AZ

Avstraliya Fələstin dövlətini tanımaq məsələsini nəzərdən keçirəcək

"Avstraliya Fələstin dövlətinin beynəlxalq səviyyədə tanınması imkanlarını müzakirə etməyə hazırdır və hesab edir ki, bu, davamlı sülhə nail olmaq üçün bir yoldur". Bizimyol.info xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Penni Vonq jurnalistlərə açıqlamasında bildirib. Xarici işlər nazirinin sözlərinə görə, Yaxın Şərqdə sülh yalnız “Fələstin dövlətinin İsrail dövlətinə bitişik olacağı iki dövlətin mövcudluğu” şərti ilə əldə edilə bilər. “Həqiqət budur ki, həm israillilər, həm də fələstinlilər üçün təhlükəsiz və firavan gələcək yalnız iki dövlətin yaradılması, bir-birinin mövcud olmaq hüququnu tanıyan, İsrail dövləti ilə yanaşı Fələstin dövlətinin olması ilə təmin olunacaq”, - deyə o, Kanberranın "Fələstinin tanınması ilə bağlı beynəlxalq müzakirədə iştirak etdiyini" vurğulayıb. Nazir həmçinin qeyd edib ki, İsrailin ərəb qonşuları ilə münasibətlərinin normallaşması Fələstin dövlətçiliyinin yaradılmasında irəliləyiş olmadan uğursuzluğa məhkumdur: “Yalnız təhlükəsiz İsraillə yan-yana mövcud ola biləcək Fələstin dövlətinin tanınması təkcə Fələstin xalqına öz istəklərini həyata keçirmək imkanı verməyəcək, həm də sülh və radikal Fələstin hərəkatı HƏMAS-a qarşı olan qüvvələri gücləndirəcək”, - deyə Vongq bildirib. Aprelin əvvəlində Fələstinin BMT-dəki daimi müşahidəçisi Riyad Mənsur məlumat vermişdi ki, Maltanın Təhlükəsizlik Şurasına sədrliyi Fələstinin dünya təşkilatına qəbul üçün müraciətinə baxılması prosesinə başlayıb. Artıq Rusiya, İspaniya və bir sıra ərəb ölkələri Fələstinin BMT-yə tamhüquqlu üzvlüyünün lehinə çıxış ediblər. Fələstin hazırda BMT-də daimi müşahidəçi statusuna malikdir. Bu statusa malik ölkələr əksər iclaslarda iştirak edə və demək olar ki, bütün müvafiq sənədlərə çıxış əldə edə bilər, lakin səsvermə hüququna malik deyillər. Fələstindən başqa, yalnız Müqəddəs Taxt-Tac (Vatikan) BMT-də daimi müşahidəçi statusuna malikdir. Ölkənin BMT-yə üzvlüyünə qəbulu prosesi, dünya təşkilatının saytında göstərildiyi kimi, Təhlükəsizlik Şurasının tövsiyəsi ilə Baş Assambleyanın qərarı ilə həyata keçirilir. Təhlükəsizlik Şurasının tövsiyəsini almaq üçün qurumun daimi üzvlərindən heç birinin (Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransa) əleyhinə səs verməməsi şərti ilə, ölkənin müraciətinə Təhlükəsizlik Şurasının 15 üzvündən 9-u səs verməlidir. Bundan sonra məsələ BMT Baş Assambleyasına təqdim edilir və burada ölkənin üzvlük üçün müraciəti səslərin üçdə ikisini almalıdır. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
196
6
Mənbələr
Şərh ()
Bağla