AZ

“Oğlumun məzarı harda, mən də orda”- şəhid anası Biləsuvarın Əsgərabad kəndinə köçüb...

Zəminə Abbasova: “Oğlumun məzarını qoyub getmədim, indi Əsgərabadda yaşayıram”Gedəndə “gözlə yolumu ana, mütləq qayıdacağam” deyib anasına ürək-dirək vermişdi, onu ümidləndirmişdi. Əslində, özü də bilirdi ki, getdiyi yolun dönüşü olmaya da, qazi kimi yox, müqəddəs bayrağımızla süslənən şəhid tabutunda anasının yanına qayıda bilər. Amma yenə də ananın ümidini qırmaq istəmirdi. Anasının ondan başqa ümid yeri yox idi axı...Biləsuvar rayonunun Əsgərabad kəndində bir ana var, hər gün oğlunun yolunu gözləyir, deyir ki, hər taqqıltıya, hər səsə ümidlə baxır. Oğlunun şəhid olduğunu bilə-bilə ana hər gün yol gözləyir. Bu ana Vətən müharibəsi şəhidi Turan Sulduz oğlu Əliyevin anası Zəminə Abbasovadır. Turan onun yeganə oğul övladı olub. Zəminə ana ilə martın 15-də Biləsuvar rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının hazırladığı  “Xatirə kitabı: 44 gün – Tarixi Zəfər” adlı kitabın I və II cildlərinin təqdimat mərasimində tanış olduq.Ana kədərdən, dərddən don biçilmiş taleyindən şikayət etməsə də, nakam oğlunun həsrətindən qovrulur.“İki övladım vardı, bir qızım, bir oğlum. Turan şəhid olandan sonra bir qızım qaldı və nəvələrim var. Müharibə başlayanda biz Sumqayıtda yaşayırdıq, Turan orada işləyirdi, mən də onun yanında qalırdım. Amma Turan şəhid olandan sonra orada qala bilmədim, kəndə qayıtdım. Oğlum harada dəfn olunubsa mənim də yerim oradadır. Şəhərə qayıda bilmədim, nə ürəyim getdi, nə də ayağım. Oğlumun məzarını qoyub getmədim, indi Əsgərabadda yaşayıram. Həmişə Turanla fəxr edirdim, indi də fəxr edirəm. O mənim yeganə ümidim, dayağım idi. Bəzən Turanın şəhid olduğuna heç inanmıram, elə bilirəm ki, qayıdacaq, ona görə də hər gün yolunu gözləyirəm. Mənim balam dürüst oğlan idi...”“Turanın şəhid olduğuna heç inanmıram, elə bilirəm ki, qayıdacaq, ona görə də hər gün yolunu gözləyirəm”Zəminə ana bildirdi ki, şəhid anası olmaq qürurdur, amma ağrı-acısı, kədəri-dərdi də böyükdür, həsrətə dözə bilmir. Oğluna qız seçib, gəlin gətirəsiydi, amma bu ona qismət olmadı, əvəzində üstünə oğlunun tabutu gəldi. Arzuları yarıda qırılan bütün şəhid anaları kimi Zəminə ana da dərdi ilə baş-başa yaşayır. Oğlunun adını anan, xatirəsini əziz tutan hər bir insan ananın gözlərinə işıq, ürəyinə təpər verir. Deyir ki, qızım, nə qədər ömrüm var Turanı yaşadacağam, (əli ilə ürəyini göstərir) onun yeri burdadır. Zəminə ana bildirir ki, Əsgərabadda oğlunun adına bulaq tikilib və insanlar o bulağın suyundan içib oğluna rəhmət oxuyurlar.“Turan 1996-cı il iyulun 7-də Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olub. Kənddəki tam orta məktəbi bitirdikdən sonra, 2016-2018-ci illərdə N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib. 2018-ci ilin fevral ayından MAHHXHQ kimi kiçik çavuş rütbəsində xidmətini davam etdirib. Müdafiə Nazirliyinin Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi tərəfindən təşkil olunmuş atıcılıq kurslarında fərqləndiyinə görə Turan dəfələrlə mükafatlandırılıb.Vətən müharibəsi başlayanda dəqiq zərbələri ilə fərqlənən Turana baş atıcı kimi xüsusi tapşırıqlar verilib. Oğlum dəqiq və kəskin nişançı idi”-deyə bildirən Z.Abbasova qeyd etdi ki, Azərbaycan Ordusunun kiçik çavuşu olan Turan Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. “Turan oktyabrın 26-də Füzuli döyüşləri zamanı şəhadətə yüksəlib,  27 oktyabr 2020-ci il tarixində Əsgərabadda dəfn olunub”.Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Turan Əliyev ölümündən sonra "Vətən uğrunda", Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Turan Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə", Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Turan Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.Ana dedi ki, oğlu haqqında yazlan hər yazı onun üçün əzizdir. “Xatirə Kitabı Redaksiyanın baş redaktoru Nəzakət xanıma minnətdarlıq edirəm, zəhmət çəkənlərin hamısı sağ olsunlar. Hər kəsdən razıyam...Oğlumu yada salan, unudulmağa qoymayan hər kəs sağ olsun”-deyən ana bildirdi ki, Turan bir qəhrəman kimi şəhid olub. Bu da ona təsəllidir. Deyir ki, oğlunun özü qayıtmasa da, özündən sonra təmiz ad-san qoydu.Oğlunun başdaşını qucaqlayan ana, o vətənpərvər oğulu sən böyüdüb Vətənə bəxş etmisən, sən öz məhəbbətinlə ona Vətəni sevməyi, lazım gələndə onun uğrunda ölməyi, şəhid olmağı öyrətmisən, onun vətənpərvərlik ruhu  sənin halal südündən qaynaqlanıb.Ağlama, şəhid anası, sən bir qəhrəman oğulun anasısan! Sən ucalardan ucasan, sən də bir qəhrəmansan!İradə SARIYEVABiləsuvar-Bakı

Seçilən
172
14
Mənbələr
Şərh ()
Bağla