AZ

Beynəlxalq Mədəniyyət Günüdür

Bu gün Beynəlxalq Mədəniyyət Günüdür.


Sfera.az xəbər verir ki, 15 aprel dünyada Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunur. 

 

Bu tarix 1935-ci il aprelin 15-də Vaşinqtonda “Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi və qorunması haqqında” imzalanmış müqavilə ilə əlaqəlidir. Beynəlxalq hüquq təcrübəsində bu gün Rerix paktı kimi də tanınır və dünyanın bir çox ölkəsində qeyd olunur.  

 

1935-ci ildə Nyu-Yorkda Rerix paktının rəsmi simvolu olan Sülh Bayrağına həsr olunmuş bayram tədbiri keçirilib. Rəssam onu ağ fonda qırmızı dairəyə daxil edilmiş üç qırmızı dairə kimi təsvir edib.


Ümumiyyətlə, tarix və mədəniyyət abidələrinin xarici qüvvələrin dağıdıcı təsirindən qorunmasını tənzimləyən qaydalar ideyası məhz rəssam və filosof Nikolas Rerix tərəfindən yaradılıb. 20-ci əsrin lap əvvəllərində, müharibələr və ərazilərin yenidən bölüşdürülməsi dövründə milli antik dövr abidələrini öyrənərkən onların qorunmasının nə qədər vacib olduğunu başa düşən rəssam 1914-cü ildə Rusiya hökumətinə və digər hökumətlərə müraciət edib. Lakin sonradan bu müraciət cavabsız qalıb. 1929-cu ildə o, müxtəlif ölkələrin hökumətlərə və xalqlara mədəni irsin qorunmasının hərbi zərurətdən üstünlüyünü təsdiq edən beynəlxalq müqavilənin təkmil formada işlənmiş layihəsi ilə müraciət edib. Onu bu işdə Albert Eynşteyn, Bernard Şou, Herbert Uells, Tomas Mann və o dövrün digər bir çox tanınmış mədəniyyət və elm xadimləri dəstəkləyib.

 

Bundan sonra N.Rerix pakt üstündə işləməyə davam edir. Daha sonra 1931-ci ildə Belçikada keçirilən Rerix Paktı I Beynəlxalq Konfransı zamanı o, Ümumdünya Mədəniyyət Gününün təqdim edilməsini təklif edir. 1935-ci il aprelin 15-də Vaşinqtonda, Ağ Evdə 21 dövlətin başçısı Yer kürəsinin tarixində onun yaradıcısının adını daşıyan “Bədii və elmi müəssisələrin və tarixi abidələrin mühafizəsi haqqında” ilk beynəlxalq müqaviləni imzalayırlar. Bu razılaşma da məhz onun adını daşıyır və “Rerix Paktı” adlandırılır.


1998-ci ildə Beynəlxalq Rerixlər Mərkəzi tərəfindən iki il əvvəl təsis edilmiş Mədəniyyətin Müdafiəsi üzrə Beynəlxalq Liqa Paktın imzalanma tarixini Beynəlxalq Mədəniyyət Günü kimi qeyd etmək təşəbbüsü ilə çıxış edib. Bu, fəaliyyəti mədəniyyət, incəsənət, elm və dinin nailiyyətlərinin qorunmasına və artırılmasına yönəlmiş ictimai təşkilatdır. Nəhayət, 2008-ci ilin dekabrında Rusiya, İtaliya, İspaniya, Argentina, Meksika, Kuba, Latviya və Litvanın ictimai təşkilatlarının təşəbbüsü ilə 15 aprelin dünya bayrağı altında Ümumdünya Mədəniyyət Günü kimi təsdiqi üçün beynəlxalq hərəkat yaradılıb.Hazırda dünyanın müxtəlif ölkələrində və şəhərlərində bu bayram qeyd olunur. Həmin gündə konfranslar və mühazirələr, sərgilər və konsertlər, şeir gecələri, rəqs və teatr tamaşaları keçirilir.


Ümumiyyətlə, mədəniyyət anlayışının izahı insanın və cəmiyyətin inkişafının müasir səviyyəsi, insan övladının yaratdığı və nəsildən-nəslə ötürdüyü maddi və mənəvi dəyərlər ilə bağlıdır. Latın dilindən tərcümədə “julture” - “becərmək”, “bəsləmək”, “yaxşılaşdırmaq” mənalarını verən “mədəniyyət” anlayışı insanların fəaliyyət dairəsinin tədricən genişlənməsi ilə əlaqədar olaraq daha geniş bir məna daşımağa başladı. Bununla da, sözün “maarifçilik”, “savad”, “tərbiyə” kimi müxtəlif mənaları formalaşdı. Ərəb dilindən tərcümədə isə bu söz “şəhərsalma” mənasında izah edilir. Çoxəsrlik zəngin mədəni irsə sahib olan Azərbaycanda da mədəniyyətin inkişafı hər zaman dövlət tərəfindən diqqət mərkəzində saxlanılmaqdadır. 

 


Firuzə Əliyeva
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
13
Mənbələr
Şərh ()
Bağla