AZ

Repetitorlara zərbə: X-XI siniflərdə təhsil pullu olacaq?

Son günlər aktual olan məsələlərdən biri də orta ümumtəhsil məktəblərinin X-XI siniflərində tədrisin təşkili ilə bağlıdır.

Belə ki, bugünlərdə sosial şəbəkələrdə X-XI siniflərdə təhsilin ödənişli olması təklifi çox səsləndirilir. Bəzi ekspert və valideynlər bunu əsasən onunla əlaqələndirirlər ki, onsuz da IX sinifi başa vurduqdan sonra şagirdlər repetitor yanına gedir və ailə həm məktəbə xərc çəkir, həm də repetitora ödəniş etməli olur. Ona görə də yalnız məktəbə ödəniş etməklə bu problem həll etmək olar. 

Digər tərəfdən, valideynlər bildirirlər ki, X-XI-ci siniflərdə şagirdlər repetitor yanına getdikləri və məktəbdə dərs keçirilmədiyi üçün davamiyyət azalır. Bu baxımdan şagirdlərə X-XI siniflərdə “sərbəst davamiyyət” tətbiq edilə bilər. 

Orta məktəblərdə X-XI siniflərdə təhsilin ödənişli olması və yaxud “sərbəst davamiyyət”in tətbiqi nə dərəcədə realdır? 

Təhsil üzrə ekspert Elşən Qafarov “Cebhe.info”-ya bildirib ki, ümumiyyətlə, orta ümumtəhsil müəssisələrində 10-11-ci siniflərində təhsilin ödənişli olması fikri məntiqdən uzaqdır:

“Azərbaycan hüquqi dövlətdir və bütün münasibətlər qanunvericilik əsasında tənzimlənir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 5-ci maddəsində konkret göstərilir ki, dövlət standartlarına uyğun olaraq dövlət mülkiyyətində olan təhsil müəssisələrində ümumi təhsil pulsuzdur. O ki qaldı repetitorlara ödəniş edilməsinə, o tamamilə başqa bir mövzudur. Bu, ona bənzəyir ki, ağacın bir budağı quruyur, deyirik ki, gəlin kökünü də yerdən çıxaraq”.

Ekspert xatırladıb ki, Nazirlər Kabinetinin 19 yanvar 2010-cu il 10 saylı qərarı ilə təhsil müəssisələrinin sahibkarlıq və innovasiya fəaliyyəti ilə məşğul olma qaydaları müəyyən edilib:

“Təhsil müəssisələrinə ödənişli əsaslarla əlavə məşğələ keçməyə icazə verilir. Ancaq bu gün ümumtəhsil məktəblərinin nə müstəqil balansları, nə bank rekvizitləri var. Bu əlavə məşğələlərə görə ödənişlər hara gedir? Bu gün ümumtəhsil məktəblərində əlavə məşğələlərə görə repetitorluq edənlər hər uşağa görə 5- 10 manatdan məktəb direktoruna vəsait ödəyirlər. Burada “qara iqtisadiyyat” yaranır”. 

Ekspertin sözlərinə görə, problemin həlli bu deyil, problemin həlli repetitorluğu aradan qaldırmaq üçün Dövlət İmtahan Mərkəzi (DİM) kimi “Çin səddinin” maneələrini aradan götürməkdir:

“Digər tərəfdən, ümumtəhsil məktəblərini publik hüquqi şəxsə çevirmək məsələsini həll etmək lazımdır. Bununla bağlı Nazirlər Kabinetinə qərar layihəsi verilib və hələ təsdiq olunmayıb. Ümumtəhsil məktəblərində təhsil pulsuz olduğuna görə “təhsili ödənişli edək” anlayışı özü kökündən səhvdir. Təəssüf edirik ki, cəmiyyətdə artıq belə fikirlər yaranıb. Onun da səbəbi repetitorluğun sistemə çökməsi, ümumi təhsilin tamamilə “metastaz” verməsidir. Repetitorluğun minimuma endirilməsi üçün müvafiq tədbirlər görmək olar. Bu tədbirlərdən biri DİM-in imtahan mexanizmində dəyişikliklər etməkdir. 

İmtahanları şagirdlərin bilik və bacarığına uyğunlaşdırmaq lazımdır. Səslənən fikirlər kökündən yalnışdır, qəbuledilməzdir. Bunu deyən şəxslərin təhsil qanunvericiliyi və təhsil sistemindən anlayışı yoxdur. Şagirdin dərsə getməməsinin səbəbi DİM-in buraxılış imtahanını tərdis ilinin başa çatmasına 10-12 həftə qalmış keçirməsidir. Həmin buraxılış sinifləri üçün tədris artıq bitmiş sayılır. Bu da dövlətin təhsil qanunvericiliyinə ziddir. Məktəbi ödənişli sistemə çevirmək yox, DİM-in qanunvericiliyi pozmasının qarşısını almaq lazımdır”. 


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
4
news24.az

5Mənbələr