AZ

Əgər 6 yaşa qədər uşaqda nitq inkişaf etməyibsə... -EKSPERTDƏN AÇIQLAMA/ÖZƏL

Nitqdən öncə uşağın psixi və motor inkişafı çox önəmlidir. Yəni, əgər uşaq 1 yaşında artıq öz addımlarını atırsa, deyilən hər bir komandanı anlayırsa (məsələ al, ver, otur, dur, əlini ver, əl çal, beş ver, mən anlayışı, suyu götür iç, ailə üzvlərini, istədiklərini göstərici barmaqla göstərib fikrini ifadə edirsə, qapı döyüləndə reaksiya verib barmağı ilə işarə edir və s.) bu o deməkdir ki qorxmaya bilərsiniz. İlk hecaları “ba-ba”,”ma-ma” və s. varsa, demək tədricən ünsiyyət bol olduqca uşaqla, nitq gələcək. Uşağa hər bir hərəkəti, sizin və ya onun, sözə və ya söz birləşməsinə çevirmək mütləqdir. O, sizə cavab verməyə bilər amma mütləq dinləyib qavrayacaqdır. Əgər, uşağın nitqində söz çox deyilsə amma anlama qavrama yerindədirsa, onunla çoxlu danışmaq lazımdır, nağıllar oxumaq, suallar vermək (cavab verməsə belə), beləliklə uşaq danışmağa başlayacaqdır.

Bu fikirləri “İki sahil”ə eksklüziv açıqlamasında psixoloq İlhamə Musaqızı bildirdi.

Televizora çox baxan, telefonlardan çox istifadə edən uşaqların da nitqi...

Psixoloqun sözlərinə görə, uşaqlarda nitq qüsurlarının səbəbləri həm patoloji, həm də digər faktorlar ola bilər. Məsələn, uşaqda psixi inkişaf ləngiməsi və ya digər problemlər doğuşdan yarana bilər. Və ya dislaliya, kəkələmə varsa bunlar psixoloji vəziyyətlə də bağlı ola bilər. Hər bir halda ümumi analiz və müayinə burada böyük rol oynayır. Sonradan yaranan problemlər, məsələn inkişaf ləngimələrini uşağın diqqətdən, ünsiyyətdən kənar qalması ilə əlaqələndirmək olar. Televizora çox baxan, telefonlardan çox istifadə edən uşaqların da nitqi gecikə bilər (istisnalar var). Hər bir valideyin, övladının inkişafına fikir verməklə yanaşı, xəstələnəndə belə ona hansı dərmanları verdiyinə diqqət edib araşdırmalıdır.

Nitqin ümumi inkişafı 6 yaşa qədərdir

Həmsöhbətimiz vurğuladı ki, nitqin ümumi inkişafı 6 yaşa qədərdir. Buna görə də o yaşa qədər inkişafdakı qüsurları aradan qaldırmaq mütləqdir ki, qalıq qalmasın və uşağın həyatında bu problem mənfi xarakter daşımasın. Buna görə də valideynlər çox diqqətli olmalı və  problemin üstünə tez düşməlidirlər. Valideynlər uşaqları ilə bol-bol oynamalı, havaya çıxarmalı, ünsiyyət qurmalı, nağıllar oxumalı, onlarda təqlidi inkişafı yüksəltməlidirlər. Uşaqların nitqindəki ən kiçik irəliləyişdə belə bol rəğbətlənmələri onların  nitq inkişafına çox müsbət təsir edəcək.

Psixoloqun sözlərinə görə, nitq inkişafından geri qalan uşaqlar cəmiyyətdə öz yerlərini tapa bilmirlər, özünə qapalı və ünsiyyətsiz olurlar, onların dostları olmur, fikirlərini ifadə edə bilmirlər, bu da öz yerində onlarda aqressiya yaradır. Özünü şəxsiyyət kimi görmür və özgüvənsiz olurlar. Bu da uşaqların gələcək həyatında çox mənfi təsir göstərir.

Yaqut Ağaşahqızı, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
186
27
ikisahil.az

10Mənbələr