Kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olan bir neçə vəzifəli şəxs məsuliyyətə cəlb edilib.
Bu barədə Baş Prokurorluqdan "EDnews"-a məlumat verilib.
Bildirilir ki, 147 milyon manat pul ölkəyə qaytarılmayıb. Xarici iqtisadi fəaliyyətlə məşğul olan bəzi sahibkarlıq subyektləri tərəfindən müvafiq valyutada olan pul vəsaitlərinin Azərbaycan Respublikasına qaytarılmamasına dair Dövlət Gömrük Komitəsindən daxil olmuş materiallar əsasında Azərbaycan Respublikasının prokurorluq orqanlarında cinayət işləri başlanıb və ibtidai istintaq aparılır.
İstintaq tədbirləri nəticəsində Azərbaycan Respublikasında qeydə alınan hüquqi şəxslərlə xarici ölkələrdəki şirkətlər arasında kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müxtəlif vaxtlarda müqavilələrin bağlanmasına baxmayaraq həmin fəaliyyət nəticəsində əldə olunan külli miqdarda gəlirlərin ölkəmizdə müvəkkil edilmiş bank hesablarına qaytarılmamasına dair əsaslı şübhələr müəyyən edildiyindən bir sıra vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Belə ki, Bakı şəhəri, Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə başlanmış cinayət işi üzrə “Local Garden” və “Organik Lojistik” MMC-lər tərəfindən tərəfindən ümumilikdə 59,9 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 101,9 milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən iş üzrə Xələfov Ramil Rafiq oğlu təqsirləndirilən şəxs qismində cəlb olunub. Qeyd olunan maddələrlə ona ittiham elan edilib və barəsində müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.