AZ

“Brüssel görüşü Ermənistanın aqressiv siyasətini daha da gücləndirəcək” - MÖVQE BİLDİRİLDİ

“Əslində Brüssel görüşündə bizim gözlədiklərimizdən fərqli bir şey baş vermədi. Bu görüşün hansı xarakterdə olacağı barədə nələr nəzərdə tutulmuşdusa, demək olar ki təsdiqləndi. Brüssel görüşünün anti-Azərbaycan və regionda sülh danışıqlarına qarşı çevrilmiş mahiyyəti özünü bir daha göstərdi. Müzakirə olunan məsələlər, mətbuat konfransında səsləndirilən fikirlər bir daha sübut etdi ki, burada söhbət Ermənistanın daha da gücləndirilməsi, Azərbaycanla münasibətlərdə onu daha inadkar mövqeyə gətirməkdən ibarətdir. Hər nə qədər Qərb ölkələri, ABŞ, Avropa Birliyi öncədən bu görüşün siyasi xarakter daşımadığını və Azərbaycana qarşı çevrilmədiyini desələr də, bunlar özünü doğrultmadı”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib. Onun sözlərinə görə, görüşün siyasi xarakter daşıdığını sübut edən nüanslardan biri odur ki, Ermənistanın anti-Rusiya sanksiyalarına münasibətdə apardığı siyasət dəstəkləndi: “Ermənistanın iqtisadi, humanitar və demokratik cəhətdən daha da gücləndirilməsi üçün atıldığı deyilən addımlar ancaq bölgədə sülhə və təhlükəsizliyə qarşı yönəlmiş niyyətlər kimi özünü göstərir. Aydın məsələdir ki, Qərb ölkələri Brüsseldə apardıqları müzakirələrlə Cənubi Qafqazı, o cümlədən, Ermənistanı geosiyasi qarşıdurmaların əsas meydanına çevirmək niyyətini açıq şəkildə ortaya qoydular. Bu görüşdən sonra Ermənistanın bölgədə aqressiv ritorikası da sülhə qarşı addımlarının daha da güclənəcəyini göstərir. Çünki Qərb ölkələri Brüsseldə belə bir müzakirə aparmaqla hələ də sülhə yanaşmayan, Azərbaycanla sərhədləri delimitasiya etməyən, kəndlərimizi qaytarmayan Ermənistanı daha da aqressivləşdirir. Bu, Qərb ölkələrinin bizim bölgəyə daha tərəfsiz bir qüvvə kimi gəlmək siyasətinin iflasa uğraması yollarında yeni bir addım oldu”.A.Quliyev bildirib ki, Qərbin atdığı addımlar eyni zamanda, özlərinin bölgədəki gələcək mövqeyinə yönəlib: “Təsadüfi deyil ki, dünənki görüşdə Paşinyanın “sülh kəsişməsi” deyilən mifik layihəsi də dəstəklənib. Hansı ki bu layihə Ermənistan və onun Qərb havadarları tərəfindən Zəngəzur dəhlizinə qarşı çevrilib. “Sülh kəsişməsi”nin dəstəklənməsi ABŞ və Avropa Birliyinin Zəngəzur dəhlizinin açılmasına qarşı mövqe sərgilədiklərinin açıq-aşkar ifadəsidir. Bu o deməkdir ki, onlar bölgədə sülh üçün əsaslı rol oynamaq gücündə olan müharibədən sonrakı üçtərəfli razılaşmaların əhəmiyyətini heçə endirməyə çalışırlar. Bir sözlə, Brüssel görüşündə müzakirə olunan məsələlər Ermənistanın bölgədə apardığı aqressiv siyasətini daha da gücləndirəcək”.Ləman Sərraf

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
229
43
Mənbələr
Şərh ()
Bağla