AZ

Vətəndaş cəmiyyətinin bu günü: QHT-lərin fəaliyyəti hansı istiqamətləri əhatə edir?

Martın 18-də 2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri elan olunub. Daha öncə layihələrini yükləmək üçün elektron sistemdə qeydiyyata 779 QHT müraciət edib. Onlardan 42 QHT-nin təqdim etdiyi sənədlərdə texniki qüsurlar, çatışmazlıqlar olduğu, vaxtında əlavə və düzəlişlər edilmədiyi üçün qeydiyyata alınmayıb. 

Beləliklə, 2024-cü ilin kiçik, orta və böyük qrant müsabiqələri üçün layihə yükləmək hüququna 737 QHT malik olub. Yekun olaraq, 754 layihə təklifi qəbul olunub. 

Bölgüyə əsasən, kiçik qrant müsabiqəsinə 532, orta qrant müsabiqəsinə 147, böyük qrant müsabiqəsi üçün isə 74 layihə müraciəti olub. Elan olunan nəticələrə əsasən, qalib olan 413 layihə ilə bağlı, QHT-lərə qrant mükafatı təqdim olunub. 

Ümumilikdə son illər qeyri-hökumət təşkilatlarının fəaliyyətində xeyli inkişaf nəzərə çarpır. Sosial, siyasi və mədəniyyət istiqamətlərində müxtəlif layihələr və tədbirlərin təşkili, o cümlədən cəmiyyət üçün əhəmiyyətli məsələlərlə bağlı bir çox QHT-lərin görüyü işlər cəmiyyətdə rəğbətlə qarşılanır. 

Lakin digər tərəfdən hazırda aktual olan bir çox problemlərlə bağlı da qeyri-hökumət təşkilatlarının üzərində yetərincə məsuliyyət düşür. Mövzu ilə bağlı Yenisabah.az-a danışan “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri, “Diaspor” İnformasiya Mərkəzinin direktoru Toğrul Allahverdili bildirib ki, hazırda qeyri-hökumət təşkilatları ən böyük inkişaf dövrünü yaşayır:

“Azərbaycanda vətəndaş cəmiyyəti təəssüflər olsun ki, illərdir dövlətin pulunu havaya sovuran, lazımsız layihələrə, tədbirlərə pul xərclərəyən sahə kimi tanınıb. Amma sevindirici haldır ki, istər 44 günlük Vətən müharibəsi, istərsə də pandemiya dövründən sonra Azərbaycan vətəndaş cəmiyyətində yenilik və inkişaf dövrü başlayıb. 

Xüsusən keçmiş QHT şurasının QHT agentliyi ilə əvəz olunması, yeni strukturun yaradılması və yeni rəhbərliyin gətirilməsi vətəndaş cəmiyyətində bir silkələnmə yaratdı. İllərdir QHT-lər arasında eyni simaların qrant aldığını görürdük. 

Çox sevindirici haldır ki, artıq bu proses dayandı. Bu sahəyə yeni və şəffaf dönəm gəldi. Artıq işlər şəxslər üzərindən deyil, təşkilatlar üzərindən aparılmağa başlayıb. 

Mən də bir qeyri-hökumət təşkilatının rəhbəriyəm və biz demək olar ki, donor təşkilatlarla işləyirik. Sevindirici haldır ki, ölkəmizdə dövlətin yetərincə QHT-lərə dəstək verəcək donorlar təşkilatları var. Müxtəlif dövlət qurumları vətəndaş cəmiyyətinə qrant verən qurum kimi təmsil olunur”. 

Toğrul Allahverdili bəzi QHT-lərin fəaliyyətsiz olmasından gileylənib:

“Hazırda qeyri-hökumət təşkilatlarının ən böyük problemləri özləri ilə bağlıdır. Bu gün yetərincə ağız dolusu QHT rəhbəri olduğunu deyən şəxslərin çoxunun adını internetdə axtardıqda, demək olar ki, heç bir nəticə çıxmır. Azərbaycanda bəzi QHT rəhbərləri düşünür ki, onların fəaliyyət istiqamətləri qrantdan-qranta olmalıdır. Bu özlüyündə çox yanlış və absurd düşüncədir. 

QHT ilin 12 ayı, 365 günü hətta, 24 saatı fəaliyyət göstərməlidir. Amma ölkəmizdə fəaliyyət göstərən bəzi qeyri-hökumət təşkilatları sadəcə görüntü üçün tədbir və layihələr həyata keçirir. Bu gün Azərbaycanda beynəlxalq arenalara çıxan yetərincə qeyri-hökumət təşkilatları var. Hazırda QHT-lər özünün ən böyük inkişaf dövrünü yaşayır. Azərbaycan vətəndaş cəmiyyətinin bir müddət öncə Şuşa-Xankəndi-Laçın yolunda keçirdiyi ekoloji aksiya ölkə rəhbərliyi tərəfindən də yüksək səviyyədə qiymətləndirildi. Biz də bu aksiyanın tərkib hissəsi olduğumuz üçün hər zaman fəxr edirik. Ümumilikdə Azərbaycanda dövlət vətəndaş cəmiyyətinə yetərincə qiymət verir və bu mexanizmi inkişaf etdirir”.

“Uşaqların xoşbəxt gələcəyi ictimai birliyinin” təsisçisi Nazilə Məhərrəmova qeyri-hökumət təşkilatlarının ortaq amal kimi milli-mənəvi dəyərlərin qorunması və dövlətçilik prinsiplərini əsas götürməsini diqqətə çatdırıb.

“QHT-lərə Dövlət Dəstəyi Agentliyin vətəndaş cəmiyyətinin inkişafındakı rolu olduqca böyükdür. İctimai birlikləri yaradanlar fəaliyyətə başladıqları zaman mütləq şəkildə konkret olaraq bir istiqaməti seçirlər. Hazırda müxtəlif sosial, ictimai və mədəni sahələrdə fəaliyyət göstərən çoxsayılı QHT-lər var. 

Bir qeyri-hökumət təşkilatının təsisçisi kimi bildirmək istəyirəm ki, bizi QHT-lər olaraq mütləq şəkildə birləşdirən ümumi bir dəyər var. Bunlar milli-mənəvi dəyərlər və dövlət maraqlarımızdır. 

İstənilən halda həyata keçirdiyimiz hər işdə və layihədə milli-mənəvi dəyərlərimizi öndə tutmalıyıq və dövlət maraqlarını mütləq şəkildə nəzərə almalıyıq. Hər birimizin fəaliyyət istiqamətləri fərqli olsa da, bu bizim birləşdirən ümumi prinsip və dəyərdir”. 

"Vəfa sosial problemlərin həllinə dəstək ictimai birliyi" nin rəhbəri Fatimə Hacıbəyli QHT-lərin bir çox mövzuda dövlət və cəmiyyət vasitə rolunu oynadığını qeyd edib.

“Dövlət mütəmadi olaraq, cəmiyyətdə insanlar üçün aktual olan bir sıra problemlərin həllində çalışır. Biz də bir vətəndaş cəmiyyəti olaraq dövlətimizin gördüyü tədbirlərə dəstək kimi bu işlərlə məşğul oluruq. Çox adam QHT-lərin xeyrliyyəçi olduğunu düşünür, ancaq bu düşüncə yanlışdır. 

QHT-lər maarifləndirici funksiya daşıyır. Bildiyiniz kimi, biz dünənə qədər şura olaraq fəaliyyət göstərirdik, bu gün isə agentliyik. Agentlik olduqdan sonra qeyri-hökumət təşkilatlarının işləmə prinsipi də olduqca rahatlaşıb. Biz artıq getdiyimiz yerlərdə tədbirlərimizin keçirilməsi ilə bağlı icazələri rahatlıqla alırıq. QHT-nin gördüyü işin nəticəsi varsa, deməli, bu uğurlu layihədir. Əks halda mən bunu uğursuz layihə hesab edirəm. Əgər mən bu gün erkən nigahla bağlı hansısa rayona gedirəmsə və həmin yerdə özünü göstərən 100 faizlik erkən nigah nisbəti 90 faizə düşübsə, yəni 10 faiz fərq edibsə, artıq bu uğurdur. Bu gün QHT-lər bu cür işlərlə bağlı dövlət və cəmiyyət arasında sanki rol oynayır”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Seçilən
47
1
Mənbələr
Şərh ()
Bağla