AZ

Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı, 29 aprel, AZƏRTAC

Mədəniyyət naziri Adil Kərimli aprelin 29-da Azərbaycanda səfərdə olan Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə çıxış edən Adil Kərimli iki ölkə arasındakı mədəni əlaqələrdən danışıb. Bildirib ki, dövlət başçılarının siyasi iradəsi ilə Azərbaycan və Çin arasında qarşılıqlı etimada əsaslanan etibarlı əlaqələr qurulub. Nazir ölkəmizin ildən-ilə genişlənən əlaqələrində mədəni əməkdaşlığın da xüsusi yerinin olduğunu vurğulayıb.

2023-cü ilin sentyabr ayında Çinə səfərini yada salan Adil Kərimli orada keçirilən görüşlərin əhəmiyyətini qeyd edib, qədim və zəngin Çin mədəniyyətinin onda dərin təəssürat doğurduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, Heydər Əliyev Fondu ilə Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası arasında qurulmuş yüksək səviyyəli əməkdaşlıq iki ölkə arasında mədəni əlaqələrin inkişafına da öz böyük töhfəsini verir.

Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanmin rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə söz açıb. Diplomat Assosiasiya və ÇXR Mədəniyyət Nazirliyinin Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyət Nazirliyi ilə əlaqələrinin daha da inkişafında maraqlı olduqlarını bildirib, bunun iki ölkə arasında əməkdaşlığın dərinləşməsinə öz müsbət təsirini göstərəcəyinə əminliyini ifadə edib.

Söhbət zamanı qarşılıqlı mədəniyyət günlərinin təşkili, mədəni irsin qorunması və təbliği, eləcə də digər sahələrdə əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparılıb. Qonaq bu il növbəti dəfə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının Sammiti ərəfəsində Azərbaycan Mədəniyyəti Günlərinin gerçəkləşdirilməsi təklifini səsləndirib.

Görüşdə ÇXR-in ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Din Tao da iştirak edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
4
azertag.az

5Mənbələr