AZ

İranda polis bölməsinə hücumun arxasında hansı qüvvə dayanır? (ŞƏRH)

"İranda polis bölməsinə edilən hücum Tehranın rəsmi ideologiyasının bədəlidir. Rejim özünün pozuculuq fəaliyyətinin bədəlini ödəyir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev İranın bir sıra şəhərlərində polis bölmələrinə edilən hücumları şərh edərkən deyib. 

Taleh Əliyevin sözlərinə görə, İran İslam Respublikasının dövlət ideologiyasında İslam dininin şiə ideologiyasının ixracı əsas yer tutur:



"İraq, Suriya, Yəmən, Livan və hətta Səudiyyə Ərəbistanında İranın öz ideologiyasını yaymaq yolunda müxtəlif tədbirləri həyata keçirilməsinin zaman-zaman şahidi oluruq. Yaxın Şərqdəki iranyönümlü proksi qüvvələr də məhz həmin ideologiyanın məhsulu olaraq ortalıqdadır. Bununla İran bir çox müsəlman ölkəsinin daxili işlərinə qarışmağa çalışıb. Belə bir vəziyyətdə İranda polis bölməsinə edilən hücum hadisəsi məhz İranın rəsmi ideologiyasının bədəlinin nəticəsidir. Molla rejimi zaman-zaman qonşu dövlətlərə qarşı həyata keçirməyə cəhd etdiyi pozuculuq fəaliyyətinin bədəlini ödəyir. Bunun nəticəsi şübhəsiz ki, özünün əks təsirini İranda göstərməli idi. İranda dövlət qurumlarına edilən hücumların başlıca səbəbi İran xalqının yoxsul həyat tərzi yaşamasının nəticəsidir. Belədə baş verən hadisə İran xalqının yaşadığı çətin duruma etirazıdır".

Ekspert qeyd edir ki, hadisənin arxasında dayananlar üçüncü ölkəyə xidmət edənlər deyil, İranın hazırkı hakimiyyətindən narazı olan daxildəki qüvvələrdir. 

Qeyd edək ki, aprelin 3-də İranın Çabəhar, Sərbaz və Rask şəhərlərində silahlılar polis bölməsinə hücum ediblər. Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb. Məlumatda qeyd olunur ki, silahlı şəxslər Çabəhar şəhərində 12 saylı polis bölməsi də daxil olmaqla iki hərbi qərargaha hücum edib. Silahlı hücumun İran hökumətinə müxalif "Ceyş-əl-Ədl" və "Ceyş-əzzülm" qruplaşmaları tərəfindən həyata keçirildiyi bildirilir. Sistan və Bəlucistan vilayətinin Çabahar və Rask şəhərlərində törədilən terror aktlarında 5 terrorçu zərərsizləşdirilib, 5 təhlükəsizlik qüvvəsinin əməkdaşı isə həlak olub. 

Rüfət Sultan

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
161
17
Mənbələr
Şərh ()
Bağla