AZ

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Yevlax, 26 aprel, AZƏRTAC

Apardığı elmi tədqiqatların sosial əhəmiyyəti, ictimai fəallığı, pedaqoji istedadı, çoxillik elmi-tədqiqat işlərində böyük xidmətləri, yorulmaz elmi fəaliyyətinin nəticəsi olaraq Zərifə xanım Əliyeva “Əməkdar elm xadimi” adına, “Qırmızı Əmək Bayrağı” ordeninə və oftalmologiya sahəsində ən yüksək akademik Averbax adına mükafata layiq görülüb. Zərifə xanım Əliyeva bu mükafata layiq görülmüş ilk qadındır. O, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu bütün respublikada tətbiq olunub. Azərbaycanda traxoma xəstəliyinin ləğvi Zərifə xanım Əliyevanın yorulmaz əməyinin nəticəsində mümkün olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Yevlaxda görkəmli alim, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anadan olmasının 101 illiyinə həsr edilən “Zərifə Əliyeva ömrünün işığı” adlı tədbirdə səsləndirilib.

Yevlax Şəhər İcra Hakimiyyətinin və “Yevlax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisələrinin rəhbərləri, tibb işçiləri və ziyalılar iştirak ediblər.

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev tibb elmləri doktoru, akademik, görkəmli oftalmoloq-alim, ictimai xadim Zərifə xanım Əliyevanın keçdiyi zəngin və mənalı həyat yolundan, təkrarolunmaz elmi irsindən, peşə və ictimai fəaliyyətindən danışıb. Bildirib ki, tibb tariximizdə silinməz iz qoymuş, zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin, xüsusilə oftalmologiyanın inkişafına əhəmiyyətli töhfələr vermiş Zərifə xanım Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin və mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Zərifə Əliyeva respublikada yüksək ixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etmiş, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırmışdırılmasında xüsusi rolu olmuşdur.

Tədbirdə çıxış edən Mili Məclisin deputatı İlham Məmmədov, “Yevlax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru Fazil İsmayılov akademik Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafındakı xidmətlərindən, bu sahədəki tədqiqatlarından, keçdiyi şərəfli ömür yolundan, sədaqətli həyat yoldaşı və qayğıkeş, ölkəmizin sürətli inkişafını təmin edən, zəfərlərdən-zəfərlərə aparan oğul yetişdirən ana olmasından danışıb, onun mənalı ömrünün, parlaq fəaliyyətinin, elmi irsinin indiki və gələcək nəsillərə hər zaman örnək olacağını bildiriblər.

Sonda Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının musiqiçilərinin ifası təqdim olunub.

 

Seçilən
123
50
Mənbələr
Şərh ()
Bağla