram və kino aktyorluğu fakültəsində təhsil alıb. 1980-ci ildə Akademik Milli Dram Teatrına aktrisa kimi işə götürülüb. Elə ilk gündən ona məsul rollar tapşırılıb və istedadının dəyərli çalarları üzə çıxıb.

Teatrda səmərəli fəaliyyət göstərən Firəngiz Mütəllimova paralel olaraq kinolara çəkilib, televiziya tamaşalarında iştirak edib.

Üç illik fasilədən sonra 1996-cı ildən aktrisa yenidən Akademik teatrın truppasına qəbul olunub. Qısa müddətdə repertuardakı tamaşaların bir neçəsinə daxil edilib, yeni əsərlərdə rollar oynayıb.

Gözəl («Qılınc və qələm», M. S. Ordubadi), Qumral («Əliqulu evlənir», S.Rəhman), Bəyim, Aynur, Mələk, Gülnaz, Gülruh, Gülnaz («Xurşidbanu Natəvan», «Büllur sarayda», «Bizim qəribə taleyimiz», «Mahnı dağlarda qaldı», «Şeyx Xiyabani», «Tənha iydə ağacı», İ.Əfəndiyev), Sonya, Firəngiz («Sizi deyib gəlmişəm», «Təhminə və Zaur», Anar), Anna («Həyatın dibində», M. Qorki), Reya («Böyük Romul», F.Dürrenmatt), Tereza («Biganələr oteli», R. İbrahimbəyov), Əsmər («Günah», R. Əlizadə), Nisə xanım («Lənkəran xanın vəziri», M.F.Axundzadə), Maral («Sənsiz», Ş.Qurbanov), Nədidə («Qanlı Nigar», S.Şendil), Aysulu («Sokratı anma gecəsi», Ç.Aytmatov və M.Şahanov), Arvad, Gülzar, Qadın («Mənim ərim dəlidir», «Poçt şöbəsində xəyal», “Arılar arasında ”, Elçin), Sevər («Bu dünyanın adamları» H. Orucov), Həvva, Raisa («Varlı qadın», (“Mesenat” Ə. Əmirli), Qadın (“Son məktub”, S.Sveyq), və s.

Firəngiz Mütəllimova Azərbaycan Dövlət Televiziyasında hazırlanmış iyirmidən çox teletamaşada müxtəlif səpkili rollar ifa etmişdir. Onlardan: Gülnar («Səni axtarıram», «Bağışla», «Səndən xəbərsiz», A. Qəhrəmanov), Mərcan («Evləri köndələn yar», Anar), Ana və qız, Nazan («Unutmaq olmur», «Yad qızı», Əlibala Hacızadə), Almaz («Topal Teymur», Hüseyn Cavid), Almaz («Göz həkimi», İslam Səfərli), Günay («Səninlə və sənsiz», Marat Haqverdiyev), və s. rolların bədii estetik keyfiyyətlərini xüsusi qeyd etmək olar.

Aktrisa «Azərbaycanfilm» kinostudiyasında istehsal edilmiş «Qaçaq Nəbi» (Sərvinaz), «Qocalar, qocalar» (Leyli), «Bəyin oğurlanması» (Telli), «İşarəli dənizdən gözlə» (Sona), bədii filmlərinə, «Mənim ağ şəhərim», (Ana), «Şərəf»(Mila xanım) telefilmlərinə çəkilib.

Firəngiz Bəhər qızı Mütəllimova 1986-cü ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti, 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti və 2002-ci ildə Xalq Artisti fəxri adları ilə təltif olunub, Prezident fərdi təqaüdçüsüdür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
olay.az

1Mənbələr