AZ

XTQ-nin veteranları ilə görüş keçirilib

Bakı, 1 may, AZƏRTAC

Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaradılmasının 25-ci ildönümü münasibətilə "N" hərbi hissənin tabeliyində olan birləşmə və hissələrdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçularla görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə yüksələn şəhidlərimizin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzülüb.

Ulu Öndərin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Xüsusi Təyinatlı Qüvvələr komandanının 25-ci ildönümü münasibətilə təbriki iştirakçılara çatdırılıb.

Çıxış edənlər Aprel döyüşlərində, Vətən müharibəsində, eləcə də digər əməliyyatlarda XTQ-nin əvəzsiz xidmətlərindən danışıblar. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi təyinatlılara göstərilən diqqət, qayğı və etimada görə minnətdarlıq ifadə olunub.

Tədbir iştirakçılarına hərbi hissənin yaranma tarixi və keçdiyi şərəfli döyüş yolu haqqında videoçarx təqdim olunub.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında vətənpərvərliyi tərənnüm edən mahnılar səsləndirilib, xatirə şəkli çəkilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
1
azertag.az

2Mənbələr