Azad olunmuş ərazilərə köçürüləcək keçmiş köçkünlərin sayı AÇIQLANDIİşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində bu günədək neçə yaşayış məntəqəsinə köç olduğu və 2024-cü ilin sonunadək nə qədər əhali köçürüləcəyi açıqlanıb.Adalet.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planında komitə 5 bənd üzrə əsas, 12 bənd üzrə digər icraçı qurum kimi müəyyən edilib.Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa Dair I Dövlət Proqramına əsasən tərtib edilmiş planlar üzrə bərpa-tikinti qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə ailələrin köçürülməsi həyata keçirilir. Bu günədək 5 yaşayış məntəqəsi – Zəngilan rayonunun Ağalı kəndi, Tərtər rayonunun Talış kəndi, Laçın şəhəri və rayonun Zabux kəndi, Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin köçürülməsi icra edilib.Bu ilin sonunadək ən azı 20 yaşayış məntəqəsi olmaqla, 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünün qayıdışının həyata keçirilməsi planlaşdırılıb. Hazırda yüzdən çox şəhər və kəndin baş planı təsdiqlənib və bir çox şəhər və kənddə inşaat işləri aparılır.