AZ

Fernando Santos “Beşiktaş”dan qovuldu

Futbol üzrə Türkiyə Super Liqasında uğursuz mövsüm keçirən “Beşiktaş”da baş məşqçi Fernando Santos istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə İstanbul klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, Santosla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Portuqaliyadan olan təcrübəli mütəxəssisə xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.

“Beşiktaş” müqaviləyə vaxtından öncə xitam verdiyi üçün Santosa 500 min avro təzminat ödəyəcək.

İstanbul təmsilçisinə mövsümün sonuna kimi kimin rəhbərlik edəcəyi də məlumdur. Klub baş məşqçi postunu müvəqqəti olaraq Sərdar Topraktəpəyə tapşırıb.

Xatırladaq ki, Fernando Santos bu ilin yanvar ayında “Beşiktaş”ın baş məşqçisi təyin olunmuşdu. 69 yaşlı məşqçinin müqaviləsi 2025-ci ilin 30 iyununa qədər idi. Komanda onun rəhbərliyi altında keçirdiyi 16oyunda komanda 7 qələbə qazansa da, 4 heç-heçə edib və 5 məğlubiyyətə üzülüb.

Santos “Beşiktaş”dan əvvəl “Eştoril”, “Estrela da Amadora”, “Portu”, AEK, “Panatinaikos”, “Sportinq”, “Benfika”, PAOK kimi komandaların da baş məşqçisi olub. O, həmçinin Yunanıstan, Portuqaliya və Polşa milli komandalarını çalışıdırıb. Təcrübəli mütəxəssis xüsusilə Portuqaliya yığmasında daha böyük uğurlara imza atıb. O, bu komanda ilə AÇ-2016-da, UEFA Millətlər Liqasının 2019 mövsümündə çempionluğu bayram edib, həmçinin 2017-ci ildə Konfederasiyalar Kubokunda bürünc medal qazanıb.

Qeyd edək ki, “Beşiktaş” Türkiyə Super Liqasının cari mövsümündə keçirdiyi 32 oyunda 14 qələbə qazanıb, 6 heç-heçə edib və 12 məğlubiyyətə üzülüb. Komanda 48 xalla 4-cü pillədə qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
205
50
arena.az

10Mənbələr