AZ

Övladı universitetə hazırlaşan valideynlərin NƏZƏRİNƏ: Bunu mütləq edin! 

“Hər bir valideyn imtahandan öncə bir dəfə də olsa övladını psixoloq yanına aparmalıdır. İmtahana daxil olmadan əvvəl hər bir abituriyent ya strestestdən keçməlidir, ya da psixoloqdan motivasiya almalıdır”. 

Bu fikirləri “Yeni Sabah”a açıqlamasında psixoloq Gülnar Orucova bildirib. O, abituriyentlərin imtahana psixoloji cəhətdən hazırlaşmağının vacibliyindən danışıb: 

“Abituriyent stresinin, gərginliyinin, narahatlığının nə olduğunu psixoloqla paylaşmalıdır və çıxış yolu tapmalıdır. Bunu etmədikdə, kifayət qədər yaxşı nəticə göstərə bilən bir abituriyent gedir aşağı bal ylğır. Nəyin fonunda? Çünki vaxtı idarə edə bilmir, stresli vəziyyətə düşür və bədən də buna müxtəlif formada reaksiya verir. Bu reaksiyalar abituriyentin imtahandan çıxmasına, kənarlaşdırılmasına səbəb olur. Halbuki bu məsələdə psixoloqlar şagirdlərə bir sıra məsləhətlər verir, onları başa salır.  O baxımdan hər bir şagird imtahana psixoloji cəhətdən də hazırlanmalıdır. Əslində, bu işə məktəb psixoloqları qarışmalıdır. Lakin onlar bu işə maraqlı deyillər, həm də əllərində bu üzrə proqram, test mövcud deyil. Yəni məktəb həmin məsələdə şagirdlərə heç bir dəstək verə bilmir”. 

Psixoloq valideynlərə məsələ ilə bağlı vacib çağırış edib: 

“Ümumiyyətlə, son illər universitetə daxil olmaq şagirdlərdən çox, onların valideynləri arasında olan bir yarışa çevrilib. Onlar düşünürlər ki, övladım ali məktəbə qəbul olubsa, artıq vəkildir, həkimdir, yaxud hər hansısa şirkət rəhbəridir. Ancaq bu belə deyil. Sadəcə, övladının ali təhsili olur. Fərq budur. Onun bacarığının, gələcəkdəki göstəricilərinin nə olacağı hələ də naməlumdur. Valideyn övladına uğurlu, uğursuz olmasından asılı olmayaraq hər zaman dəstək olmalıdır, ona güvən verməlidir. Övladına izah etməlidir ki, sən mənə hər cürə qəbulsan, universitetə daxil olub-olmamağından asılı olmayaraq, bu belədir. Əgər valideynlər bu sözləri, fikirləri övladına izah etsə, onlara ən azı bir psixoloq qədər fayda vermiş olar. 

Orta məktəblərdə elə bir vəziyyət hökm sürür ki, hansı müəllim ki, sinifdə dərs deyir, həmçinin, o repititor fəaliyyəti ilə məşğuldur. Yəni, məktəbdə dediyi dərsi daha yaxşı formada özəl olaraq izah edir. Ancaq məktəbdə sistem elə qurulmalıdır ki, müəllim məktəbdə dediyi dərs üzrə imtahan sualları hazırlansın və şagirdlər də təhsil müəssisəsində tədris edilən dərslə ali məktəbə qəbul olsun. Ata-analar uşaqlarına bu səbəbdən kifayət qədər pul xərcləyir. Onlar istəyirlər ki, imtahana hazırlaşan övladları daima kitab əlində gəzsin. Ancaq doğru düşünmürlər. Övladlarını təhdid etməklə onlara ağır şərtlər qoyurlar. Vəziyyət o yerə gəlib çatır ki, imtahan nəticəsi pis olan övlad canına qıyır. Axı ali məktəbə daxil olmamaq dünyanın sonu demək deyil. Bu, sadəcə ali təhsil almamaqdır. Hazırda kifayət qədər nümunə olan şəxslər var ki, ali təhsil almasalar belə, biznes sahəsində böyük uğur əldə ediblər. Yəni, uşağınızda bacarıq, liderlik olmalıdır ki, o öndə gedənlər sırasında olsun. Həyəcanı azaltmaq üçün isə bildirin ki, bu barədə ondan narahat deyilsiniz. Bunu bilsə, övladınızda heç bir stres olmayacaq”. 

Aytac Şahin 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
1
yenisabah.az

10Mənbələr