AZ

Cənubi Qafqaz: geosiyasi təsirlər fonunda

II məqalə
Üçüncü istiqamət: Türkiyənin konstruktiv təsiri
Hər hansı regiona kənar güclə­rin təsirləri artanda yerli dövlətlərin hansı mövqe tutmalarının əhəmiyyə­tini I məqalədə vurğulamışıq. Cənubi Qafqazda hazırda milli maraqlarına görə böyük güclərin mənafeyini balanslaşdı­ran yeganə dövlət Azərbaycandır. Bu regionda təhlükəsizliklə bağlı istənilən geosiyasi konfiqurasiya Azərbaycansız mümkün deyildir. Həm də ona görə ki, Bakı regional təhlükəsizliklə bağlı “3+3” formulunun təşəbbüskarıdır. Deməli, bu gün Cənubi Qafqazda geosiyasi yer tut­maq istəyən qüvvələr vəziyyətə həmin formulun kontekstindən baxmalıdırlar. Bu təhlükəsizlik formulunun şərtləri daxilində fəaliyyət göstərməli və müəy­yən nəticələr çıxarmalıdırlar. 
Rusiya tərəfi də burada Azərbayca­nın maraqlarının təmin olunmasını ön plana çıxarmalıdır. Yəni, faktiki olaraq, “Ermənistan Rusiyanın Cənubi Qafqaz­da əsas strateji müttəfiqidir” tezisinə düzəliş etməlidir. Balansı saxlamaq üçün rəsmi Moskva Azərbaycan fakto­runu Cənubi Qafqaz siyasətində yeni səviyyəyə yüksəltməlidir. Ermənistan rəhbərliyinin son zamanlar atdığı ad­dımlar bunun üçün Kremlin əlinə yeni arqumentlər də verir. 
Məsələn, rəsmi İrəvan gah KTMT-dən narazılıq edir, gah MDB-dən şikayətlənir, gah da yeni təhlükəsizlik formulu axtardığını nümayiş etdirir. Bu səbəbdən, rəsmi İrəvan və onun Qərb havadarlarının son zamanlar absurd “dünyanın kəsişməsi” ideyasından da­nışmaları təsadüfi deyildir. Son Brüssel görüşündən sonra da ortaq bəyanatla­rında bundan bəhs etmişlər. Lakin Qərb də bilir ki, N.Paşinyanın ortaya atdığı bu fikir mənasız sözdən və absurd mövqe­dən başqa bir şey deyildir. İki səbəbdən bu belədir. 
Birinci səbəb artıq regional əmək­daşlığın formulu mövcuddur. Bu, bey­nəlxalq layihələr çərçivəsində Zəngə­zurdan keçməklə nəqliyyat dəhlizinin açılması sayəsində regionun hər bir dövlətinin əməkdaşlığını təmin etməklə əlaqəlidir. 
İkinci səbəb regional təhlükəsizlik formulunun təklif olunması ilə bağlıdır: “3+3”. Bu formul kənar təsirlər olmadan Cənubi Qafqazın 3 dövlətinin qonşu Rusiya, İran və Türkiyənin iştirakı ilə təhlükəsizliyi təmin etmək formatıdır! 
Bundan başqa, təklif edilən əmək­daşlıq və təhlükəsizlik platformaları real arqumentlərə əsaslanır. Buna hər hansı alternativ çıxarmaq, bütövlükdə, regio­nal əməkdaşlıq və təhlükəsizliyin qarşı­sını almaq deməkdir. Nəzərə almaq la­zımdır ki, Azərbaycanın təşəbbüsçüsü olduğu formatlar regionun hər bir dövləti üçün düşərlidir. 
Digər tərəfdən, Rusiya başlanğıc­dan Zəngəzur dəhlizi layihəsində üzə­rinə öhdəliklər götürmüşdür və “3+3” formatında iştirakla bağlı mövqe bildir­mişdir. Deməli, Moskva indi bu format­ların reallaşması üçün siyasi-diplomatik fəallıq göstərməlidir. Ancaq, təəssüf ki, məhz bu istiqamətdə Rusiyanın təsirli addımlarını müşahidə etmirik. 
Əslində, Cənubi Qafqazda sabitliyi, əməkdaşlığı və təhlükəsizliyi təmin edə biləcək geosiyasi konfiqurasiya müm­kündür. Bunun üçün Türkiyənin regiona təsirlərinə baxmaq kifayətdir.
Rəsmi Ankara situasiyaya kifayət qədər təmkin və konstruktivliklə yana­şır. Türkiyənin regionun heç bir dövləti ilə münaqişəsi yoxdur və onların hər hansı birinə qarşı addımlar atmır. Azər­baycanla strateji müttəfiqdir. Gürcüs­tanla da strateji əməkdaşlıq xətti yeridir. Bu dövlətlə bütün sahələrdə davamlı əməkdaşlıq edir. Energetika, iqtisadi, nəqliyyat sferaları ilə yanaşı, təhlükə­sizliklə də bağlı Tbilisiyə Ankara hər cür dəstəyi verir.
Ermənistanla münasibətlərin nor­mallaşması üçün də Türkiyə səy göstərir. Ankaranın yeganə şərti Azər­baycanla Ermənistanın sülh müqavilə­sini imzalamasıdır. Bu tələb olduqca normal, təbii və hazırkı vəziyyətə tam uyğundur. Çünki Cənubi Qafqazda geosiyasi sabitlik və əməkdaşlıq mü­hiti yalnız regionun bütün dövlətləri arasında normal münasibətlər olduğu halda mümkündür. Buradan Türkiyənin Cənubi Qafqaz siyasətinin digər güclü dövlətlərdən əsas fərqi aydın olur. 
Türkiyə yeganə böyük dövlətdir ki, regiona münasibətdə onun hər bir ölkə­si ilə konstruktiv münasibətlər qurmaq xəttini yeridir. Diqqət etsək, görərik ki, Ankaradan başqa Cənubi Qafqazla bağlı regionun bütün dövlətləri arasın­da normal münasibətlərin formalaşma­sına çalışan ikinci güc yoxdur. Özünü sülhsevər göstərməyə çalışan digər güclər mütləq birtərəfli, konkret olarq ermənipərəst mövqe tuturlar. Türkiyə isə Azərbaycanpərəst mövqe tutmur – real vəziyyətə uyğun dövlətlər arasında münasibətlərin normallaşması halında regionun hər bir ölkəsi ilə əməkdaşlığa hazırdır. 
Burada Azərbaycan faktorunu müt­ləq qeyd etməliyik. Çünki Türkiyənin Cənubi Qafqazda fəaliyyəti bütün hal­larda Azərbaycanla razılaşdırılır. Şuşa Bəyannaməsi bunun hüquqi əsasını yaratmışdır. Belə alınır ki, Ankaranın Cənubi Qafqazda konstruktiv fəaliyyəti həm də Azərbaycanın xidmətidir. Rəsmi Bakı strateji müttəfiqinin ədalətli mövqe tutmasını həmişə alqışlamışdır. 
Məsələnin Azərbaycanla bağlı di­gər tərəfi region kontekstində başqa bir faktın prizmasında çox əhəmiyyətli görünür. Biz, Cənubi Qafqazda yeganə olaraq Azərbaycanın həm Türkyə, həm də Rusiyanın strateji müttəfiqi olmasını nəzərdə tuturuq. Bu, çox ciddi pozitiv faktordur. Çünki Azərbaycanla stra­teji müttəfiqlik iki böyük gücün ortaq nöqtələr tapmalarına hüquqi, geosiya­si və siyasi əsaslar verir. Həm də ona görə ki, Azərbaycan hər iki strateji müt­təfiqi ilə konkret layihələr vasitəsilə real əməkdaşlıq edir. Bu da Azərbaycan va­sitəsilə Türkiyə və Rusiyanın əməkdaş­lığı inkişaf etdirmək üçün böyük imkan­lara malik olduqlarını göstərir. 
Bütün bunlardan belə bir məntiqi nəticə alınır: Cənubi Qafqazda etibarlı, davamlı sülh gətirə biləcək geosiyasi konfiqurasiyanın mərkəzində Azərbay­can – Rusiya – Türkiyə strateji müttəfiq­liyi dura bilər. 
Bununla tarixi və geosiyasi baxım­dan maraqlı bir mənzərə alınır. XXI əsrdə ilk dəfə olaraq Azərbaycanın böyük rolu ola biləcək regional geosiyasi güc mərkəzi formalaşa bilər. Bundan başqa, həmin güc, bütövlükdə, regionun ge­osiyasi mənzərəsini keyfiyyətcə uzun müddət üçün dəyişə, konkret olaraq, Cənubi Qafqaza sülh, əməkdaşlıq və təhlükəsizlik gələ bilər. 
Bu tarixi və geosiyasi fürsətin fo­nunda Ermənistan və havadarlarının regional miqyasda fəaliyyətləri çox riskli görünür. Bu tezisin müxtəlif aspektləri vardır. 
Geosiyasi “sınma nöqtəsi” 
Bəlkə də indi Cənubi Qafqazda “The American Interest” jurnalının kolumnis­ti, professor Uolter Rassl Midin 2014-cü ildə işlətdiyi bir metaforanın təsdiqi anı­nı yaşayırıq. Amerikan professor “Geo­siyasətin qayıdışı” adlı məqaləsində ya­zırdı ki, “təftişçi geosiyasi güclər cavab zərbəsi” endirirlər. Eynilə, həmin təftişçi geosiyasi güclər Cənubi Qafqazda re­vanşizm ruhunda Azərbaycanın müha­ribədən sonra yaratdığı geosiyasi xətti “təftiş etməyə” çalışırlar. 
Bu fikrin konkret ifadəsi rəsmi İrəva­nın və ona havadarlıq edən ABŞ – Av­ropa İttifaqı güclərinin başlıca məqsə­dinin məhz regionda postmüharibə mərhələsinin pozitiv geosiyasi xəttin­də yeni “sınma nöqtəsi” axtarmaqdan ibarət olması ilə bağlıdır. Onlar konkret olaraq Azərbaycanın aparıcısı və təşki­latçısı olduğu geosiyasi xəttin hansısa bir məqamda “sınmasına” çalışırlar. Onun əlamətləri artıq özünü göstərir. O cümlədən, son zamanlar “İMEC” adlı və Hindistanla ABŞ-ın ortaya atdığı yeni “əməkdaşlıq dəhlizi” məhz “geosiyasi sınma”ya xidmət edir. Çünki bu çox ba­halı və rentabelli olmayan layihə birba­şa “Bir kəmər, bir yol” layihəsinə alter­nativ kimi təqdim edilir. 
Maraqlıdır ki, həmin layihənin ən gərgin hissəsi məhz Cənubi Qafqazla bağlıdır və Zəngəzur dəhlizi məsələsi də bura daxildir. Buna görədir ki, obrazlı olaraq “dəhlizlərin savaşı”ndan danışa bilərik. İndi iki layihənin ortaq dəyərlə­rindən deyil, onlardan birinin seçilməsi ilə geniş bir məkanda hansı geosiyasi və nəqliyyat marşrutu konfiqurasiyası­nın yaranacağından danışırlar. Bu, do­layısı ilə Cənubi Qafqazda formalaşmış konstruktiv geosiyasi xətti haradasa sındırmağa çalışmaq deməkdir. 
Digər əlamət kimi, Qərbin faktiki olaraq, Cənubi Qafqazda geosiyasi ayı­rıcı xətt yaratmaqla məşğul olması ilə bağlıdır. Bu xüsusda Brüsseldəki mü­zakirələr məsələni daha həssas etmiş­dir. Geosiyasi ayırıcı xəttin yaradılması yekun olaraq hazırda regionda mövcud olan geosiyasi mənzərədə bir-birinə düşmən olan “barrikadalar qurmaq” an­lamına gəlr. Bu, “coğrafiyanınmı qisası­dır”, yoxsa geosiyasi konfrontasiyanın revanşist kükrəməsi? Hər halda, bu, bir sıra böyük güclərin qlobal geosiyasətə vurmaq istədikləri zərbənin sədası təsi­rini bağışlayır!
Onların bu davranışları ilə son za­manlar gərginləşən İran–İsrail münasi­bətləri də kifayət qədər riskli görünür. Tərəflər bir-birinə havadan zərbələr en­dirirlər və təhlükəli bəyanatlar verirlər. Nəzərə alaq ki, bunlar Cənubi Qafqaza çox yaxın məkanda baş verir, təhlükə­nin buraya sıçramasını istisna etmək olmaz. 
Türk Dövlətləri Təşkilatı – sabahın ümid qapısı
Ancaq hər şey itirilməyib. Türk Döv­lətləri Təşkilatı faktoru öz rolunu onayır. Türkiyənin Azərbaycanda və digər türk dövlətlərində hərbi-sənaye kompleksi­ni yeniləşdirmək istiqamətində atdığı addımlar meydana güclü bir geosiyasi faktorun çıxdığını göstərir. İndiki situa­siyanın öncəkilərdən fərqi ondan ibarət­dir ki, yeni geosiyasi güc hətta böyük güclərlə mübarizə apara bilər. Tədricən TDT real geosiyasi meydanda fəaliyyə­tini göstərir və konkret layihələrlə özünü təsdiq edir. Türkiyənin Azərbaycanda, Qazaxstanda, Özbəkistanda hərbi-sə­naye kompleksi ilə bağlı həyata keçirdi­yi layihələr, müxtəlif sferalara aid əmək­daşlıq proyektlərinin təşviqi və həyata keçməsi bu baxımdan çox ümidvericidir. 
Hər halda, Azərbaycanın güclü mövqeyi sayəsində Cənubi Qafqaz hələ sabitdir. Bakının İrəvana qarşı təmkin­li və sabit duruşu göstərir ki, regionda proseslərin müsbət məcrada qalması üçün Azərbaycan qətiyyətli fəaliyyətini davam etdirəcək. 
Bunların nəticəsi olaraq TDT-nin, geosiyasi faktor olaraq, Cənubi Qafqaz­da aparıcı mövqeyə çıxması ehtimalı yüksəkdir. Burada TDT – Rusiya geo­siyasi və təhlükəsizlik əməkdaşlığı da istisna edilməməlidir. Tərəflər konkret layihələr üzrə bu məqsədlərini reallaş­dıra bilərlər.
Beləliklə, Cənubi Qafqaza kənar tə­sirlər müxtəlif istiqamətlərdən və fərqli məqsədlərlə artmışdır. Burada mürək­kəb bir geosiyasi mənzərə yaranmışdır. Ancaq bu mürəkkəbliyin bir ümid “çııra­ğı” da vardır. O, türk dövlətlərinin geosi­yasi güc kimi fəallıqlarını artırmaları ilə bağlı olacaqdır. 
Füzuli QURBANOV, XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
181
50
xalqqazeti.az

10Mənbələr