AZ

Çinin Xarici ölkələrlə dostluq qrupu Heydər Əliyev Fondunda

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fon­dunun icraçı direktoru Anar Ələkbərov ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanminlə görüşüb. 
Görüşdə iki qurum arasındakı əməkdaşlıq, eyni zamanda, bu əmək­daşlığın dövlətlərarası və xalqlararası əlaqələrin inkişafına verəcəyi töhfə mü­zakirə edilib. 
Anar Ələkbərov Heydər Əliyev Fon­dunun prezidenti Mehriban Əliyevanın ötən illərdə Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının rəhbərli­yi ilə görüşlərini xatırladıb, iki qurum arasında imzalanan Azərbaycan–Çin dostluğunun və əməkdaşlığının geniş­lənməsinə dair Memorandumu, həyata keçirilən layihələri qeyd edib. 
Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının Heydər Əliyev Fondunun strateji tərəfdaşı olduğu, bu il hər iki qurumun yubileyinin – Heydər Əliyev Fondunun yaradılmasının 20, Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının 70 illiyinin qeyd edil­məsinin rəmzi məna daşıdığı bildirilib. 
Ölkəmizə Heydər Əliyev Fondu­nun dəvəti ilə səfər etdiyini deyən Yan Vanmin Azərbaycan Prezidentinin Çinlə əlaqələrə xüsusi önəm verdiyini, budəfəki görüşlərin və müzakirələrin Azərbaycanla Çin arasında əməkdaşlı­ğın genişlənməsinə əlavə təkan olaca­ğını qeyd edib. 
Görüşdə Heydər Əliyev Fondunun 20 illiyi ilə əlaqədar Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası tərəfindən Fondun prezidenti Mehriban Əliyevaya ünvanlanan təbrik məktubu təqdim olunub. 
Həmçinin Heydər Əliyev Fondu ilə Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası arasında əməkdaşlığın əhatəsinin genişlənməsinə yönələn sahələr nəzərdən keçirilib. Dövlət sə­viyyəsində möhkəm təmələ söykənən əlaqələrlə yanaşı, iki xalq arasında əlaqələrin, xalq diplomatiyasının da genişlənməsinin vacibliyi vurğulanıb. Qonaq bu istiqamətdə Heydər Əliyev Fondunun böyük rol oynayacağını bil­dirib. Azərbaycan və Çində mədəniyyət günlərinin təşkili, mədəniyyət sahə­sində müxtəlif tədbirlərin keçirilməsi, gənclərin, eyni zamanda, yeni media nümayəndələrinin qarşılıqlı səfərləri, şəhərlərarası əməkdaşlıqların artırıl­ması təklif olunub. 
Ölkəmizin bu il COP29-a evsahibliyi müzakirə edilən məsələlərdən biri olub. Bildirilib ki, Çin Xalq Respublikası, o cümlədən Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası COP29 çərçi­vəsində lazımi dəstək göstərməyə və əməkdaşlığa hazırdır. 
Heydər Əliyev Fondunun nümayən­də heyəti Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının 70 illiyi ilə əlaqədar tədbirlərdə iştirak üçün Çinə dəvət olunub. 
Görüşdən sonra qonaqlar Heydər Əliyev Mərkəzindəki ekspozisiyalar – “Azərbaycan xalçası – ilmələrin rəqsi”, “Mini Azərbaycan”, “Musiqi alətləri: bir­lik və müxtəliflik”, “Klassik avtomobillər” sərgiləri ilə tanış olublar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
22
xalqqazeti.az

10Mənbələr