AZ

İrəvanda məktəblərdə terror aktları olacağı ilə bağlı mesajlar yayılıb, şagirdlər məktəbə getməyib

Sosial şəbəkələrdə İrəvan təhsil müəssisələrində planlaşdırılan terror aktları ilə bağlı dərc olunan yazılara görə yüzlərlə uşaq səhər saatlarında məktəbə getməyib. Bizimyol.info xəbər verir ki, Ermənistan mətbuatının verdiyi məlumata görə, "Telegram" kanallarında Ermənistanın paytaxtında 18 məktəbdə terror aktı hazırlandığı barədə mesajlar yayılıb, bundan sonra bir çox valideynin övladlarını dərsə göndərməkdən imtina etdiyi barədə məlumatlar peyda olub. İrəvanın mərkəzindəki bir neçə məktəbdə polis əməkdaşları və digər hüquq-mühafizə orqanları müşahidə aparıb, ölkə hakimiyyəti artıq bu nəşrləri “informasiya terrorizmi üsulu” adlandırmağa başlayıb. Təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan keçirdiyi brifinqdə bildirib ki, Ermənistana qarşı hibrid müharibə aparılır. Onun sözlərinə görə, təşviş üçün heç bir əsas yoxdur, səlahiyyətli orqanlar sosial şəbəkələrdə dərc olunan məlumatları yoxlayıb və orada yerləşdirilən fotoşəkillərin başqa ölkələrdə də oxşar təhdidlər üçün istifadə edildiyini müəyyən ediblər. Nazir onu da qeyd edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda Ermənistanda məktəblərdə terror aktlarının hazırlanması ilə bağlı geniş yayılmış məlumatları araşdırır. “Valideynləri və müəllimləri dezinformasiyaya əhəmiyyət verməməyə və panika yaratmamağa çağırırıq”, - deyə o bildirib. Nazirlikdən bu barədə onlara zənglərin daxil olduğu da qeyd olunub. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları məktəblərdə terror aktının təşkili ilə bağlı məlumatlarla birlikdə dərc edilən fotonu araşdırır. Öz növbəsində, Yerevan merinin mətbuat katibi Hayk Kostanyan sosial şəbəkələrdə məlumat verib ki, Yerevan meriyasının tabeliyində fəaliyyət göstərən orta məktəblərdə tədris prosesi normal gedir. O, bəzi məktəblərdə valideynlərin öz təşəbbüsü ilə uşaqlarını evə apardığını da vurğulayıb. Qeyd olunur ki, ötən gün İrəvan məktəblərində gözlənilən terror aktları ilə bağlı məlumatlar yayılmağa başlayıb. Hazırda Ermənistan Milli Təhlükəsizlik Xidməti bütün bunların arxasında kimin dayandığını müəyyənləşdirir və anonim tg kanalı bağlanıb. Adı çəkilən siyahıda olan hər bir məktəbdə indi hüquq-mühafizə orqanlarının əməkdaşları var. İnformasiya təhlükəsizliyi üzrə ekspert Samvel Martirosyan hesab edir ki, bunun arxasında xarici kəşfiyyat xidmətləri dayanır. Qadir, Bizimyol.info

Seçilən
169
36
Mənbələr
Şərh ()
Bağla