AZ

“Aidiyyatsız dövlət qurumlarında tikinti şöbələri ləğv edilsin” - Razi Nurullayev

“Şəhər gözəllləşir, infrastruktur yaradılır və insanların rahatlığı üçün xeyli addımlar atılır. Bu işlərin fonunda yarımçıq tikililər narahatlıq yaradır. Yarımçıq tikililər bütün şəhər ərazisində var. Onlar böyük əraziləri tutub və istifadəsiz qalıb”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Razi Nurullayev bildirib.
Deputat belə yarımçıq tikililərin tutduğu yüzlərlə hektar ərazilərlə bağlı qərar verilməsini təklif edib.
“Yüz hektarlarla hasarlanmış ərazilərlə bağlı niyə addımlar atılmır? Bunlar kiminsə əmlakı ola bilər, amma bu o demək deyil ki, “ərazimdir özüm bilərəm” olsun. Özümüzü müqayisə etdiyimiz Avropa ölkələrində həyətyanı sahələrdə əkilən qazonun biçilməsi və hündürlüyü ilə də bağlı standart var”.
Deputat qeyd edib ki, yarımçıq tikililər həm də ona görə var ki, hansısa vəzifəli şəxslər, yaxud onlara bağlı biznesmenlər zamanında tikməyə başlayıb, vəzifədən alınıb, yaxud həbs edilib və biznes imperiyası alt-üst olub.
“Amma, yenə də bu yarımçıq tikililəri illərlə saxlamaq düzgün deyil. Ya onlardan qanuni yollarla alınıb istifadəyə verilsin, ya da özlərinə vaxt qoyulsun ki, tikintini başa çatdırsınlar. Yox, qanunsuzdursa, baş plana uyğun deyilsə, o zaman sökülməsi və ya başqa məqsədlər üçün istifadəsi ilə bağlı qərarlar verilsin”.
Deputat təklif edib ki, tikinti şöbələri ləğv edilsin.
Onun sözlərinə görə, müxtəlif nazirliklərin, komitələrin, belə demək olar ki, əksər dövlət qurumlarının təkribində tikinti şöbələri var.
“Nazirliklərin, dövlət qurumlarının öz işləri var, birbaşa səlahiyyətləri ilə məşğul olsunlar, tikinti ilə yox. Ona görə də təklif edirəm ki, aidiyyatsız dövlət qurumlarında tikinti şöbələri ləğv edilsin. Ayrıca bir dövlət agentliyi, yoxsa komitəsi olsun və onlar tikinti ilə məşğul olsunlar. Bu çox səmərəli bir yanaşma olar və aidiyyatı dövlət qurumları da tikinti yarışına girişib, əsas vəzifələrini yaddan çıxarmazlar”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
213
2
hafta.az

3Mənbələr