AZ

ABŞ terrorla bağlı Rusiyaya xəbərdarlıq etməyib? - Millerdən Rusiya səfirinə cavab

Ağ Ev Rusiyanın Moskvada baş vermiş irimiqyaslı terror aktını Ukrayna ilə əlaqələndirmək cəhdlərini Kremlin təbliğatı adlandırıb.

Qaynarinfo xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi jurnalistlərlə söhbətində Kremlin bəyanatlarını rədd edib. "Terrorun Ukrayna ilə heç bir əlaqəsi yoxdur. Bu, sadəcə Kremlin növbəti təbliğatıdır", deyə "Sky News" onun sözlərindən sitat gətirir.

Bu arada Dövlət Departamentinin sözçüsü Metyu Miller Rusiya səfiri Anatoli Antonovun ABŞ-ın Moskvanı terror təhlükəsi ilə bağlı xəbərdar etməməsi ilə bağlı bəyanatına cavab verib.

"Biz terror hücumları və ya potensial terror aktları ilə bağlı kəşfiyyat məlumatı toplayanda və ya görəndə xəbərdar etmək vəzifəmizə uyğun olaraq onlara bu özəl xəbəri verdik. Buna görə də martın 7-də təhlükəsizlik xəbərdarlığı verdik və o zaman biz yenə də ABŞ vətəndaşlarına bildirdik ki, bizdə Moskvada planlaşdırılan, potensial olaraq böyük toplantıları, o cümlədən konsertləri hədəfə alan terror aktı barədə məlumat var...” - CNN telekanalı Millerin sözlərindən sitat gətirib.

Xatırladaq ki, martın 7-də ABŞ səfirliyi Moskvada 48 saat ərzində mümkün terror aktları ilə bağlı xəbərdarlıq etmişdi. Böyük toplantılara, xüsusən də konsertlərə mümkün hücumlar barədə məlumat verilib.

ABŞ-ın ardınca Böyük Britaniya, Kanada, Hollandiya, Cənubi Koreya və Latviya öz vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb.

Putin Qərbin xəbərdarlığını "təxribat və şantaj” adlandırıb. Lakin artıq martın 22-də naməlum şəxslər insanlara atəş açıb və Moskva yaxınlığındakı Crocus City Hall binasını yandırıblar. Hücuma görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

139 nəfər həlak olub, ən azı 182 nəfər yaralanıb. İndi Rusiya hakimiyyəti və təbliğatı fəal şəkildə hücumu Ukrayna ilə əlaqələndirməyə çalışır.

Alpər
Seçilən
173
50
Mənbələr
Şərh ()
Bağla