AZ

Güləş: Milli komandalarımız İstanbul sınağına Bakıda hazırlaşır

Dünya Olimpiya Təsnifat turnirində iştirak edəcək Azərbaycanın güləş üzrə milli komandaları Bakıda təlim-məşq toplanışı keçirlər.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, yunan-Roma və qadın güləşi yığmalarımızın toplanışı qarşıdakı Dünya Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.

Yunan-Roma güləşi komandamız aprelin 25-dən taktiki-texniki çalışmalara başlayıb. Milli mayın 7-nə qədər Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında hazırlıq keçəcək.

Qadın güləşçilər məsul yarış ərəfəsində son toplanışa aprelin 28-də start veriblər. Xalça üzərində keçirilən məşqlər mayın 8-də yekunlaşacaq.

Olimpiadada tam heyətlə iştirak etmək hüququ qazanan sərbəst güləş millimizin hazırlıq planı isə fərqlidir. U-23 Avropa çempionatına və Yay Olimpiya Oyunlarına hazırlıq xarakteri daşıyan toplanışda daha çox fiziki gücün və dözümlülüyün artırılmasıyla bağlı çalışmalara üstünlük verillir. Aprelin 28-də başlayan toplanış çərçivəsində həftədə iki dəfə taktiki-texniki məşqlər də keçirilir.

Xatırladaq ki, Dünya Olimpiya Təsnifat turniri mayın 9-12-də İstanbulda təşkil ediləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
6
arena.az

7Mənbələr