AZ

Fövqəladə Hallar Nazirliyi təkər satışı və təmiri mərkəzində yanğın təhlükəsini aradan qaldırıb

Bakı, 16 aprel, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Xidmətin əməkdaşları Bakı şəhərinin Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 142A ünvanındakı təkər satışı və təmiri mərkəzində yanğın təhlükəsizliyi tələblərinin kobud şəkildə pozulması faktları aşkarlayıblar. Bu, kiçik ehtiyatsızlıq və ya səhlənkarlıqdan yüksək yanma xassəsinə malik avtomobil şinlərində baş verə biləcək yanğının qısa müddətdə genişlənərək böyük fəsadlara səbəb olması riskini yaradır.

Həmin məsələ ilə bağlı obyekt sahibi ilə profilaktik söhbət aparılaraq çatışmazlıqlar diqqətə çatdırılıb.

Eyni zamanda, qeyd edilənlərlə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərinə uyğun olaraq, Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları inzibati xəta haqqında protokol tərtib ediblər. Həmçinin təkər tullantıları sahibkar tərəfindən ərazidən daşınaraq, yaranmış yanğın təhlükəsi aradan qaldırılıb.

Seçilən
47
17
Mənbələr
Şərh ()
Bağla