AZ

"Ağlaya-ağlaya təqaüdə gedənlər var"

Deputat pensiya yaşı məsələsində bölgüyə gedilməli olduğunu diqqətə çatdırıb  Milli Məclisin dünənki iclasında pensiya yaşının azaldılması da müzakirə olunub. Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, dünyada pensiya yaşının azaldılması deyil, artırılması müzakirə edilir: "Pensiya yaşının azaldılması ilə bağlı geniş müzakirə aparılır. Dünyanın heç bir ölkəsində pensiya yaşının azaldılmasına qanunvericilik səviyyəsində baxılmır. Əksinə, pensiya yaşının yüksəldilməsi müzakirə edilir. Çünki uzun ömür artır. Hazırda Azərbaycanda 1 milyon 100 min pensiyaçı var. 6 ildən sonra pensiyaçıların sayı 1 milyon 300 min nəfərə çatacaq. 2040-cı ildə 1 milyon 600 min nəfər olacaq. Yəni insan ömrünün uzanması ilə bağlı məsələlər gedir. Biz muzdlu qaydada çalışan insanların sayını artırmalıyıq. 5 milyon 300 min iqtisadi fəal əhali var, yalnız 1 milyon 700 min nəfəri muzdlu qaydada əmək müqaviləsi bağlayıb, əməklə məşğuldur”.
  Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, Azərbaycanda son 20 ildə 700-dən çox tibb müəssisəsi tikilərək istifadəyə verilib. Azərbaycanda tibbin səviyyəsi heç də aşağı deyil. O bildirib ki, heç bir ölkədə insanları ildə 2 dəfə pulsuz müayinədən keçirmək məsələsi yoxdur: “Amma bu, Azərbaycanda həyata keçirilir. Prezident müraciət edir ki, insanlar ildə 2 dəfə müayinədən keçsin”. Deputat pensiya yaşı məsələsində bölgüyə gedilməli olduğunu diqqətə çatdırıb: “65 yaşında heç bir müəllim təqaüdə getmək istəmir. O cümlədən səhiyyə sahəsində çalışanlar bununla razılaşmır. Xahiş edirlər ki, müddət uzadılsın. Neft şirkətində isə 65 yaşında təqaüdə göndərilən ağlaya-ağlaya gedir. Nazirlər Kabinetinin müəyyənləşdirdiyi 300-dən artıq sahəsi var ki, o sahələrdə çalışanlar erkən pensiyaya çıxa bilərlər. AMEA-da, dövlət qulluğunda çalışanlar 65 yaşda təqaüdə getmək istəmir. 65 yaşında kişi gedib bina tikə bilməz, daş qaldıra bilməz. Amma 65 yaşında kişi auditoriyaya girib mühazirə oxuya bilər”.
  Deputat Sabir Rüstəmxanlı isə həmkarının fikri ilə razılaşmayıb: "Təqaüdə çıxmaq insanı işdən məhrum etmək deyil. Sadəcə, insanlar istəyir daha tez təqaüdə çıxsınlar, imkanları olsa, yenə də işləsinlər".

Seçilən
51
7
Mənbələr
Şərh ()
Bağla