AZ

Türkiyədə bələdiyyə seçkiləri - Xaqani Cəfərli yazır

Xaqani CƏFƏRLİ


Martın 31-də Türkiyədə keçirilən bələdiyyə seçkilərinin nəticələri bütün dünyada geniş müzakirə edilməkdədir. Bunun ilk səbəbi seçkilərin nəticələrinin bir çox proqnozları alt-üst etməsidir.

Hakim Ədalət və İnkişaf Partiyası (AKP) yarandığı 2001-ci ildən son bələdiyyə seçkilərinə qədərki dövrdə iştirak etdiyi bütün seçkilərdə ən çox seçici dəstəyi qazanması ilə tanınırdı. Quruluşundan təxminən 15 ay sonra 2002-ci ildə parlament seçkilərində parlaq qələbədən üzü bəri AKP bütün seçkilərdən birinci partiya olaraq çıxmışdı. Ən son olaraq ötən ilin mayında AKP-nin liderliyi ilə qurulmuş 6 partiyanın ittifaqı parlament seçkilərinin qalibi olduğu kimi, hakim partiyanın namizədi Rəcəb Tayyib Ərdoğan prezident seçkisində qalib gəlmişdi. Son parlament və prezident seçkilərindən cəmi 10 ay sonra iqtidar partiyasının üstünlüyü əldən verəcəyini proqnozlaşdırmaq çətin idi. Hətta hakim partiyanın İstanbul Böyük Şəhər Bələdiyəsinin sədrliyini müxalifətdən geri alacağı, Ankara və İzmirdə müxalifətə ciddi rəqib olacağı gözləntiləri vardı. Bu baxımından 31 mart bələdiyyə seçkilərinin nəticələri əksər təhlilçilər üçün sürpriz oldu.

Müxalifətin namizədləri İstanbul, Ankara və İzmirdə qalib gəldiyi kimi, müxalifətçi Cümhuriyyət Xalq Partiyası (CHP) 47 illik fasilədən sonra seçkilərin qalibi oldu. CHP-nin hakim partiyadan bir milyondan artıq səs qazanacağını bir neçə həftə öncə proqnozlaşdırmaq mümkün deyildi.  

Türkiyənin 9-cu prezidenti, böyük dövlət və siyasət adamı Süleyman Dəmirəlin çox məşhur, siyasi ədəbiyyatda tez-tez işlədilən bir ifadəsi var: "Boş qazanın hakimiyyətdən sala bilməyəcəyi iqtidar yoxdur". Türkiyə isə ağır sosial-iqtisadi böhran keçirir. Türkiyənin milli valyutası lirə sürətlə dəyər itirir. Bu isə gəlirləri seçicilərin müxalifətə meyllənməsinə səbəb olurdu. Bununla belə, yenə də müxalifətin uğurunun bu miqyasda olacağını proqnozlaşdırmaq çətin idi. Buna görə də Almaniya mətbuatında son seçkilər iqtidarin ən acı məğlubiyyəti kimi dəyərləndirilib. Nüfuzlu "Reuters" agentliyi seçkilərin nəticələrini müxalifətin dirilməsi kimi şərh edib. İngiltərənin BBC telekanalı 31 mart seçkilərini "Müxalifət tarixi qələbə ilə Ərdoğanı heyrətə gətirdi" başlığı ilə təqdim edib. Avstraliyanın SKY NEWS kanalı İstanbul Böyük Şəhər Bələdiyyəsi başqanı Əkrəm İmamoğlunun zəfər nitqini söylədiyi Saraçhanə mitinqini canlı yayımlayıb. "Associated Press" agentliyi də Əkrəm İmamoğlunun mitinqdəki çıxışına geniş yer ayırıb.

Dünya mediasının 31 mart seçkilərinin nəticələri ilə bağlı xəbər və şərhlərində diqqətçəkən məqamlardan biri də siyasi islamçı mühafizəkarların məğlub olduğu, dünyəvi dövlət tərəfdarlarının qalib gəldiyinin vurğulanmasıdır. Siyasi təhlilçilər hesab edir ki, bu məqam Türkiyənin xeyrinə işləyə və ölkəyə səramayə axınına səbəb ola bilər. Bunu Türkiyənin CDS-nin (credit default swap - kredit defolt dəyişdirmə) aşağı düşməsi də təsdiq edir. CDS-in aşağı düşməsi Türkiyənin daha ucuz kredit əldə etməsinə imkan yaratdığı üçün seçkilərin nəticələrinin ölkə üçün ümumilikdə xeyirli olduğunu göstərir. Bunun səbəbi isə odur ki, seçkilərin nəticələri Türkiyənin demokratik və dünyəvi dövlət imicini gücləndirib.

Mərhum Süleyman Dəmrəlin siyasi ədəbiyyata düşmüş fikirlərindən biri isə belədir ki, ölkənin ən böyük problemi inflyasiyadır. Çünki inflyasiya gəlir bərabərsizliyini artıran, insanların "cibindən pul oğurlayan" və bütün iqtisadi tarazlıqları sarsıdan ən böyük problemdir. Seçkidən sonra tərəfdarları qarşısında çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, qarşıda seçkisiz dörd il var. Ona görə hökumət daha sərbəst fəaliyyət göstərə və inflyasiya ilə daha qətiyyətli mübarizə apara bilər. Əksər təhlilçilər də hesab edirlər ki, qarşıdakı dörd ildə seçkinin olmaması dövlətin xərclərini azaltmağa imkan verə bilər. Bu isə inflyasiyanın cilovlanması üçün faydalı olar.

Ancaq hökumətin sərt iqtisadi siyasət həyata keçirməsi asan olmayacaq. Xüsusilə, iqtidarın siyasi və mənəvi legitimliyinə zərbə vuran 31 mart sçkilərindən sonra sərt iqtisadi siyasət həyata keçirmək çox çətin olacaq. Ekspertlər hesab edirlər ki, Prezident Rəcəb Tayyib Ərdoğanın yeni Konstitusiya ideyası məhz bu amili aradan qaldırmağı hədəfləyir. Belə fikirlər var ki, yeni Konstitusiyanın qəbulu ilə Türkiyə yenidən parlamentli respublika idarəçiliyinə və yaxud qarışıq sistemə keçə bilər. Bu idarəçilik formalarının hökumətin siyasi və mənəvi legitimliyini artıracağı güman olunur. Bütün bunlar ehtimallar olsa da, 31 mart bələdiyyə seçkilərinin Türkiyədə yeni mərhələnin başlanmasına səbəb olduğu artıq bir gerçəklikdir. Bu gerçəkliyin müsbət tərəfləri olmaqla yanaşı, mənfi tərəfləri də var. Rəsmi Ankaranın qarşısında duran vəzifə yeni siyasi reallıqların müsbət tərəflərindən faydalanmaq, mənfi tərəflərinin təsirlərini aradan qaldırmaqdır. Prezident Rəcəb Tayyib Ərdoğanın seçkilərdən sonra ilk çıxışında səsləndirdiyi fikirlər rəsmi Ankaranın belə davranacağına ümid yaradır. Müxalifətin hökumətdə təmsil olunması və ya koalisiyon hökumət də artıq müzakirələrin mövzusudur.  Bu proseslər Türkiyənin xarici siyasətinə də təsirsiz ötüşməyəcək. Prezident Rəcəb Tayyib Ərdoğanın Vaşinqtona rəsmi səfəri Ankaranın xarici siyasətində dəyişikliklərin startı ola bilər. Çox böyük ehtimalla, bundan sonra Türkiyənin xarici siyasətində ABŞ və Avropa İttifaqı ilə münasibətlərində yaxınlaşma kursu 15 illik fasilədən sonra yenidən aparıcı xəttə çevriləcək. 























Bizi Facebookda izləyin

Seçilən
154
50
Mənbələr
Şərh ()
Bağla