AZ

Abşeron sakinləri YOLLARDA QALIB: Gecikmə ilə hərəkət edən avtobus narazılığa SƏBƏB OLUR – FOTOLAR

Metronun “Koroğlu” stansiyasından Abşeron rayonunun Məhəmmədli kəndi – “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu istiqamətində hərəkət edən 217 nömrəli marşrut avtobusu sərnişinlərə nümunəvi xidmət göstərmir. Bununla bağlı Medianews.az-a daxil olan vətəndaş müraciətində qeyd olunub ki, avtobuslar arası interval bir saata qədər, bəzən isə daha çox olur. Avtobusun vaxtlı-vaxtında gəlməməsi marşrutu gözləyən, bu ictimai nəqliyyat vasitəsindən istifadə sakinlərin sıxlığına səbəb olur. Əksəriyyət hallarda isə istismar müddəti başa çatmış bu avtobuslar nasazlıq səbəbindən ya yarı yolda dayanır, sərnişinlər düşürülür, ya da texniki problemlərə görə ümumiyyətlə xəttə çıxmır.

Bir sözlə, 217 saylı marşrut avtobusu evə, işə, təhsil müəssisələrinə gedib-gələn sərnişinlərə vaxtlı-vaxtında xidmət göstərmir, Abşeron sakinləri yollarda qalır. Şikayətçi vətəndaşlar media vasitəsilə problemlərini ictimailəşdirməyi, aidiyyəti qurumların diqqətini bu məsələyə cəlb etməyi xahiş ediblər. Bunu nəzərə alaraq, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.

AYNA-nın mətbuat katibi Tural Orucov Medianews.az-a açıqlamasında vəziyyətdən məlumatlı olduqlarını dilə gətirdi. Bildirdi ki, marşrut sahibinə AYNA tərəfindən ciddi xəbərdarlıq edilib: “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini Məhəmmədli kəndi -“Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ilə əlaqələndirən 217 nömrəli marşrutun fəaliyyəti ilə bağlı daşıyıcıya xəbərdarlıq edilib. Nizamlı fəaliyyət təmin edilməyəcəyi təqdirdə, marşrutun müsabiqəyə təqdim olunmasına baxıla bilər”.

Mövzu ilə bağlı Medianews.az-a danışan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev isə söylədi ki, avtoparkın 50 faizini istismar müddəti başa çatmış avtobuslar təşkil edir. Onun sözlərinə görə, ilk növbədə bu nəqliyyat vasitələri yenilənməli, texniki nasazlıq səbəbindən sərnişindaşımaya onların mənfi təsiri aradan qaldırılmalıdır: “Düzdür, şəhərətrafı kənd-qəsəbələrə fərqli daşıyıcıların marşrut avtobusları müvafiq qaydada xidmət göstərirlər. Onlar tərəfindən yeni avtobuslar da xəttə buraxılıb. Amma düşünürəm ki, bu, hələ azdır. Yaxşı olardı ki, yeni avtobuslar, elektrobuslar gələndə onların bir hissəsi şəhərətrafı kənd-qəsəbələrə ayrılsın. Bu, mobilliyə birbaşa müsbət təsir edər. İctimai nəqliyyat növü olaraq küçə-yol şəbəkəmizdə avtobusun üstünlüyünü təmin edən ayrıca zolaqlar salınıb, şəbəkələşmə işi aparılır. Avtobusların bu zolaqla maneəsiz hərəkətini təmin etmək üçün qanunvericilikdə müvafiq dəyişikliklər edilib, avtobus zolağına daxil olmağa görə cərimələr artırılıb. Düşünürəm ki, bu sahəyə sərt nəzarət davamlı hal almalıdır. Bununla yanaşı, daşıyıcıların maliyyə dayanıqlığını təmin edən xüsusi müqavilələrə də keçid etməliyik. Bu müqavilə əsasında daşıyıcıya hər kilometrə görə subsidiya verilməlidir. Bu, daşıyıcıların daha keyfiyyətli xidmət göstərməsinə gətirib çıxaracaq. Həmçinin bu sahəyə kreditin cəlb olunması da müsbət effekt verər. Çünki, hazırda sərnişin kimi bizim ödədiyimiz gediş haqqı həmin daşıyıcıların xərclərini qarşılamaq iqtidarında deyil”.

Ekspert qeyd edib ki, xüsusi müqavilələrə keçid ilə bu sahə digər biznes subyektləri, bank sahəsi üçün də cazibəli olacaq: “Bu, birbaşa stimul yaradacaq, avtobusla daşımanın keyfiyyəti artacaq, daha intensiv hərəkət təmin olunacaq, avtopark yenilənəcək və genişlənəcək. Lakin bu da bir reallıqdır ki, hazırda avtobus seqmenti çox yüklənib. Düşünürəm ki, bu yükün parçalanması üçün də indidən iş görülməlidir. Bu da relsli nəqliyyata sərmayənin artırılması ilə müşayiət olunmalıdır. Əgər belə olarsa, şəhər ətrafından əsas yükü şəhərlərarası elektrik qatarı şəbəkəsi götürəcək. Bunun üçün isə müvafiq olaraq stansiyaların, qatarların sayı artırılmalı, şəhərin daxilində metro şəbəkəsi genişləndirilməlidir”.

Nailə QASIMOVA

Seçilən
0
19
medianews.az

10Mənbələr