AZ

Mario Balotelli: “Onlar məni incitmək üçün bunu edirlər”

“Adana Dəmirspor”un italiyalı mərkəz hücumçusu Mario Balotelli İtaliyada irqi ayrı-seçkilik fəsadlarından söhbət açıb.

Arena.az “Corriere dello Sport” dərgisinə istinadən, Balotellinin bu barədə fikirlərini təqdim edir:

“Bəzi qaradərili insanlar mənə qarşı düşmənçilik edir və irqçiliyi bəhanə kimi istifadə edirlər. İrqçilik hər yerdə deyil. İtalyanlar irqçi deyillər. Qaradərili insanların köçünə öyrəşmək onlarda başqalarından daha uzun sürdü. Həqiqət budur ki, onlar mənim kimiləri görməyə öyrəşməyiblər. Fəsad həm də ondan ibarətdir ki, stadionlarda irqçi fikirlər söyləməyə və belə şeylər etməyə həmişə icazə verilib. Amma mən zəmanət verirəm ki, stadionlarda müəyyən sözləri deyənlərin hamısı küçədə, gerçək həyatda bunu deməyəcəklər.

Ona görə də bu insanların irqçi olduğunu söyləmək mənim üçün çətindir. Məni incitmək üçün bunu edirlər. Amma onlar başa düşməlidirlər ki, irqçilik təhqir deyil, bu, daha da pisdir”, deyə Balotelli vurğulayıb.

Hazırda “Adana Dəmirspor”da çıxış edən Balotelli bu komandanın heyətində bütövlükdə 46 oyuna çıxıb, 26 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub. İtaliyalı hücumçunun Adana Dəmirspor”la müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Balotelli daha öncə “Syon”, “Montsa”, “Breşiya”, “Olimpik” (Marsel), “Nitsa”, “Liverpul”, “Milan”, “Mançester Siti” və “İnter”də də çıxış edib.

Mario Balotelli 2010-cu ilin avqustunda debüt etdiyi İtaliya yığmasının heyətində 36 oyun keçirib, 14 qol vurub, 5 məhsuldar ötürmə verib.

Xatırladaq ki, Balotelli əsasən pis xasiyyəti ilə tanınır. O, demək olar ki, hər klubda komanda yoldaşları və məşqçiləri ilə münaqişələr yaşayıb. Meydandan kənarda onun başına daim qalmaqallı və ya gülməli hadisələr gəlir. Mario meydanda da tez-tez sarı vərəqələr almağa, hakimlə dilləşməyə və oyundan qovulmağa meyllidir.

Həmçinin futbol mütəxəssisləri Balotellini bir futbolçu kimi təhlil edərkən, onun istedadını və oyun potensialını kifayət qədər tərəqqi etdirə bilmədiyi haqda yekdil qənaətə dayanırlar.

“Transfermarkt” internet-portalı 33 yaşlı Mario Balotellini 875 min avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
4
arena.az

5Mənbələr