AZ

Rafiq Əliyev: “Hava buludlu olacaq, Ay görünməyəcək, gözləyək ki, nə vaxt görünəcək? Dində belə şeylər yoxdur”

"Dinə görə Ramazan ayı 30 gündən artıq davam etməməlidir. Bayramın ayın neçə qeyd olunması məzhəbçilik məsələsidir. Şiə və sünni məzhəbinə görə, Ramazan bayramında 1 gün fərq olur. Şiələr bayramı 1 gün gec qeyd edirlər, sünnilər isə əskinə. Sədr olduğum dövrlərdə Nazirlər Kabinetinin qərarı olmuşdu ki, necə edək, ay başa çatandan sonra insanlara neçə gün istirahət verək? O vaxt 4 gündən söhbət getdi. Mən isə dedim ki, iki gün lazımdır - bir gün şiələr, bir gün də sünnilər üçün... Çünki başqa müsəlman ölkələrində həmişə bayram 1 günə təyin olunur. Belə çıxır, hava buludlu olacaq, Ay görünməyəcək, gözləyək ki, nə vaxt görünəcək? Dində belə şeylər yoxdur. Ramazan 30 gündür, 30 gün tamam olandan sonra bayram namazı qılınmalı, bayram qeyd olunmalıdır. Ramazana 1 gün əlavə edilməli deyil”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, professor Rafiq Əliyev deyib. 

 

“Nədənsə bizdə təkcə Ramazan yox, bütün dini bayramların hamısında bir gün fərq var. Səudiyyə Ərəbistanı sünnilər üçün öz hökmünü həyata keçirir, şiələr üçün də digər bir ölkədən hökm verənlər var. Bu, artıq insanlarımızda o qədər də ciddi narahatlıq yaratmır. Məndə şəxsən ziyalı kimi narahatlıq yaradır ki, ay 30 gün olmalıdır, 31 gün yox. Bu, dindəki qayda-qanunları, ehkamları pozmaq deməkdir. Bu, sadəcə, şiələr və sünnilər arasında olan münasibətlərin cəmiyyətimizdəki təzahürüdür. Bizdə sünni və şiələr İran və Səudiyyənin qərarından asılı olaraq bayramı qeyd edirlər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yarananda biz bu məsələni yalnız observatoriya vasitəsilə həyata keçirməyi məsləhət gördük. O zaman həqiqətən də, 4 il observatoriya vasitəsilə həyata keçirildi. Sonra da belə davam edirdi. İndi yenə nəsə vaxtlar, qaydalar hamısı pozuldu. Yenə əvvəlki qaydalara qayıdıldı, hər kəs öz məzhəbinin, “ağsaqqallarının” dediklərini yerinə yetirir. Buna çox da fikir vermək lazım deyil. Dövlət onlar üçün kifayət qədər vaxt verib, kim necə istəyirsə, bayramını elə qeyd etsin”, - o bildirib. 

 

Aytəkin Qardaşova

Tarix: 9 Aprel 2024, 09:05   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
269
50
pravda.az

10Mənbələr