AZ

Gənclərin Azərbaycanı tərk etməsinə qarşı yeni tədbirlər olacaq...

Image

Rəsul Cahangirli: “Biz bu kimi məsələlərdə daha çox iş görməliyik”

“Biz daha ürəkdən çalışmalıyıq ki, gənc azərbaycanlılar ölkəni tərk etməsin”. Bu barədə Prezident İlham Əliyev ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda bildirib.

Ölkə başçısının fikrincə, çünki bu, postsovet məkanında bir çox ölkələrdə problemlərdən biridir: “Yəni gənc nəsil ölkəni tərk etməyə üstünlük verir və sonra əhalinin azalması ilə üzləşirsiniz. Bizdə isə əhali artımı var. Bəzi ölkələrin fərqli problemləri var. Bilmirəm, hansı problem daha sərtdir. Düşünürəm ki, bizim vəziyyət daha yaxşıdır, çünki ölkədə əhali çox olanda, siz daha güclüsünüz. Lakin siz onları işlə, evlə, layiqli şəraitlə, səhiyyə ilə təmin etməlisiniz və biz bu işləri görürük. Biz neft və qazın satışından əldə edilən gəlirlərin əksər hissəsini sosial sahəyə yönəldirik”.

“Qeyri-neft sektorunun inkişafına daha çox diqqət ayırmaq, bu sahəyə xarici sərmayədarları cəlb etmək, ölkənin...” 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən ekspert Rəsul Cahangirlinin fikrincə, Prezident çıxışında bu sahədə çox önəmli məqamlara toxundu: “Həqiqətən də bir çox ölkələrdə yüksək ixtisaslı gənc mütəxəssislər ölkəni tərk edir və başqa yerlərə üz tuturlar. Bunun bir səbəbi işsizliklə bağlıdırsa, digər başlıca səbəbi maaşların aşağı olması ilə əlaqədardır. Məsələ ondadır ki, gənc mütəxəssislər əsasən Avropa İttifaqı ölkələrinə, ABŞ-a gedirlər. Bir çox hallarda orada təhsil aldıqdan sonra geri dönmürlər. Niyə? Çünki əmək şərtləri daha üstündür, məvaciblər qat-qat yüksəkdir, sosial təminatlarla bağlı çoxsaylı üstünlüklər var. Ona görə də biz bu kimi məsələlərdə daha çox iş görməliyik. Azərbaycanın dövlət büdcəsi hesabına minlərlə gənc xaricdə təhsil alır. Onlara elə iş şəraiti yaradılmalıdır ki, vətənə qayıtmaqda maraqlı olsunlar. Qayıdanlar sonradan işsizlik və az məvacib üzündən xaricə üz tutmasınlar. Onların işlə təmin olunması ilə bağlı təkcə dövlət proqramlarının qəbulu yetərli deyil. Bununla bağlı ölkədə işgüzar mühiti daha da yaxşılaşdırmaq lazımdır. Vergi, gömrük, qeydiyyat sistemi daha təkmil olmalıdır. Qeyri-neft sektorunun inkişafına daha çox diqqət ayırmaq, bu sahəyə xarici sərmayədarlaı cəlb etmək, ölkənin təbii resurslarını son məhsula çevirə biləcək istehsal zənciri qurmaq lazımdır. Bütün bunlar Azərbaycanda daha çox daimi, dayanıqlı iş yerlərinin açılmasına şərait yaradacaq. Bu da öz növbəsində yüksək ixtisaslı gənc mütəxəssislərə tələbatın artmasına səbəb olacaq. Bütün bunlarla yanaşı, ölkəmizdə təhsilin keyfiyyətinin, səviyyəsinin artırılmasına ciddi ehtiyac var. Həm orta ümumi təhsil məktəblərində, həm də ali təhsil müəssisələrində bu yöndə ciddi iş aparılmalıdır”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
baki-xeber.com

1Mənbələr