AZ

Köçəryan “siyahı hazırlayaq” dedi – Türkiyənin işinə yarayır

Ermənistanda “erməni soyqırımı” ilə başlayan müzakirələr Türkiyənin əlini gücləndirə bilər. Ermənistan parlamentinin komitə sədri və hakim partiyanın üzvü Andranik Köçəryan “soyqırıma məruz qalan 1.5 milyon erməninin ad və soyadını müəyyənləşdirməliyik” deyib. Bu, yeni mövzudur.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu 24 aprel qondarma erməni soyqırımı ərəfəsində Ermənistanda başlayan müzakirələr haqda qeyd edib.

O bildirib ki, Andranik Köçəryan Baş nazir Nikol Paşinyanın danışan dilidir, ya onun düşüncələrini erməni cəmiyyətinə ilk söyləyənlərdəndir, ya da liderinin söylədiklərini əsaslandırır:

“Andranik Köçəryan “soyqırım”a məruz qalanların siyahısını hazırlamadıqları halda Türkiyənin “soyqırım olmayıb” arqumentindən heç zaman xilas olmayacaqlarını bildirib. Andranik Köçəryan bu mövzu haqda danışarkən, İsraili misal çəkib. İsrail İkinci Dünya müharibəsində soyqırıma məruz qalan yəhudilərin siyahısını tərtib etməyə müvəffəq olub. Bunun sadə izahı var, yəhudi soyqırımı məlum fakt olduğundan öldürülən şəxslərin müəyyənləşdirilməsi mümkün olub. “Erməni soyqırımı”nda istifadə edilən rəqəmlər isə şişirtmədir, əks halda ermənilər də yəhudilər kimi siyahı tərtib edə bilərdilər.

Bütün hallarda Paşinyan komandasının “soyqırım siyahısı” barədə yanaşması erməni cəmiyyətində və erməni diasporunda ikitirəlik yaradacaq. Çünki ermənilər siyahı tərtib edə bilməyəcəklərini yaxşı anlayırlar, buna rəğmən, onların bir hissəsi “soyqırım” təbliğatı kampaniyasından əl çəkmək istəmir. Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyən Nikol Paşinyan isə “soyqırım” mövzusunun onun Ankara ilə danışıqlarda manevr imkanlarını məhdudlaşdırdığını anlayır. Çünki Ankara İrəvanla danışıqların sonrakı mərhələsində onunla münasibətləri normallaşdırmaq istəyən Paşinyan hökumətindən “soyqırım” təbliğatından imtinanı da tələb edəcək. Ermənistandakı radikal qüvvələr üçün isə Türkiyə əbədi düşməndir. Bir müddət əvvəl Ermənistan Xarici İşlər Nazirliyindəki vəzifəsindən istefa verən Edmon Marukyan “soyqırım” təbliğatından imtinanın Türkiyənin işinə yarayacağını bildirib. Marukyan “siyahı” mövzusunun müzakirəsinin ermənilər üçün zərərli olduğunu vurğulayıb. “Bu mövzunun müzakirəsini dayandırmaq lazımdır” deyən Marukyan Türkiyənin tələsinə düşəcəkləri barədə xəbərdarlıq edib. Marukyan bu mövzunun müzakirəsinin həm də ona görə əleyhinədir ki, 30-a yaxın dövlət “erməni soyqırımı”nı tanıyıb. Yəni Marukyan demək istəyib ki, “soyqırım”la bağlı müzakirələr Ermənistanda genişlənərsə, bu “erməni soyqırımı”nı tanıyan dövlətləri də pis vəziyyətə salacaq. Türkiyənin yeni arqumenti bu ola bilər: “Ermənistanda son müzakirələr də göstərir ki, soyqırımla bağlı heç erməni cəmiyyətində yekdil fikir yoxdur, öldürüldükləri iddia etdikləri barədə məlumatları yoxdur, çünki olmayan hadisəni reallıq kimi qələmə verməyə çalışırlar”.

Seçilən
45
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq