AZ

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

Bakı, 26 aprel, AZƏRTAC

Aprelin 26-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) “Müasir mərhələdə Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətləri: dərin strateji tərəfdaşlıq” mövzusunda dəyirmi masa təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev açılış nitqi ilə çıxış edərək Azərbaycan-Qırğızıstan əlaqələrinin inkişaf dinamikasından danışıb. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına toxunan F.Şəfiyev Azərbaycanın Qırğızıstanda investisiya layihələri həyata keçirdiyini qeyd edib. Əlaqələrimizin gələcəkdə daha da dərinləşəcəyindən əminliyini ifadə edən BMTM-nin İdarə Heyətinin Qırğızıstan tərəfindən Ağdamda inşa ediləcək məktəb binasının əhəmiyyətini xüsusi vurğulayıb.

Azərbaycanın və Qırğızıstanın Türk Dövlətləri Təşkilatı çərçivəsində münasibətlərindən bəhs edən BMTM sədri Mərkəzi Asiya 5+1 platformasında da qarşılıqlı faydalı əməkdaşlığın vacib istiqamətlərdən biri olduğuna diqqət çəkib. Ekspertlər səviyyəsində bu platformanın inkişafının zəruriliyini qeyd edən F.Şəfiyev ikitərəfli və iqtisadi sahədə meqalayihələr çərçivəsində əməkdaşlığın, habelə iki ölkə gəncləri arasında humanitar layihələrin icrasının zəruriliyini vurğulayıb.

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana səfərinin təfərrüatlarına toxunan Qırğızıstanın ölkəmizdəki və Gürcüstandakı səfiri Kayrat Osmonaliyev səfər çərçivəsində imzalanan sənədlər və görüşlərin münasibətlərin gələcək inkişafına töhfə verəcəyini qeyd edib. Diplomat ölkələrimiz arasında əməkdaşlığın hərtərəfli inkişafı ilə bağlı 5 illik proqramın və gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması ilə bağlı sazişi xüsusi vurğulayıb.

Onun sözlərinə görə, qarşılıqlı səfərlər münasibətlərə əlavə təkan verməklə yanaşı, hər iki ölkənin bütün sahələr üzrə əməkdaşlığın inkişafına sadiqliyini nümayiş etdirir.

Sonra müzakirələr BMTM-in İdarə Heyətinin üzvü Gülşən Paşayevanın moderatorluğu ilə davam etdirilib. G. Paşayeva əsasları Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan uğurlu siyasətin bu gün də davam etdirildiyini və türk dünyası ilə əlaqələrin inkişafının Azərbaycanın xarici siyasət prioritetlərindən olduğunu deyib.

Sonra ikitərəfli münasibətlərin inkişafı və gələcək imkanlar barədə Azərbaycan sabiq baş naziri Həsən Həsənov, Qırğızıstanın keçmiş xarici işlər naziri, “Qırğız Diplomatlar Birliyi”nin sədri Janıl Tumenbayeva, DİA-nın “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müdiri Namiq Əliyev, Qırğızıstan parlamentinin sabiq spikeri Medetkan Şerimkulov və digərləri çıxış edərək, mövzu ilə bağlı fikirlərini bildiriblər.

 

 

 

 

 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
1
Mənbələr
Şərh ()
Bağla