AZ

Qızıl od qiymətinə

Son günlər dünya bazarlarında qızılın qiymətində rekord bahalaşma müşahidə edilir. Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,8 faiz artaraq 2200 dolları keçib. Bir neçə ay əvvəl 1 unsiya qızılın qiyməti 1900 dollar təşkil edirdi. Bu qiymət bütün zamanların ən yüksək səviyyəsidir.

İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, qızılın qiymətindəki artım yaxşı əlamət deyil. Qızıl güvənli olduğundan yatırımçılar ciddi böhran təhlükəsi yaxınlaşanda öz vəsaitlərini daha çox qızılda qorumağa çalışırlar. Onun qiyməti hər zaman irimiqyaslı şoklardan, böhrandan əvvəl qalxır: "Qızılın qiymətinin bahalaşmasının əsas iki səbəbi var. Birinci səbəb ABŞ və digər ölkələrin mərkəzi banklarının uçot dərəcəsini aşağı salacağı ilə bağlı gözləntilərin formalaşmasıdır. Mərkəzi banklar uçot dərəcəsini aşağı salanda sərbəst vəsaitlər artacaq və bunun bir hissəsi də qızılın alışına yönələcək. Bu gözləntilər fonunda investorlar indidən qızıl alırlar ki, bu da qiyməti bahalaşdırır. İnvestorlar indidən qızılı ona görə alırlar ki, sonradan daha baha qiymətə sata bilsinlər".

Natiq Cəfərli bildirib ki, bahalaşmanın ikinci səbəbi dünya iqtisadiyyatında ciddi şəkildə qeyri-müəyyənliyin mövcud olmasıdır: "Məsələn, Almaniya iqtisadi tənəzzül ilə üz-üzədir. Avropa İttifaqında iqtisadi artım zəifdir. Tarixən iqtisadi resessiya (tənəzzül) zamanı və yaxud iqtisadi böhran gözləntiləri olanda qızıla tələbat artır. İnvestorların böhran zamanı öz vəsaitlərini qorumaq üçün qızıla marağı artır. Çünki qızıl "güvənli liman" rolunu oynayır".

İqtisadçının dediyinə görə, digər tərəfdən, müxtəlif ölkələrə, əsasən də Rusiyaya qarşı sanksiyaların artması qızılla ödənişləri aktuallaşdırır: "Məsələn, son zamanlar Rusiyanın Mərkəzi Bankı dünyada ən çox qızıl alan mərkəzi banklardan birinə çevrilib. Bu da ondan xəbər verir ki, sanksiyalara görə artıq fiziki qızılla dünyada müəyyən ödənişlərin edilməsi praktikası genişlənir. Bu amillər qızılın qiymətinin artmasına səbəb olur".

Dünyada bahalaşmanın Azərbaycanın qızıl bazarına təsirinə gəlincə, ekspert bildirib ki, ölkəmizin qızıl bazarı dünya qızıl qiymətlərindən asılı vəziyyətdədir: "Dünyada qızılın qiyməti artan kimi bizdə də qızılın qiyməti yüksəlir. Hazırda qızıl bazarında qiymətlərin hər qrama görə 3-4 dollar artdığının şahidi oluruq. Amma bizdə alıcılıq qabiliyyəti də nəzərə alınır. Yəni satıcı qızılın qiymətini artıra bilər, amma alıcılıq qabiliyyəti yoxdursa, o, qazanc əldə etməyəcək".

Natiq Cəfərli vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə yeni qızıl yataqlarının işlənilməsinə hazırlıq gedir. Bu proses bitəndən sonra Azərbaycanın daha çox qızıl ixrac etmək potensialı yaranacaq. Azərbaycan əsasən İsveçrəyə qızıl ixrac edir.

İqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, dünya bazarlarında qızılın qiyməti qalxmaqda davam edir: "Ötən dövr ərzində nə vaxt geosiyasi vəziyyət pisləşibsə, həmişə eyni hal müşahidə edilib. Ümumiyyətlə, qızıl bir qiymətli metal olaraq qlobal iqtisadiyyatda daim real vəziyyət göstəricisi sayılıb və sayılır. Belə ki, qızılın qiyməti nə vaxt ucuz xarakter daşıyıbsa, bu, investorların sərbəst fəaliyyət göstərdiklərindən və ortada onları çəkindirəcək heç bir amilin mövcud olmadığından, əksinə olduqda isə qlobal məkanda yatırım və biznes üçün əlverişsiz vəziyyətin hökm sürməsindən xəbər verib. Hazırda da eynidir. Cari ilin iyun ayı üçün bağlanılan müqaviləyə əsasən Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir unsiyasının qiyməti 2 238,4 ABŞ dollar təşkil edib ki, təkcə mart ayı ərzində 8,9 faiz, ötən üç ay ərzindəsə 8 faiz bahalaşma baş verib. Bütün bunlar rekord rəqəmlərdir. Belə görünür, tendensiya hələ davam edəcək, o səbəbdən ki, ən azı ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini aşağı salacağı gözləntisi var. Bəli, ABŞ-nin mərkəzi bankı sayılan FES tərəfindən uçot dərəcəsinin aşağı salınacağı təqdirdə Amerika valyutasının dəyərinin enəcəyi gözləntisi qızıla tələbatı artırır. Hazırda bu dərəcə illik 5,25-5,5 faiz təşkil edir. Aşağı uçot səviyyəsi qızıla marağı və cəlbediciliyi artırır ki, hətta aparıcı ölkələr özləri də belə valyuta ehtiyatlarında sözügedən qiymətli metal həcmini artırmağa başlayırlar. Çünki qızıl bir sığorta mənbəyidir. Qızıl bir yatırım vasitəsidir. Qızıl istənilən aparıcı və sərbəst dönərli valyutaya çevrilə bilən metaldır. Qızıl dəyər ölçüsüdür və sairdir. Dünyada əsas aparıcı valyuta ABŞ dolları sayıldığından, onun dəyəri aşağı düşən kimi qızıl bahalaşır və bunun alış-verişi sürətlənir".

Ekspertin dediyinə görə, bu gün dünyada geosiyasi vəziyyət olduqca gərgindir. İnvestorlarda çaşqınlıq var. Pandemiyadan sonra Ukrayna-Rusiya müharibəsinin başlanması investorları özlərinə gəlməmiş daha bir qaranlıq şəraitə atdı. Hazırda qiymətli kağızlara və səhmlərə pul yatırmaq böyük risk sayılır. Çünki bütün seqmentlər üzrə dəyərlərdə yüksək rəqslər və yaxud volatillik müşahidə edilir. Odur ki, yeganə ümid yenə qızıladır. Bəs belə bir şəraitdə Azərbaycanı gözləyən təhlükələr, təzyiq və təsirlər və yaxud da səmərə - effekt nədən ibarətdir? Qızılın bahalaşması bizə ziyandır, yoxsa xeyir?: "Bəri başdan qeyd edim ki, xeyirdir. Qızılın bahalaşması bizə iki istiqamətdə səmərə gətirir və effekt verir. Birincisi, valyuta ehtiyatlarımızın bir hissəsi qızıldan ibarətdir. Odur ki, təhlükə barədə ümumiyyətlə danışmağa dəyməz. Dövlət Neft Fondunun ehtiyatlarının təxminən 15 faizə qədəri qızılla yerləşdirilib. Mərkəzi Bankın da qızıl ehtiyatı var. Sözügedən metalın dəyəri qalxdıqda və yaxud endikdə valyuta ehtiyatlarının ümumi həcminə təsir edir. İkincisi isə, Azərbaycan qızıl ixrac edən ölkədir. Hansı ki, regionda demək olar yeganə ölkəyik ki, bu qiymətli metal növünü hasil və ixrac edirik. Təkcə ötən il ərzində yerli və xarici bazarlarda ümumən 68,1 min unsiya qızıl və 119,8 min unsiya gümüş satmışıq ki, bu da, 2022-ci illə müqayisədə bilavasitə qızıl satışı üzrə 7 faiz artım deməkdir. Qeyd olunan ümumi satış həcmindən qızıl üzrə 62,1 min, gümüş üzrə isə 90,8 min unsiyası xaricdə realizə edilib. Ümumiyyətlə, 2023-cü il ərzində xarici və yerli bazarlarda qızıl və gümüş satışı nəticəsində 232,8 milyon manat məbləğində gəlir əldə edilib ki, bunun 210,1 milyon manatını ixrac, 22,7 milyon manatınısa daxili satış gəlirləri təşkil edib. İxrac gəlirləri 2022-ci illə müqayisədə 11 faiz, yerli bazarda isə 81 faiz artıb. Bütövlükdə isə, 2017-2023-cü illər üzrə qızıl və gümüş satışı nəticəsində 1,19 milyard manat ümumi gəlir əldə edilib. Beləliklə, Tanrı Azərbaycana hər cür sərvət bəxş etdiyindən qızılın bahalaşması ölkəmiz üçün əslində yeni üfüqlər açır. Yaranmış vəziyyət bizdən mədənçıxarma sənayesini daha da genişləndirməyi və sürətlə inkişaf etdirməyi tələb edir. Bu baxımdan, işğaldan azad olunan ərazilərin potensialından maksimum və tez istifadə etmək lazımdır ki, Kəlbəcər, Zəngilan, Cəbrayıl, Ağdərə rayonlarındakı qızıl yataqlarının istismarı ölkəmizə həm külli məbləğdə valyuta gəlirləri, həm də ehtiyatları vəd edir".

İqtisadçı ekspert Fuad İbrahimov Beynəlxalq Qızıl Araşdırmaları Mərkəzinin proqnozuna əsaslanaraq qızılın qiymətində bahalaşmanın davam edəcəyini qeyd edib: "Qiymət artımı növbəti illərdə də dayanmayacaq. Proqnozlara görə, yaxın zamanda qızıla tələbat ən azı 25 faiz artacaq. Təbii ki, bu, proqnozdur, ehtimaldır. Amma bununla belə, gələcəkdə digər proseslər də baş verə bilər. Belə ki, dünya birjalarında spekulyativ alət deyilən bir anlayış var. Bax, bu alət hərəkətə gələndə çox şey insan faktorundan asılı olmur. Yəni tələbatın artması fonunda qızılın qiymətində müəyyən ucuzlaşma olur. Belə olanda bütün bazar iştirakçıları baha aldıqları malı təşviş içərisində bazara daha ucuz qiymətə təklif edirlər. Təbii ki, bunlar istisna hallardır. Amma bu gün Azərbaycan bazarı heç bir təşviş yaşamır. Sadəcə, müəyyən səngimələr nəzərə çarpır. Amma bütün hallarda dünyada olduğu kimi, Azərbaycanda da qızılın qiyməti getdikcə bahalaşacaq".

İqtisadçı ekspert Xalid Kərimli deyir ki, dünya bazarında qızılın qiymətinin artması özünü Azərbaycanda da göstərir. Ay ərzində qızılın qiyməti 10 faizdən çox artıb: "Qızılın qiymətinin artmasının səbəblərindən biri də qeyri-müəyyən maliyyə mühitində banklar və investorlar üçün təhlükəsiz investisiya olduğu üçündür. Bu ilin ikinci yarısından başlayaraq intensiv sürətdə faiz dərəcələri aşağı salına bilər. Bu zaman qızıl kimi əmtəələrin qiyməti yüksəlir. Çünki faiz dərəcələrinin aşağı salınması divident verməyən qızıl kimi aktivlərə investorların marağını artırır. Faiz dərəcəsinin aşağı enməsi bontlardan gələn gəlirlərin aşağı enməsinə səbəb olur. Bontların gəlirləri azaldıqca isə qızıla maraq artmış olur".

Xalid Kərimlinin söylədiyinə görə, paytaxtdakı qızıl bazarlarında vəziyyət isə fərqlidir: "Topdan satışın qramı 95 manatdır. Vətəndaşlara satışını isə 110 manatdan veririk. Əvvəl isə qramı 85 manat idi. Hər qramı 10 faizdən çox artıb. Az qala hər həftə aldığımız qiymət qalxır. Xaricdən gətirənlər deyir ki, qiymət hər həftə 5 dollar artacaq. İtaliya, Türkiyə, Rusiya və digər ölkələrdən gətirilən qızılların hamısı bahalaşıb. Türkiyə qızılının qramı 105-110 manat, İtaliya qızılı 120-130 manat, ərəb qızılı 140 manatdan başlayır. 585 əyar olan Rus qızılının qiyməti 105-110 manat arasıdır. 750 əyar olanların isə qiyməti 120-130 manatdır. Rus qızılında da təxminən 7-8 dollar qiymətlərdə artım müşahidə edirik".

Sevinc QARAYEVA






















Bizi İnstagramda izləyin

Seçilən
167
3
Mənbələr
Şərh ()
Bağla